Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.
İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
SƏDİ ŞİRAZİ (1203, 1210 arası – 1292-ci illər)
- Canavar çobanlıq, zalım insan da padişahlıq edə bilməz. Zülmün təməlini qoyan padişah, öz səltənət binasını dağıtmış olur.
- Canavar balası insanlar arasında böyüsə də yenə canavardır.
- Sağlamlığın əsl dəyəri xəstəlik zamanı bilinər.
- Qadının zülfü ağıllı kişi üçün zəncir, yelbeyin kişi üçün isə tələdir.
- Sağlam olmaq istəyirsinizsə heç vaxt doyunca yeməyin.
- Qənaət etməyi bacarsaydıq, dünyadakı qayğılar daha tez həll olunardı. Var-dövlət sərvətə deyil, qənaətə söykənir.
- Cahillə mübahisə etməyə dəyməz.
- Özünü elə apar ki, dost gizli düşmənə çevrilməsin.
- Peşiman olmamaq üçün danışmazdan öncə fikirləş.
- Əvvəlcə fikirləş, sonra danış. Sənə “sus” deyilməmiş sus.
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)