“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 96 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Hacıyeva Mehriban Vaqif qızı
1981-ci il oktyabrın 21-də Naxçıvan MR-in Culfa şəhərində anadan olub.
1988–1998-ci illərdə orta məktəbi əla qiymətlərlə başa vurub. Bakı Avrasiya Universitetinin Sinxron Tərcümə fakültəsini bitirib. Daha sonra Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə yenidənhazırlanma təhsili alıb. 2017-ci ildə Xəzər Universitetində “Potensial məktəb direktorları” adlı ixtisasartırma proqramını keçib.
2008-ci ildən pedaqoji fəaliyyətə ingilis dili müəllimi kimi başlayıb. 2015-ci ildən müxtəlif məktəblərdə təşkilatçı müavini, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2021-ci ildən 96 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibidir. Eyni zamanda ETR resursları üzrə təlimçidir.
ŞAGİRD:
Mən, Röya Azad qızı Əliyeva, 03 fevral 2012-ci ildə Bakı şəhərində anadan olmuşam. 2018-ci ildə F. Bayramov adına 22 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuşam. 5-ci sinifdən etibarən isə İ. Əliyev adına 96 nömrəli tam orta məktəbdə təhsilimi davam etdirmişəm. Hal-hazırda həmin məktəbin 8 “A” sinif şagirdiyəm. Bütün fənlərə maraq göstərirəm və hədəfim ali məktəbə qəbul olunmaqdır.
ESSE
“Dostluq nədir?”
Dostluq insan həyatının dərin və mənalı duyğularından biridir. Həyatda elə anlar olur ki, insan bir anlayışlı dosta ehtiyac duyur. Elə dost var ki, onunla danışmağa belə ehtiyac qalmır — sadəcə yanında olmaq insana güc verir. Həqiqi dostluq məhz bu sükutdakı anlayışdan doğur. Dostluq həm də insanın ruhunu qidalandıran bir enerji mənbəyidir. İnsan yalnızlığın içində belə, həqiqi dostu ilə daha güclü hiss edir. Həqiqi dost insanın həyatına işıq saçan və onu hər zaman ruhlandıran biridir.
Dostluq sadəcə gündəlik ünsiyyət deyil, qəlbdən gələn bir bağdır. O bağ sevgi, hörmət və etibarla qidalanır. Həqiqi dost sənin səhvini üzünə deməkdən çəkinməz, çünki onun məqsədi incitmək deyil, səni daha güclü və yaxşı görməkdir. O sənin sevincinə şərik olar, kədərini öz kədəri bilər. Dostlar zamanla bir-birinə anlayış və sədaqət hissi ilə bağlanırlar.
“Dost rahatlıq verən bir məlhəmdir” deyib Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi.
“Ədəbiyyat və incəsənət”
(22.10.2025)