"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri Texniki Humanitar liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR
Kamalə Rəfayıl qızı Mirzoyeva 13.12.1969-cu il tarixində Göyçay şəhərində doğulmuşdur. 1976-1986-cı illərdə Bakı şəhəri 31 nömrəli məktəbdə təhsil alıb, məktəbi Xüsusi nümunəli attestatla bitirmişdir.
1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində təhsil almış, Universiteti Fərqlənmə Diplomu ilə başa vurmuşdur.
2018-ci ildə Montreux Bisiness School-da təhsil alıb və MBA üzrə magistr dərəcəsi almışdır. Hal-hazırda Odlar Yurdu Universitetinin psixologiya fakültəsinin doktorantıdır.
1991-1995-ci illərdə 267 saylı məktəbdə, 1995-2011-ci illərdə 167 saylı məktəbdə, 2011-2016-cı illərdə Akademik Zərifə Əliyeva adına liseydə fizika müəllimi kimi fəaliyyət göstərmişdir.
2016-2021-ci illərdə 291 saylı Araz Ekologiya liseyinin direktoru vəzifəsini daşıyıb, 2021-ci ildən bu günə qədər Texniki Humanitar liseyin direktoru vəzifəsində çalışır.
“İlin müəllimi” müsabiqəsinin qalibi, “Qabaqcıl Təhsil İşçisi” fəxri adının daşıyıcısıdır.
ŞAGİRD
Mən, Leyli Qurbanzadə, Texniki-Humanitar liseyin 11-ci sinfidə təhsil alıram. Uşaqlıqdan etibarən təbiət elmlərinə, ətraf mühitə, canlı dünyaya marağım məni yeni biliklər almağa, daim maraqlı bir məlumat kəşf etməyə yönəlmişdir. 2022-ci ildə 7-ci sinifdə Respublika fənn müsabiqələrinin keçirilməsini öyrəndim və orada iştirak etmək qərarına gəldim. Biologiya fənnini seçdim, çünki mənim fikrimcə, biologiya indiki elmin və gələcəyin ən önəmli və ən maraqlı sahələrindən biridir. Əzmlə çalışaraq, orada qızıl medala layiq görüldüm. Novbəti il beynəxalq biologiya olimpiadasının hazırlıq dərslərinə dəvət aldım və orada biologiyanı daha dərin öyrənməyə başladım, onun daha geniş və daha maraqlı bir elm olduğunu gördüm. 9-cu sinifdə də həmin dərslərdə iştirak etməyi davam etdim. 2023-2024 ildə keçirilmiş Respublika fənn Olimpiadalarında bürünc medala layiq görüldüm. Həmin ilin yay aylarında isə beynəxalq elm olimpiadasının hazırlıq dərslərində iştirak etdim.10-cu sinifdə olimpiadaya yenidən qatılmağa qərarına gəldim. Hədəfim birinci yer idi. Və öz üzərimdə işləyərək, bacarıqlarımı daha da mükəmməl edərək nəhayət ki, qızıl medala layiq görüldüm. Olimpiadalarda iştirak etmək mənə sanki elmin tamamilə yeni bir qapısını açdı, məni daha dərin fikirləşməyi, öyrəndiklərimi real həyat hadisələrində tətbiq etməyi öyrətdi. Arzum gələcəyin savadlı bir həkimi olmaqdır. Bilirəm ki, bu yol heç də asan olmayacaq, amma həm də çox maraqlıdır. İnanıram ki, bir insanın başqalarına kömək etməsi, birinin həyatını qurtarması, bəlkə də, həyatda ən şərəfli işlərdən biridir.
ESSE
İnsan və Kainat
İnsan öz yarandığı andan etibarən ətraf mühitin ən mühüm sirrlərini kəşf etməyə çalışmışdır. Və hər kəs bunu özünə məxsus bir yol ilə etmişdir. Bioloqlar canlı aləmi - okeanların dərinliklərində yaşayan ən kiçik orqanizmlərdən tutmuş təbiətin ən mükəmməl yaratığı insanı öyrənməyi seçmişlər. Fiziklər və astronomlar isə planetlərin, ulduzların, qalaktikaların- kainatın sirlərini araşdırmışlar. Bəs bütün bu obyektlər arasında hansısa bir əlaqə varmı?
Təəccüblü olsa da, alimlər insanın və kainatın quruluşu arasında çoxlu oxşarlıqlar aşkar etmişlər. Bizim tərkibimizdə olan elementlər öz başlanğıcını kosmik tozdan götürmüşdür. İki sistem arasında sadədən mürəkkəbə doğru keçid quruluş prinsipi görülür. Hər iki obyektdə enerji və maddə mübadiləsinin oxşar proserlər əsasında getməsi müşahidə olunur. İtalyanlı alimlər insan beyni və kosmik şəbəkənin demək olar ki, eyni olmaqlarını sübüt etmişlər. Bunlar bir-birinə oxşadıqları ilə birgə, həm də eyni quruluş prinsipinə, eyni riyazi və fiziki qanunlara tabedirlər.
Bəzən insanlar gecə səmasına baxarkən sanki orada özlərinin bir parçasını tapmağa çalışırlar. Onlar kosmik dumanlığı insan gözünə oxşadırlar, ulduzların ölümünü isə bir hüceyrən yaranmasına bənzədirlər, kosmik şəbəkə ilə beynin oxşarlığını görürlər.
Təbiətin, Kainatın və insanın bütün sirrlərini kəşf etmək üçün bizi hələ uzun bir yol gözləyir. Ola bilsin ki, bəzi sualların cavablarını biz heç də tapmayacayıq. Amma, mənim fikrimcə, öz daxili dünyası ilə, öz fikirləri və arzuları ilə, öz sevinci ilə, öz kədəri ilə, bəzən öz qəddarlığı və mərhəməti ilə, ən əsası- yeni biliklərə olan marağı ilə insan özlüyündə kəşf edilməyi və anlaşılmağı gözləyən ayrıca bir kainatdır.
“Ədəbiyyat və incəsənət”
(17.12.2025)


