Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Ayın şeirləri rubrikamızda bu dəfə Azərbaycan Universitetində keçirilən "Poeziyada sən" adlı respublika müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Mustafa Məhərrəmovun qəzəli yer alır. Klassik forma və müasir hisslər aləminin ustalıqla həll olunduğu bu əsərin sizin də könlünüzə toxunacağına ümidvarıq.
Gənc şairin qəlbindən süzülüb gələn bu sətirlərin sizin də qəlbinizə yol tapmasını diləyirik.
Ey gözəl çeşmindən ilham aldığım, könlüm, canım,
Ey mənim könlündə məskən saldığım tək ünvanım.
Hər fikir şair gəzər, ilham arar, nəqqaş dilər,
Nəqş edim fikrinlə hər dəm söz yazım, var imkanım.
Ovçuyam tuş eyləyib, atəş açıb, ov ovlaram,
Tuş gələn qurban olur, qəlbin olub ov, qurbanım.
Könlü dağlardır tutan, dağlar da ünvan etmisən,
Qövr edib gəl xoş yaşa, könlümdə, yekta reyhanım.
Sözlərim bariz silahdır, düşmənim candan bezər,
Varlığım tək sözlərimdir, sözlərim tək üsyanım.
Nitqi üsyan eyləyib, hər dərdi aşkar eylədim,
Dərdlərim düşmənlə dostdur, qətl edər söz fərmanım.
Qətl olan cisminlə gəldin Mustəfa, söz söylə get,
Haqq sevilmir, et bəyan ki, söz olar tək nöqsanım.
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)


