“Maraqlı söhbətlər”də Lex Valensanın Trampa məktubu Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı Laureatı Lex Valensanın ABŞ prezidenti  Donald Trampa yazdığı məktub olduqca diqqətçəkəndir, düşünürəm ki, məktuba diqqət yetirməyiniz yaxşı olar:

 

“Zati-aliləri, cənab Prezident,

Biz sizin prezident Zelenski ilə söhbətinizi qorxu və ikrahla izlədik. Rusiyaya qarşı mübarizədə ABŞ-ın maddi yardımına görə Ukraynadan minnətdarlıq gözləməyiniz təhqirdir.

Minnətdarlığı Putin Rusiyasının hücumuna məruz qalan azad dünyanın dəyərlərini və vətənlərinin müdafiə etmək üçün 11 ildən artıqdır ki, qanlarını tökən qəhrəman Ukrayna əsgərlərinə etmək lazımdır.

Azad dünyanın simvolu olan bir ölkənin lideri bunu necə qəbul edə bilməsin?

Sizin söhbətiniz zamanı Oval kabinetdəki ab-hava bizə təhlükəsizlik xidmətlərində və kommunist məhkəmələrində dindirilmələri xatırlatdı. O vaxt prokurorlar bizə deyirdilər ki, bütün səlahiyyətlər onlardadır, bizdə isə yoxdur.

Əməkdaşlıq etməkdən və zülmə görə minnətdarlıq bildirməkdən imtina etdiyimiz təqdirdə bizi həbslə hədələdilər. Prezident Zelenskiyə qarşı bu cür rəftar edilməsi bizi dəhşətə gətirir.

Tarix göstərir ki, Birləşmiş Ştatlar demokratik dəyərlərdən və avropalı müttəfiqlərindən uzaqlaşdıqda, sonda özünü təhlükəyə qarşısında qoyur.

Vilson bunu 1917-ci ildə ABŞ I Dünya Müharibəsinə girəndə başa düşdü. Ruzvelt bunu 1941-ci ildə Per-Harbordan sonra başa düşdü ki, Amerikanı müdafiə etmək həm Sakit okeanda, həm də Avropada döyüşmək deməkdir.

Prezident Reyqan və ABŞ-ın maliyyə dəstəyi olmasaydı, Sovet imperiyasının dağılması qeyri-mümkün olardı. Reyqan SSRİ-ni “şər imperiyası” adlandırdı və ona qarşı qətiyyətlə mübarizə apardı.

Biz qalib gəldik və bu gün Reyqanın heykəli Varşavada ABŞ səfirliyinin qarşısında dayanır.

Cənab prezident, hərbi və maliyyə yardımı Ukraynanın müstəqilliyi, Avropanın və bütün dünyanın azadlığı uğrunda tökülən qanla müqayisə oluna bilməz.

İnsan həyatı qiymətsizdir. Sovet Rusiyasındakı kommunist rejiminin keçmiş siyasi məhbusları olaraq qanını və azadlığını qurban verənlərə minnətdarlığımız göz qabağındadır.

Biz ABŞ-ı nüvə silahından imtina müqabilində Ukraynanın sərhədlərini qorumaq üçün birbaşa öhdəliklər qoyan 1994-cü il Budapeşt Memorandumuna əməl etməyə çağırırıq.

Bu zəmanətlər qeyd-şərtsizdir və heç yerdə belə yardımın sadə iqtisadi sövdələşmə olduğu deyilmir".

İmza:

Lex Valensa, keçmiş siyasi məhbus, “Həmrəyliy”in lideri, Polşa prezidenti.”

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.