İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
"M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir".
Onun publisistikasının mühüm bir qolu da dil, ana dili və türk dilli xalqlar arasında ortaq dil, həmçinin ortaq əlifba məsələlərinə həsr edilib. M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində ortaq dil məsələsi barədə türk ölkələrinin mütəfəkkirləri arasında gedən müzakirələrdə fəal iştirak edir, "Türk dil qurumu" ilə sıx əməkdaşlıq edir, bütün türklər üçün ortaq türk dili təsis etmək fikrini qətiyyətlə müdafiə edirdi. Təsadüfi deyidi ki, 1919-cu ildə Müsavat Partiyasının qurultayında bildirmişdi: "Biz ortaq tükcə yaratmalıyıq". M.Ə.Rəsulzadə yaxşı bilirdi ki, dil birliyi mənəvi birliyin qapısıdır. Lakin o, ortaq ünsiyyət dili olacaq dilin digər milli türk dillərinin sıxışdırılması hesabına yaradılmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən yararlanmasını arzulayırdı.
M.Ə.Rəsulzadənin yaradıcılığında əlifba məsələsi də geniş yer alırdı. Bu barədə də böyük mütəffəkirin orjinal fikir və düşüncələri vardı. O, "...bir dildə danışan, digər dildə isə yazan bir xalq" olmağımızdan dərin təəssüf hissi keçirirdi. 20 oktyabr 1913-cü il tarixli "İqbal" qəzetində çap olunmuş "Əlifba bayramı" adlı məqaləsində azadlıq aşiqi hunlardan etibarən başlayan və miladın VIII əsrində Orxon-Yenisey abidələrindəki formanı alan türk əlifbasından fəxrlə bəhs edir, VII-VIII əsrlərdən sonrakı dövrü nəzərdə tutaraq təəssüflə yazırdı: "Bizim tam milli olaraq əlifbamız yoxdur... Ərəb əlifbasından müstəfid olurduq (faydalanırdıq)".
M.Ə.Rəsulzadə elmi-təcrübi əsası M.F.Axundov tərəfindən qoyulmuş əlifba islahatının tərəfdarlarından idi. "Mühüm bir xəbər" məqaləsindən də gördüyümüz kimi, o, Osmanlıda və Azərbaycanda gedən əlifba müzakirələrini yaxından izləmiş və vaxtaşırı bu barədə öz fikirlərini bildirmişdir.
Görkəmli ictimai-siyasi xadim "təzə bir əlifba qəbul olunması tarixi-islamda vaqe olan mühüm bir inqilabdır", - deyirdi.
M.Əmin əlifba məsələsinin müzakirəsində islahatçılar qanadında (XX əsrin əvvəllərində əlifbaçılar əsasən islahatçılar, "ərəbçilər", rusbaşlar, "latınçılar" kimi qruplaşmışdılar) yer almış, tələsik şəkildə latın qrafikalı əlifbaya keçməyi məqbul hesab etməmişdir.
Əslində dahi mütəfəkkir latın qrafikalı əlifbanın əleyhinə deyildi. O, Cümhuriyyət dövründə əlifbanın latın qrafikasına keçirilməsi məsələsi ilə məşğul olacaq qurumun yaradılmasına, A.Əfəndizadənin bəyənilmiş latın qrafikalı əlifba layihəsinin çapına razılıq verilməsinə etiraz da etməmişdi. Amma M.Ə.Rəsulzadə Türkiyə başda olmaqla bütün türk xalqları tərəfindən birlikdə qəbul ediləcək latın qrafikalı ortaq əlifba tərəfdarı idi. O, türk xalqlarının özlərinin ümumi əlifba unifikasiyasının olmamasını onların zaman-zaman bir-birindən ayrı düşməsinə səbəb olan əsas problemlərdən hesab edirdi. Ona görə də, Azərbaycanın (eləcə də digər türk xalqlarının) təkbaşına latın əlifbasına keçməsini münasib bilmirdi. Rəsulzadənin sadiq silahdaşlarından M.Məhəmmədzadənin "Odlu Yurt" jurnalında çap olunmuş "Yeni Türk əlifbası və bolşevik mətbuatı" adlı məqaləsində deyildiyi kimi: "...Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsi və bütün türk dünyası ilə tərki-əlaqə etməsi azəri türklərinin milli varlığına böyük bir zərbə olardı".
