“Maraqlı söhbətlər”də Polad Bülbüloğlunun açıqlaması Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Şuşadan oğurlanan abidələr Gürcüstan vasitəsilə gizli yolla qaytarılıbmış...

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq nazir və səfir Polad Bülbüloğlu ilk dəfə işğal dövründə Şuşadan oğurlanmış və güllələnmiş abidələrin ölkəyə necə qaytarıldığını açıqlayıb.

O, Gürcüstandan daxil olan təsadüfi məlumatdan sonra abidələrin qaytarılması üçün “səssiz əməliyyat” həyata keçirildiyini bildirib.

“Tam təsadüfən Gürcüstandan mənə xəbər gəldi ki, Ermənistandan Bülbülün abidəsini satırlar. Mən atamın abidələri haradadır, hamısını bilirəm. Tez ürəyimdən keçdi ki, yalnız Şuşadan çıxan abidə olar.

Bakıda oğlan var idi, atası gürcü, anası azərbaycanlı. Çağırdım onu, dedim ki, gürcü dili yadındadır? Dedi hə. Soruşdum ki, sərbəst danışa bilirsən? Dedi təbii ki. Dedim gedəcəksən Tiflisə, o adamı tapacaqsan. O adam sənə göstərəcək abidə haradadır-nədir.

Oğlan Tiflisdən zəng elədi ki, Polad müəllim, orda ancaq Bülbül yox, Üzeyirin də abidəsi var, Natəvanın da abidəsi var.

Soruşdum ki şəkillərin çəkmisən. Dedi hə. Dedim tez gəl. Oğlan səhərisi çatdırdı özünü Bakıya”.

Polad Bülbüloğlu şəkilləri çap edib Heydər Əliyevin qəbuluna gedib:“Şəkilləri göstərəndə dərhal dedi ki, nə olur olsun, biz bu abidələri qaytarmalıyıq. Nə olur olsun. Dedi ki, bunun səs-küyü çıxmasın. Əgər ermənilər bilsələr ki, bunu biz eləyirik, təbii ki, bunlar verməzdilər.

Hardasa dörd aya yaxın bir əməliyyat keçirdik. Gürcüstanda bir firma yaratdıq. Nail olduq və bu abidələri Azərbaycana gətirdik.

Heydər Əliyev çox diqqətlə baxdı. Üzeyirin boynu deşilmişdi, Bülbülün boynu deşilmişdi, Natəvanın barmağını sındırıblar. Üzeyir bəyin abidəsinə əlini qoydu, başını yellədi. Sonra özü-özünə dedi: Gün gələcək, biz bu abidələri aparıb Şuşada öz yerinə qoyacağıq. Mən heç dillənmədim. Elə bil bunu öz-özünə dedi. Bu sözü o hələ 1994-cü ildə demişdi”.

(Modern.az-ın yazısı əsasında)

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.