İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu bilmirəm necə adlandırsam düzgün olar. Biriləri deyir, böyük dramaturq, biriləri deyir, görkəmli mütəfəkkir, biriləri deyir, repressiya qurbanı olan böyük türkçü və turançı... Amma bunların hamısı onun şəxsiyyəti yanında kiçik görsənir, o həqiqətən də bir dahi idi, təəssüf ki, ən zalım, ən amansız bir dövrdə yaşamağa məhkum oldu və qırmızı sovet imperiyasının ən böyük qurbanına çevrildi...
Azərbaycanın görkəmli şairi Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olub, beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini Qurbanəli Şərifovun məsləhəti ilə atasından gizlin Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb. 1899–1903-cü illərdə Cənubi Azərbaycanda qardaşının yanında olub, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib.
O, burada ərəb və fars dillərinə yiyələnib. Daha sonra ağır göz xəstəliyinə görə təhsilini dayandırıb və ticarətlə məşğul olub. Daha sonra Təbrizdən Urmiyaya gedib, 1904-cü ilin may ayına qədər orada yaşayıb. 1904-cü ildə Gürcüstana gedib, orada yol tikintisi ilə məşğul olan şirkətdə mühasib olaraq işləməyə başlayır. 1906-cı ildə qardaşı Məhəmməd onu İstanbula təhsil almağa göndərib.
Və ömür dolaşıqlıqları yolayrıcları buradaca bitib, onun ədəbiyyata yolu buradan başlayıbdır.
İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi H. Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Əsərdəki hadisələr Dağıstanda cərəyan edir. "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxıb. Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində yazıçı müharibələri pisləyir, müharibənin ağır nəticələrini açıb-göstərir.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdıb. 20–30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.
Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir. İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik "mən"i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:
Xəyal!.. Əvət, yaşadan yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
Hüseyn Cavid bədii yaradıcılığa klassik lirika üslubunda yazılmış qəzəllərlə başladığı üçün ədəbi fəaliyyətinin birinci dövründəki şeirlərinin dilində ərəb-fars tərkiblərinə rast gəlinir, lakin belə ifadələr əsasən lirikada əsrlərdən bəri qanuniləşən "qəmi-hicran", "zülfü-yar", "əhli-dərd", "zənciri-zülf", kimi anlaşıqlı təsvir vasitələrindən ibarətdir:
Məndən fələk ayırdı vəfapişə yarımı,
Tar etdi zülfi-yar kimi ruzigarımı.
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,
Hicri-nigar əlimdən alıb ixtiyarımı.
Bir əhli-dərd yoxdu bu viranə şəhərdə,
Tainki şərh edəm ona mən qəlbi-zarımı.
…Hər kəs ki, Salika, çəkib eşqin bəlasını –
Mən eyləməz görəndə mənim ah-zarımı.
Sonrakı dövrlərdə Cavidin yaradıcılığında belə orijinal quruluşlu şeirlərin sayı getdikcə çoxalıb. "Otuz yaşında", "Bir rəsm qarşısında", "Dəniz tamaşası" şeirlərində dördlük bəndlər mənanı qüvvətləndirən və tamamlayan beytlərlə növbələşib. Beləliklə, poetik forma axtarışları Hüseyn Cavidin janr sahəsində orijinal üslubunun kəşfi ilə nəticələnib. Hətta bir sıra janrları, xüsusən sonet, türkü və marşları Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirib. Şairin "Mən istərim ki", "Çəkinmə, gül" şeirləri Avropada geniş yayılmış italyan soneti formasında qələmə alınıb.
Şeirlərini həm əruz, həm də heca vəznlərində yazıb. Hər iki vəznə yaradıcı münasibət bəsləyən şair onlara əsaslı keyfiyyət dəyişiklikləri gətirib. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həzəc bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olub. Əruzşünaslar həmin növü "Cavid həzəci" adlandırırlar.
Hüseyn Cavidin yaradıcılığında poema janrının da özünəməxsus yeri vardır. Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində qələmə alıb. Cavidin ilk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. Həmin qəbildən olan poemalar sanki Hüseyn Cavidin lirik-romantik monoloqlarından yoğrulub. Həyata və insanlara romantik münasibət, bədii və fəlsəfi ümumiləşdirmələr bu poemaların əsas qayəsini müəyyən edir.
"Bir ahi-məzlumanə" (1907), "İştə bir divanədən bir xatirə" (1912), "Hübuti-Adəm" (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapıb. Yalnız "Hübuti-Adəm" poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınan bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafında poetik mülahizələr irəli sürməyə imkan verib. "Bir ahi-məzlumanə" poeması "küncü-möhnətdə" bəlaya düçar edilmiş, "ayaq altında paymal olmuş" vətənin acı halına dərin təəssüf hissləri mənalandırılmış, qeyrət etməyə, himmət göstərməyə çağırış motivləri ifadə olunub.
Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının yaradıcısı və banisidir.
Ədibin ilk dram əsəri olan "Ana" mənzum faciəsinin mövzusu Dağıstan həyatından alınıb. Əsərin əsas qəhrəmanı olan qonaqpərvər və məğrur Səlma Azərbaycan ədəbiyyatı üçün yeni tipli ana obrazıdır. Onun İsmət adlı bir çərkəz qızına nişanlı olan oğlu Qanpoladla bu qıza könül salan Orxan arasında rəqabət vardır. İsmət isə kasıb ailəni təmsil edən Qanpolada sadiq qalır və Orxanın cah-cəlalını rədd edir. Orxan dostu Muradın vasitəsilə Qanpoladı öldürtdürür. Murad təhlükədən xilas olmaq üçün kimliyini bilmədən Səlma xanımın — ananın evində sığınmaq istəyir. Ana oğlunun qatilini tanısa da, dərin daxili sarsıntılarına, mənəvi iztirablarına, qəzəbinə qalib gəlməyi bacarır. "Namərd qonağı" evindən uzaqlaşdımaqla cəzalandıran ana bu acı, qanlı taleyin səbəbini Allahın qisməti ilə əlaqələndirir:
Get, namərd qonaq, get! Alçaq mültəci!
Get, miskin hərif, get! Cəllad, yırtıcı!
Get, vicdansız kəndini qurtar, yaşa!
Ancaq vicdansızları bəslər dünya!
Get, gözüm görməsin! Uzaqlaş, dəf ol!
Nə haqsızlıq etdinsə Allahdan bul!
Get, çəkil get! Dinsiz, allahsız xain!
Murdar izin bu torpaqdan silinsin!
Övladının qatilini bağışlamağı bacaran Səlma surəti dünya ədəbiyyatı üçün də təkrarsız bədii obrazdır. Cavidin "Maral" və "Şeyda" pyesləri nəsrlə yazılıb. Hər iki əsərdə şeir parçalarından, lirik elementlərdən istifadə olunub
Kitabları
1. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. I cild – Şeirləri, "Azər" poeması;
2. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. II cild – Dram əsərləri ("Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçurum");
3. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild – Dram əsərləri ("İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur");
4. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild – Dram əsərləri ("Knyaz", "Səyavuş");
5. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild – Dram əsərləri ("Xəyyam", "İblisin intiqamı"), məqalələri və məktubları.
SSRİ-də totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də o, Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib. 1982-ci il oktyabrın 26-da ovaxtkı Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə nəşi Azərbaycana gətirilibdir və Naxçıvanda torpağa tapşırılıbdır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.10.2025)


