"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 84 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
İslamova Röya Sərvər qızı 03.02.1986-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili almışdır. Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 15.09.2012-ci il tarixdə 262 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur.
2015-2021-ci illərdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Direktor müavinlərinin işə qəbulu " müsabiqəsində uğur qazanaraq 15.09.2021-ci il tarixindən Bakı şəhəri 146 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. Pedaqoji fəaliyyəti dövründə yüzə yaxın seminar, təlim, konfranslarda iştirak etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkil etdiyi Azərbaycan dili və ədəbiyyat fənn kurikulumlarının tətbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursunun,2022-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin birgə layihəsi olan "Məktəb liderliyi" proqramının iştirakçısı olmuşdur. 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsində uğur qazanaraq İsraildə keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlərdə iştirak etmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Direktorların işə qəbulu" müsabiqəsində uğur qazanaraq 01.12.2022-ci il tarixindən Bakı şəhəri 84 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsil alır.
ŞAGİRD:
Mən, Həbibli Aydan, 2013-cü il may ayının 27-də Bakı şəhərində anadan olmuşam. Kiçik yaşlarımdan öyrənməyə, araşdırmağa və öz üzərimdə işləməyə böyük maraq göstərmişəm. 4 yaşımda məktəbə hazırlığa başlamış və bu dövrdən etibarən oxumağa olan sevgim daha da artmışdır.
Boş vaxtlarımda bədii kitab oxumağı, yeni biliklər kəşf etməyi və müxtəlif sahələrdə özümü inkişaf etdirməyi sevirəm. Riyaziyyat fənnini çox sevirəm. Edulife tədris mərkəzində mental aritmetika kursunu uğurla başa vuraraq sertifikat əldə etdikdən sonra Nirvana Beynəlxalq Təhsil və Tədris Akademiyasında təhsilimi davam etdirərək, bu sahə üzrə ən azyaşlı beynəlxalq təlimçi kimi diplomla təltif olunmuşam.
Hazırda Bakı şəhəri 84 nömrəli tam orta məktəbin 7 “C” pilot sinfində təhsil alıram. Məktəbimdə keçirilən müxtəlif layihə və tədbirlərdə fəal iştirak edir, həmyaşıdlarımla birlikdə komanda ruhu ilə çalışmağı sevirəm.
Məktəbimi, müəllimlərimi və mənə bilik verən hər kəsi böyük hörmət və minnətdarlıqla sevirəm. Gələcəkdə elmə və təhsilə töhfə verən, biliklərini paylaşan və öyrətməkdən zövq alan bir şəxsiyyət olmaq istəyirəm.
ESSE:
“Kitab Sevgisi”
Mən kitab oxumağı çox sevirəm. Hər dəfə yeni bir kitab açanda elə bil başqa bir dünyaya addım atıram. Bəzən nağıllardakı qəhrəmanlarla birlikdə sehrli meşələrə gedirəm, bəzən də tarix kitablarında qədim şəhərləri gəzirmişəm kimi oluram. Hər kitab mənə fərqli hisslər yaşadır — birində gülürəm, digərində kədərlənirəm, amma hər dəfə bir az da böyüyürəm.
Kitablar mənim üçün sadəcə kağız və hərflər deyil. Onlar sirr dolu dostlardır. Mənə elə gəlir ki, kitabların ürəyi var, amma onlar səssiz danışırlar. Oxuduqca sanki o səssiz səsi eşidirəm. Bəzən qəhrəmanların yerinə özümü qoyuram və düşünürəm: “Mən olsaydım, nə edərdim?” Bu düşüncə mənə həyatda qərar verməyi, daha anlayışlı olmağı öyrədir.
Bəzən günüm yorucu keçir, bəzən də kədərlənirəm. Amma bir az kitab oxuyanda sanki ruhum dincəlir, dünyam işıqlanır. Kitablar mənə bilik, təsəlli və ilham verir. Onların sayəsində mən çox şey öyrənirəm — təkcə dərs deyil, həm də insanlıq, dostluq və mərhəmət kimi dəyərləri mənimsəyirəm.
Mən inanıram ki, kim kitab oxumağı sevirsə, o, heç vaxt tənha olmaz. Çünki hər kitabın içində səni gözləyən bir dost var. Kitablar həyatımın ən gözəl hissəsidir. Mən böyüsəm də, kitab sevgimi heç vaxt itirmək istəmirəm.
Mənə kitab oxumağın gözəlliyini, hər səhifənin arxasında bir xəzinə gizləndiyini sevdirən, oxumağın həyatımı necə dəyişdirə biləcəyini göstərən Röya müəllimimə dərin təşəkkürümü bildirirəm. Onun sayəsində kitablar mənim üçün sadəcə dərs vəsaiti deyil, ruhuma işıq saçan dostlara çevrilib.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)


