Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“Soyuq müharibə” illərində Amerika və SSRİ-nin strateji nüvə qüvvələri həmişə tam hazırlıq vəziyyətində olub.
1983-cü il sentyabrın 26-da axşam polkovnik Stanislav Petrov “Oko” raket buraxılışı xəbərdarlığı sisteminin mərkəzinin yerləşdiyi “Serpuxov-15” komanda məntəqəsində (Moskvadan təxminən 100 km aralıda) növbətçi idi. Təxminən 00:15- də o, yüksək xəbərdarlıq siqnalı alır. “Oko” kompüter sistemi ABŞ-dan SSRİ-yə doğru istiqamətlənən “ Minuteman” qitələrarası ballistik raketinin buraxılması haqqında məlumat verir.
Növbəti bir neçə dəqiqə ərzində kompüter ekranında daha 5 raketin buraxılması işarələri göstərirdi. Bu zaman “soyuq müharibə” pik həddində idi – bundan 3 həftə əvvəl SSRİ tərəfindən səhvən Cənubi Koreyanın “Boeing 747” sərnişin təyyarəsi vurulmuşdu. Qaydalara görə, raket hücumu zamanı növbətçi dərhal ölkə rəhbərliyini xəbərdar etməli, sonra isə rəhbərlik cavab zərbəsi endirmək barədə qərar qəbul etməli idi. Qitələrarası balistik raketin ABŞ-dan SSRİ-yə uçuş müddəti təxminən 30 dəqiqə çəkirdi. Ona görə də Petrovun çox az variantı var idi: ya nüvə çemodanından istifadə edərək yekun qərarı verəcək Baş Katibə məlumat verməli, ya da rəhbərlərinə “Biz yalan məlumat veririk” hesabatını verməli idi və nəticə etibari ilə bunun sonrakı aqibətinə özü cavab verməli idi. Nəzərə alsaq ki, o vaxtkı Baş Katib Andropovun qərar vermək üçün cəmi 15 dəqiqə vaxtı var idi və o, demək olar ki, Petrova inanıb, cavab nüvə zərbəsi düyməsini basa bilərdi. Lakin Petrov riskə gedərək, milyardlarla insan həyatı üçün məsuliyyəti qəbul etməkdən imtina edir və qaydalara tabe olmayaraq, düyməni basmayır.
O, ilk növbədə sağlam düşüncəyə arxalanaraq (müharibədə ilk zərbə üçün 5 raket çox azdır), kompüterin nasaz olduğuna qərar verir. Sonralar bu cəsarətli adamın haqlı olduğu sübut edilir: xəbərdarlıq sistemi həqiqətən də nasaz olur. 26 sentyabr 1983-cü il hadisəsi ilə bağlı 1 il davam edən gizli araşdırmadan sonra belə qənaətə gəlinir ki, Petrovu şoka salan sistem göstəriciləri Yer səthindən nadir, lakin proqnozlaşdırıla bilən siqnalın əks olunması nəticəsində yaranıb. Bunun səbəbi yüksəklikdəki buludlardan əks olunan günəş işığının peykin sensorlarını işıqlandırması idi. Belə halların qarşısını almaq üçün sonradan kosmik sistemdə dəyişikliklər edilir.
Petrovun qərarı tammiqyaslı nüvə münaqişəsinin qarşısını ala bilsə də, o, heç bir mükafat almayır. Əvəzində isə sənədləşməni düzgün aparılmamasına görə şiddətli töhmət alır.
Petrovun bu hərəkəti dünyaya yalnız 1990-cı illərin sonlarında məlum olur. Bundan sonra o, "Dünyanı xilas edən insan" kimi bir sıra beynəlxalq mükafatlara və Drezden mükafatına layiq görülür.
2006-cı ilin yanvarında beynəlxalq ictimai təşkilat olan "Dünya Vətəndaşlarının Assosiasiyası” nüvə müharibəsinin qarşısının alınmasına görə istefada olan polkovnik Stanislav Petrova öz mükafatını - "Yer kürəsini tutan əl" heykəlciyini təqdim edir.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)


