İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tariximizi yaxşımı bilirik?
Biliriksə, demək, hökməndir ki Səməd bəy Mehmandarovu tanıyaq.
Səməd bəy Mehmandarov 16 oktyabr 1856-ci ildə Lənkəranda dünyaya gəlib. Qarabağın nüfuzlu bəy nəslindən idi. Atası Mirzə Sadıq bəy Mehmandarov xidmətlə əlaqədar olaraq 1840-cı illərin əvvəlində Şuşadan Lənkərana köçüb, burada Lənkəran qəza idarəsinin Muğan pristavı vəzifəsini tutub və titul məsləhətçisi rütbəsinə sahib olub. Lənkəranda anadan olan Səməd bəy Mehmandarov ümumi təhsilini Bakı gimnaziyasında alıb.
1 sentyabr 1873-cü ildə Sankt-Peterburqda yerləşən 2-ci Konstantinov Hərbi Məktəbinə yunker kimi hərbi xidmətə başlayıb. Məktəbi bitirdikdən sonra 1875-ci ildə praporşik rütbəsi ilə 1-ci Türküstan artilleriya briqadasına göndərilib, burada 3-cü batareyada dağ taqımına komandanlıq edib,1875-ci ilin noyabrından 1876-cı ilin fevralına qədər Kokand xanlığına yürüşə qatılıb.
12 oktyabr 1876-cı ildə "Matçin dağlılarına qarşı yürüşdə göstərdiyi xidmətlər və zəhmətə görə" 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub. Kokand xanlığının fəthinə görə medala layiq görülüb. (Əslində, onun rus zabiti kimi qardaş özbək xalqının diyarının işğalında iştirakı və fərlənməsi bugünkü baxış prizmamıza görə qəhrəmanlıq deyil)
1876-cı ilin dekabrında podporuçik, 1877-ci ilin dekabrında isə poruçik rütbəsinə yüksəlib.
1879-cu ilin payızında Səməd bəy Sankt-Peterburqda yerləşən 2-ci artilleriya briqadasına ezam olunub. 13 mart 1881-ci ildə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib, 25 oktyabr tarixində 2-ci artilleriya briqadasına keçirilib. 29 noyabr 1882-ci ildə ştabs-kapitan rütbəsinə yüksəldilib. 17 iyun 1885-ci ildə Qafqazda yerləşən 38-ci artilleriya briqadasına köçürülüb və burada doqquz il xidmət edib.
8 iyuldan 8 noyabr 1887-ci ilə qədər Qafqaz Hərbi Dairə Məhkəməsinin üzvü olub. 31 avqust 1889-cu ildən 2-ci yarımbatareyanın komandiri və 4-cü batareyanın təsərrüfat işləri üzrə müdiri vəzifəsini icra edib. 16 dekabr 1890-cı ildə kapitan rütbəsinə layiq görülüb, qısa müddət sonra, yəni 21 may 1891-ci ildə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib
1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib, "Retvizan", "Sesareviç" zirehli gəmilərini və "Pallada" kreyserini yandırdılar. Müharibə başlandı. Səhərisi, Səməd bəy Mehmandarovu yeddinci Sibir atıcı topçu divizionun komandiri təyin etdilər. Bu quru qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi.
Rus-yapon müharibəsi başladıqdan sonra, 1904-cü il fevralın 18-də ali fərmanla Səməd bəy Mehmandarov 7-ci Şərqi Sibir atıcı artilleriya divizionunun komandiri təyin edildi. Onun bioqrafiyasında Port-Arturun qəhrəmancasına müdafiəsi xüsusi yer tutur. Bu əməliyyat zamanı quru müdafiə xətti üç cəbhəyə bölünüb. Artilleriya atəşinin idarə edilməsini təkmilləşdirmək məqsədilə hər cəbhəyə artilleriya komandirləri təyin edilib və onların nəzarətində qərargahlar yaradılıb. Polkovnik Mehmandarov Şərq cəbhəsinin artilleriya rəisi təyin edildi və Port-Arturun müdafiəsi boyunca ön mövqelərdə iştirak etdi.
Birinci Dünya müharibəsi başlayan zaman general Mehmandarov Qafqazdan Varşava Hərbi Dairəsinə köçürülən 3-cü Qafqaz ordusu korpusunda xidmət etməkdə idi. Mehmandarovun komandanlığı altında olan 21-ci piyada diviziyası Rusiya ordusunun ən yaxşı hissələrindən biri kimi şöhrət qazanıb, xüsusilə 81-ci piyada Abşeron və 83-cü piyada Samur alayları fərqlənirdilər. 1914-cü ilin 27–29 sentyabr döyüşlərinə görə, o, 3-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub
Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfəsi ilə məşğul olub. 12 fevral 1931-ci ildə Bakıda vəfat edib Çəmbərəkənd qəbiristanlığında dəfn edilib. 1939-cu ildə qəbiristanlıq yerində S. M. Kirov adına park (indiki Şəhidlər Xiyabanı) salındığından Mehmandarovun məzarı itib-batıb.
Bakı, Bərdə, Gəncə, Ağcabədi, Lənkəran, Quba və Qəbələ şəhərlərində mərkəzi küçələrdən biri Səməd bəy Mehmandarovun adını daşıyır. Eyni zamanda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bir tankeri General Mehmandarovun adını daşımaqdadır.
O, Aleksandr Stepanovun "Port-Artur" və "Zvonarev ailəsi" romanlarının əsas qəhrəmanlarından biridir. Bakı və Lənkəran şəhərlərində Səməd bəy Mehmandarov adına parklar açılıb.
Filmoqrafiya
1. Sizi dünyalar qədər sevirdim (film, 1985)
2. Səmədbəy (film, 1995)
3. Artilleriyanın allahı sayılırdı (film, 1996)
4. Tənha ruh (film, 1998)
5. Cümhuriyyət generalları (film, 2006)
6. Sərdar (film, 2015)
Mükafatları
- "Kokand xanlığının fəthinə görə"
- III dərəcəli "Müqəddəs Stanislav" ordeni (1876)
- III dərəcəli "Müqəddəs Anna" ordeni (1881)
- II dərəcəli "Müqəddəs Stanislav" ordeni (1891)
- II dərəcəli "Müqəddəs Anna" ordeni (1886)
- "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" medalı
“Ədəbiyyat və incəsənət”
(16.10.2025)