“Bir direktor və bir şagird” layihəsində Mehriban Hacıyeva və Ülkər İbrahimli Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda Bakı şəhəri 96 nömrəli tam orta məktəbdir.

 

 DİREKTOR:

 Hacıyeva Mehriban Vaqif qızı 1981-ci il oktyabrın 21-də Naxçıvan MR-in Culfa şəhərində anadan olub. 1988–1998-ci illərdə orta məktəbi əla qiymətlərlə başa vurub. Bakı Avrasiya Universitetinin Sinxron Tərcümə fakültəsini bitirib. Daha sonra Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə yenidənhazırlanma təhsili alıb. 2017-ci ildə Xəzər Universitetində “Potensial məktəb direktorları” adlı ixtisasartırma proqramını keçib.

2008-ci ildən pedaqoji fəaliyyətə ingilis dili müəllimi kimi başlayıb. 2015-ci ildən müxtəlif məktəblərdə təşkilatçı müavini, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2021-ci ildən 96 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibidir. Eyni zamanda ETR resursları üzrə təlimçidir.

 

 ŞAGİRD:

Mən, Ülkər Elvin qızı İbrahimli 29.08.2012-ci il tarixində Ucar rayonunda anadan olmuşam. 2018-ci ildə Bakı şəhər 74 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuşam. 5-ci sinifdən etibarən isə İlqar Əliyev adına 96 №li tam orta məktəbdə təhsilimi davam etdirirəm. Hal-hazırda həmin məktəbin 8” A”sinif şagirdiyəm.

Məktəbin ictimai tədbirlərində fəal iştirak edirəm. Məktəb rəhbərliyi tərəfindən Azərbaycan Elm və Təhsil Nazirliyində hazırlanmış və 60 pilot məktəbdən biri kimi tətbiq olunan” Ümumi Təhsil müəssisələrində şagird davranış qaydaları” çərçivə sənədinə əsasən, 3 qiymətləndirmə meyarından 3-cü yəni, akademik və sosial fəaliyyət meyarına görə,” Yaşıl –rəğbətləndirmə kartı” ilə təltif olunmuşam.

1-ci sinifdə oxuyarkən, UNESCO-nun Beynəlxalq Layihələrinin Tətbiqi mərkəzinin, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının dəstəyi ilə keçirilən ”Dünyanın səsini duyaq”adlı gənc istedadların 1-ci beynəlxalq festivalında II yeri tutduğuma görə təltif olunmuşam. Bu nəticəyə heç bir əlavə kursa və ya dərslərə getmədən, yalnız öz bacarığım və səyimlə nail olmuşam. Bundan əlavə müxtəlif bilik yarışlarında diplom və hədiyyələr qazanmışam. Bu uğurlar mənə həmişə motivasiya verir və çalışmaq həvəsi yaradır.

 

ESSE:                                         

Müasir məktəb həyatı

Mənim oxuduğum məktəb müasir dövrün bütün imkanlarından istifadə edən bir təhsil ocağıdır. Burada yalnız dərslər keçirilmir, həm də bizə özümüzü inkişaf etdirmək üçün çoxlu şərait yaradırlar. Müəllimlərimiz bizə yeni biliklər öyrətməklə yanaşı, müxtəlif layihlərdə və tədbirlərdə iştirak etməyimizi təşkil edirlər. Bu tədbirlər bizə həm maraqlı olur, həm də ünsiyyət bacarığımızın və özünəinamımızın artmasına kömək edir.

Texnologiya artıq məktəb həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dərslərimiz interaktiv lövhələrdə keçirilir, müxtəlif elektron resurslardan istifadə edirik. Məsələn, bəzi fənlərdə müəllimlər bizə videodərslər göndərir, biz də evdə baxaraq mövzunu əvvəlcədən öyrənirik. Bu üsullar mövzunu daha tez və maraqlı öyrənməyimizə imkan yaradır. Hətta pandemiya dövründə onlayn dərslərlə təhsilimizi davam etdirirdik. İndi isə həm canlı dərslər, həm də elektron platformalar vasitəsilə məlumat əldə edə bilirik. Bu, əvvəlki dövrlərdə oxuyan şagirdlər üçün təsəvvür olunmaz idi.

Məktəb bizim üçün dostluq, əməkdaşlıq və birgə öyrənmə yeridir. Burada müxtəlif layihələrdə qruplarla işləyir, yeni dostlar qazanırıq. Bu mühit bizə gələcək həyatımızda lazım olacaq bir çox vərdişləri öyrədir. Müasir məktəbdə dərsdənkənar tədbirlər, idman yarışları, musiqi və incəsənət dərnəkləri də olur. Bu da şagirdlərin təkcə dərslə deyil, maraqları ilə də məşğul olmasına şərait yaradır.

Mənim fikrimcə, müasir məktəb həyatı hər bir şagirdə özünü göstərmək və inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Biz bu imkanlardan düzgün istifadə etsək, gələcəkdə uğurlu və savadlı vətəndaş ola bilərik.

Müasir məktəb bizə həm bilik verir, həm də həyatı sevməyi, əməkdaşlıq etməyi və məsuliyyətli olmağı öyrədir. Buna görə də bizə bu şəraiti yaradan rəhbərliyimizə daim minnətdarıq.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.