Buna görə də böyük demokrat M.Ə.Rəsulzadə, hələlik, osmanlılar kimi ərəb əlifbasının (faktiki olaraq həmin vaxt ərəb əlifbası bütün müsəlmanları, o cümlədən, bütün türk xalqlarını birləşdirən əsas vasitə idi, hətta Krım, Misir və sair bölgələrlə də əlaqələr bu əlifba üzərindən qurulurdu) qorunub saxlanmasını, amma asan öyrənilməsi üçün bəzi dəyişikliklərə gedilməsini təklif edirdi. O, türk xalqları arasında ortaq imla qaydalarının yaradılmasını da arzulayırdı. Lakin ortaq əlifba olmadan bunun qeyri-mümkün olduğu qənaətində idi.
1923-cü ildə "Yeni Kafkasiya" jurnalında çap olunmuş "Azərbaycanda latın əlifbası" adlı məqaləsində öz fikrini belə əsaslandırmışdı: "Azərbaycan latın hərfləri ilə yazıb-oxumağa başlayarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, eləcə də Bakıda intişar ediləcək əsərləri Anadolu oxuya bilməz". Rəsulzadəyə görə, latın hərfinə keçməklə ruslar Azərbaycanla Türkiyə arasındakı mədəni rabitəni kəsmək istəyiblər
(Sonrakı hadisələr azadlıq carçısının haqlı olduğunu göstərdi. Belə ki, bolşevik hakimiyyəti ilk mərhələdə kiril əlifbasının məcburi tətbiqinin başqa xalqlar, o cümlədən, türk xalqları tərəfindən onların milli mədəniyyətlərinin ruslaşdırılmasına cəhd kimi qiymətləndiriləcəyindən çəkindiyi üçün neytral yol seçmiş və latın qrafikasının tətbiqinə "göz yummuşdu". Lakin türk xalqlarının bir-birinə, o cümlədən, 1928-ci ildə latın qrafikasına keçmiş Böyük Türkiyəyə getdikcə daha da yaxınlaşmasına qısqanclıqla yanaşaraq və bunu gələcək üçün böyük təhlükə hesab edərək, heç 20 il keçməmiş, sovetlər birliyində yaşayan türk xalqlarının əlifbasını məcburi şəkildə kril əlifbası ilə əvəz etmişdi).
Uzaqgörən siyasətçi sonralar qeyd edirdi ki, əgər nəşrlərimiz diqqətlə tədqiq olunsa, ən böyük əndişəmizin türk millətləri arasındakı mədəni birliyin qarşısının alınması olduğu görünər. "Azəri Türk" jurnalının 1928-ci ildə çıxan 18-ci sayında dərc olunan "Hərf inqilabı müvacihəsində (üz-üzə gəlməsində)" adlı məqaləsində Rəsulzadə vaxtilə dərc etdirdiyi məqalələrində latın əlifbasına qarşı çıxmalarının səbəbini bu şəkildə izah edib: "Biz ötədən bəri vuqu bulan (mövcud olan) nəşriyyatımızda bu məsələdə islahatçıların nöqteyi-nəzərini müdafiə etmiş bulunurduq. Azərbaycandan başlayaraq bugünkü sovetlər ittihadı daxilində (Türkiyədən və bütün türk dünyasından təcrid olunmuş şəkildə) qalmaq zərurətində bulunan bütün türk cümhuriyyətlərində tətbiq olunan latın hərflərinə (Türkiyədəkindən fərqli hərflərə) bu nöqteyi-nəzərdən qarşı gəlirdik".
1928 və 1929-cu illərdə Türkiyədə və Azərbaycanda (həmçinin digər türk ölkələrində) latın qrafikalı əlifbaya tam keçəndən sonra M.Ə.Rəsulzadə yazırdı: "Azərbaycanın yanı başındakı qardaş Türkiyə də latın hərfləri ilə yazmağa başlayınca kültür sahəsindəki ayırma siyasəti təbiəti ilə sarsılmış olur".
Məhz bundan sonra M.Ə.Rəsulzadə Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edilməsini məqbul hesab edirdi. Hər iki ölkədə bu əlifbanın öyrənilməsini və öyrədilməsini zəruri sayırdı.
M.Ə.Rəsulzadənin dil barəsindəki fikir və görüşləri bu gün də öz əhəmiyyətini və aktuallığını saxlamaqdadır.
“Ədəbiyyat və incəsənət”
(30.09.2025)