"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri Texniki Humanitar liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR
Kamalə Rəfayıl qızı Mirzoyeva
13.12.1969 tarixində Göyçay şəhərində anadan olub. 1976-1986 illərdə Bakı şəhəri 31 nömrəli məktəbdə təhsil alıb, məktəbi Xüsusi nümunəli attestatla bitirib.
1986-1991 illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində təhsil alıb. Universiteti Fərqlənmə Diplomu ilə başa vurub.
2018-ci ildə Montreux Bisiness School da təhsil alıb və MBA üzrə magistr dərəcəsi alıb. Hal-hazırda Odlar Yurdu Universitetinin psixologiya fakültəsinin doktorantıdır.
1991-1995-ci illərdə 267 saylı məktəbdə, 1995 -2011 illərdə 167 saylı məktəbdə, 2011-2016-cı illərdə Akademik Zərifə Əliyeva adına liseydə fizika müəllimi kimi fəaliyyət göstərib.
2016-2021-ci illərdə 291 saylı Araz Ekologiya liseyinin direktoru vəzifəsini daşıyıb, 2021-ci ildən bu günə qədər Texniki Humanitar liseyin direktoru vəzifəsində çalışır.
“İlin müəllimi” müsabiqəsinin qalibi, “Qabaqcıl Təhsil İşçisi” fəxri adının daşıyıcısıdır.
ŞAGİRD:
Mən, Məhəmməd Cəfərli, 2009-cu il aprel ayının 28-ində Bakı şəhərində anadan olmuşam. Kiçik yaşlarımdan kainata olan marağım məni gecələr oyaq saxlayıb. Təbiətin fundamental xassələrini sorğulamaq, ağlıma gələn hər bir sualı dərinliklərinə qədər araşdırmaq və hər zaman yeni şeylər öyrənmək həyatımın böyük bir hissəsini təşkil edib. Həyata olan bu cür baxışım məni Astronomiya, Fizika, Riyaziyyat, Linqvistika kimi elmləri dərindən öyrənməyə, fərqli mədəniyyətlərin (Alman, Çin, Ərəb, Yapon və s) dillərini öyrənməyə cəlb edib. Orta məktəbdə fənn olimpiadaları barədə eşitdikdən sonra özümü sınamaq qərarına gəldim. 8-ci sinifdə ilk medalımı Azərbaycan Astronomiya Olimpiadasından əldə etdim. Beynəlxalq astronomiya və astrofizika (İOAA) olimpiadasına hazırlıq dərslərində ölkəmizi Yaponiyada təmsil edəcək beynəlxalq fizika olimpiadaçıları ilə tanış oldum. Bu mənə lazımi təkanı vermişdi. Mən də gələcəkdə onlardan biri olacaq idim. 1 il əzmlə çalışdıqdan sonra 9-cu sinifdə respublika fənn olimpiadalarında iştirak edərək bürünc medala layiq görüldüm, 9-cu sinfin yay tətilində isə Braziliyada keçirilən İOAA-da fəxri diplomla təltif olundum. 10-cu sinifdə respublika fənn olimpiadalarında gümüş medala layiq görüldükdən sonra Səudiyyə Ərəbistanında keçirilən Asiya fizika olimpiadasında (APhO) həvəsləndirici mükafat aldım və 2 ay sonra isə nəhayət ilk beynəlxalq olimpiada medalımı Fransada keçirilən beynəlxalq fizika olimpiadasında (IPhO) aldım. Ən son medalımı isə Hindistanda keçirilən İOAA-da aldım. Beynəlxalq olimpiadalarda iştirak etmək bilik və bacarıqlarımı ən ali səviyyəyə çatdırmağımı tələb etməklə birgə dünyanın hər bir yerindən dostlar qazanmağıma kömək oldu. Hal- hazırda Texniki-Humanitar Liseyin 11-H sinifində təhsil alıram və gələcəkdə elmə və cəmiyyətə töhvə verən peşəkar bir tədqiqatçı kimi fəaliyyət göstərmək arzusundayam.
ESSE:
"Subyektivliyin qaçılmazlığı”
İnsan olmağın ən özunəməxsus xüsusiyyətlərindən biri subyektivlikdir. Tarix boyu həyata baxışı fərqli olan minlərlə fərqli mədəniyyətlər mövcud olub. Bu fərqlər özlərini gündəlik əşyalardan tutmuş gecə səmasındakı ulduzlarda, həyatın ən kiçik təbii narahatçılıqlarından tutmuş ən əhəmiyyətli etik problemlərdə göstərib. Səmadaki ulduzlara baxdıqda yunanlar əqrəb gördüyü yerdə Havay adalarının sakinləri bir qarmaq görür, çinlilər isə bir əjdaha. Qərbin vahid bir ideala əsaslanan dinlərini şərqin maariflənməyə əsaslanan dinləri ilə müqayisə etmək olar. Bu subyektiv fərqlər hətta obyektiv təbiət elmlərində belə ola bilir. Riyaziyyatda “0” rəqəminin varlığını yunanlar hind alimlərinin işlərini görənədək heç məntiqli bir obyekt kimi görmürdülər. Sovet fiziklərinin laboratoriyada aktiv olaraq istifadə etdiyi bir kəmiyyəti amerikalı alimlər sadəcə nəzəri bir mövzu kimi görür. Məqsədi maksimum dərəcə obyektiv olmaq olan sahələrdə belə insanın qüsuru özünü göstərir.
Amma gecə səmaya baxdıqda neçə dənə mif görsən də, baxdığın şeyin bir neçə dənə parlaq nöqtə olduğunu inkar edə bilərsənmi? Həyatın mənasının nə olduğunu düşünsəndə, aşağı- yuxarı həyatda eyni şeyləri etmirsənmi? Bir fiziki kəmiyyəti necə ölçürsən ölç, təcrübə əsasında eyni qənaətə gəlmiyəcəksənmi? Həyatımızda baş verən hadisələri belə bazasız bir şəkildə sinifləndirməyimiz çox təbii bir şeydir. Bu, insan olmağın bir nəticəsidir. Amma problemlərimizə, narahatçılıqlarımıza, xoşbəxtliklərimizə, bir sözlə, hər şeyə bir də gözümüzü "ovxalayıb" baxmağımız məsləhətdir. Bəlkə də, baş verənlər heç də gördüyümüz kimi deyil. O göydəki 3-4 ulduz nə əqrəbdir, nə qarmaq, nə də ki əjdaha.
“Ədəbiyyat və incəsənət”
(03.12.2025)


