Dahi aktyor, Azərbaycanın Çaplini Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Lütfəli Abdullayev!

Həqiqətən də bu ad kino və teatr tariximizə qızıl hərflərlə yazılıbdır.

Bu gün görkəmli aktyorun anım günüdür.

 

1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olub, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salıb.

Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib.

Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.

 

Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad"), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq Qərib"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir.

 

Filmoqrafiya

1. Aktrisanın təbəssümü (film, 1974)

2. Arşın mal alan (film, 1945)

3. Bəşir Səfəroğlu (film, 1969)

4. Böyük ömrün anları (film, 2006)

5. Əhməd haradadır? (film, 1963)

6. "İmportnı" yaxud zırrama (film, 1972)

7. "Kazbek" qutusu (film, 1958)

8. Qəribə əhvalat (film, 1960)

9. Məktuba cavab (film, 1944)

 

Mükafatları

- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 may 1960

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943

- "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 ("Arşın mal alan" filmindəki Vəli roluna görə)

- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959

- "Əmək igidliyinə görə" medalı — 25 fevral 1946

- "Əməkdə fərqlənməyə görə" medalı — 25 fevral 1946

- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 29 dekabr 1971

 

Görkəmli altyor  9 dekabr 1973-cü Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.