Maraqlı söhbətlər – yolumuz orta əsrlər İngiltərəsinədir... Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1500-cü illərdə İngiltərədə insanların çoxu iyun ayında evlənirdi, çünki illik hamamlarını may ayında qəbul edirdilər. Buna görə də iyunda hələ çox pis qoxmurdular. Amma yenə də bədən qoxuları yaranmağa başladığı üçün gəlinlər bu iyi basdırmaq məqsədilə əllərində bir dəstə çiçək daşıyırdılar.

 

Hamam isə içinə isti su doldurulmuş böyük bir çəlləkdən ibarət idi.

Əvvəlcə evin kişisi təmiz suda çimmək imtiyazına sahib olurdu. Sonra oğulları və digər kişilər, daha sonra qadınlar, sonra uşaqlar və ən sonda körpələr eyni suda yuyunurdu. O vaxta qədər su o qədər çirklənirdi ki, içində nəyisə həqiqətən itirmək mümkün idi. İngilis dilindəki “körpəni hamam suyu ilə birlikdə atmayın” ifadəsi buradan gəlmişdir.

***

Ev damları bir-birinin üstünə yığılmış qamışlardan düzəldilirdi, altına taxta qoyulmurdu.

Orası heyvanların isinmək üçün yeganə yeri idi. Buna görə pişiklər, itlər və digər xırda heyvanlar (siçan, həşərat) damda yaşayırdı.

Yağış yağanda dam sürüşkən olur, bəzən heyvanlar sürüşərək aşağı düşürdü. Yuxarıdan evin içinə düşən şeyləri saxlamaq üçün heç bir örtük yox idi. Həşəratların və buna bənzər şeylərin yatağa düşməsi böyük problem yaradırdı. Buna görə də hündür dirəklər üzərində örtüklü ingilis tipli çarpayılar yarandı.

***

Döşəmələr torpaqdan idi. Yalnız zənginlərin taxtadan döşəmələri olurdu. Onlar da qışda islananda sürüşkən olurdu. Bunu önləmək üçün yerə saman sərilirdi. Qış boyu saman səpildiyi üçün bir vaxt gəlirdi ki, qapı açılanda saman çölə daşırdı. Bunu saxlamaq üçün qapının altına bir taxta qoyulurdu. Onun adı “Thresh hold” (saman tutan) idi. Bizim dildə eşik adlanır.

 

***

Yemək bişirmək həmişə ocağın üstündə asılan böyük qazanda aparılırdı.

Hər gün od qalayır, qazana nəsə əlavə edirdilər. Çox vaxt tərəvəz yeyilirdi, ət nadir idi. Axşam xörəyi qalsa, qazanda saxlanır, ertəsi gün qızdırılaraq yenə yeyilirdi. Bəzən bu xörək çox uzun müddət qazanda qalırdı. “Noxud sıyığı isti, noxud sıyığı soyuq, qazandakı noxud sıyığı doqquz günlük” (Peas Porridge hot, Peas Porridge cold, Peas Porridge in the pot nine days old) yemək adları da buradan gəlir.

Bəzən donuz əti tapanda çox sevinirdilər.

Qonaq gələndə donuz ətini asıb nümayiş etdirirdilər. Birinin evə donuz əti gətirməsi var-dövlət əlaməti idi. Ondan kiçik parça kəsib qonaqlarla bölüşürdülər.

***

Pul sahibləri qalay-qurğuşun ərintisindən hazırlanmış boşqablar ala bilirdilər. Turşulu yeməklər qurğuşunu həll edib yeməyə qarışdırır, beləliklə zəhərlənmələrə və ölümlərə səbəb olurdu. Pomidorlar buna tez-tez səbəb olduğundan, növbəti -təxminən 400 il ərzində onların zəhərli olduğu düşünülmüşdü.

Çoxunun metal boşqabı yox idi, onun yerinə taxta boşqablardan istifadə olunurdu. Çox vaxt bu boşqablar boyat çörəkdən hazırlanırdı. Çörəklər o qədər bərk və sərt idi ki, uzun müddət istifadə olunurdu. Onlar heç vaxt yuyulmadığından içində qurd və kif əmələ gəlirdi. Qurdlu və kifli boşqablardan yeyənlərin ağzında “trench mouth” (boşqab ağzı) adlı xəstəlik yaranırdı.

Çörək hörmətə görə bölünürdü. İşçilər yandırılmış alt qabığı, ailə orta hissəsini, qonaqlar isə üst qabığını alırdı.

***

Pivə və viski içmək üçün qurğuşun qədəhlərdən istifadə olunurdu. Bu qarışıq insanları bəzən bir neçə gün huşsuz vəziyyətdə saxlayırdı. Yoldan keçənlər onları ölmüş zənn edir, dəfnə hazırlaşırdılar. Hətta bəzən onları mətbəx masasının üstünə uzadıb, ailə ətrafında yığılıb yeyib-içərək oyanıb-oyanmayacaqlarına baxırdı. Buna “oyanma növbəsi” deyilirdi.

***

İngiltərədə vaxtilə ölüləri basdırmaq üçün yer çatmırdı. Ona görə məzarlar qazılıb tabutlar çıxarılır, sümüklər “sümük evinə” aparılır, məzarlardan təkrar istifadə edilirdi. Tabutlar açıldığında hər 25 tabutdan birində içəridə cızıq izləri olurdu. Beləcə bəzi insanların diri-diri basdırıldığı üzə çıxmışdı. Buna çarə olaraq meyitlərin biləklərinə ip bağlanır, ip tabutun kənarından çölə çıxarılıb zəngə birləşdirilirdi. Bir nəfər gecə boyu qəbiristanlıqda oturub zəngin olub-olmamasını gözləyirdi. Buna “qəbiristanlıq növbəsi” deyilirdi.

 

***

Orta əsrlərdə Avropadakı rahibələrə üz və əllərindən başqa yerlərini yumaq qəti qadağan olunmuşdu.

Kastiliya kraliçası İzabella 50 ildən çox ömründə cəmi iki dəfə çimmışdı.

Hələ tualetlə tanış olmayan Avropada tullantıları küçəyə boşaltmaq adəti 17-ci əsrə qədər davam etdi.

 

Siyahı bu şəkildə uzanır gedir...

Amma əsas diqqət çəkmək istədiyim məsələ budur:

1500-cü illərdə demək olar ki, “çirk içində” yaşayan Avropa necə oldu da bu qədər irəli çıxdı?

Bu da bizim imtahanımız olsun.

Mənbə: Prof. Dr. Erol Duren

 

Şəkildə: London, 1500-cü il. Qravüra

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.