“Qafiyə mənə gözəl bir qadının mini ətəyini xatırladır” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Nitsşe: “Homer deyirmiş ki, şairlərə inanmaq düz deyil.”

Bunu Füzuli də deyirdi.

2.

Qafiyə mənə gözəl bir qadının mini ətəyini xatırladır. Qafiyə var – qulaq qafiyəsidir, qafiyə var – söz kökünün qafiyəsidir. Ətək yuxarıya doğru qalxdığı kimi qafiyə də kökə doğru dartınır.

3.

“ Əvvəlki o təmiz nəfəsin hanı?

Bir balaca xaric səs var içində.

Mənə deyən gərək səsləri tanı,

yaxşı tanı, sonra yer ver işində.”

4.

Füzuli “şəbi-hicran yanar canım” deyil. Ən azından təkcə bu deyil. Füzuli yenicə doğulmuş Qeysin adından Allaha müraciətlə dediyi “həm ver mənə qəm yemək kəmali, həm aləmi qəmdən eylə xali...” misralarının içindədir.

5.

“Yır-yığış etmək vaxtıdı,

 Dur ayağa, getmək vaxtıdı,

Dünyadan itmək vaxtıdı,

 Bu vaxt bir də ələ düşməz.”

6.

Yazıçı var, oxucusunu dinləyiciyə çevirir, yazıçı var - tamaşaçıya.

7.

“Sosializm realizmi ədəbiyyata nə verdi?” sualının cavablarından biri budur: O, bütləşdirməkdən bezənlərin yeni estetikasını ortaya qoydu. Əks istiqamətdən elə ədəbi dünyanın konturlarını cızdı ki, orada iki üstəgəl iki dörd eləmir. Bu formulu hər bir bədii mətndə axtarıb tapmaq lazımdır. İki üstəgəl iki dörddürsə, bu, sosrealizmdir. Yox, əgər dörd deyilsə, bu, tamam başqa şeydir, metafizikadır.

“Ədəbiyyat və incəsənət”

(17.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.