İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ağdam təkcə muğam ifaçıları olan qüdrətli xanəndələr vətəni deyil, ümumən musiqiçilər vətənidir. Baxın, dünyalarca məşhur əfsanəvi “Qaya” qrupunun yaradıcısı da ağdamlıdır. Azərbaycan Respublikasının xalq artisti Teymur Mirzəyevdən gedir.
Bəli, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Anası Bella İlyinşina əslən yəhudi olub. Qardaşı Tofiq Mirzəyev də musiqiçi və aktyor olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib.
O, "Qaya" Dövlət ansamblının 1961-ci ildə yaradıb, qrupun həm bədii rəhbəri, həm solisti olub. Ümumittifaq və Beynəlxalq müsabiqələr laureatı "Qaya" ansamblı SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınan kollektivlərdən biri olub. Bu kollektiv 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin laureat adını qazanıb,I yer tutub.
T. Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı ansamblın çıxışları geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilib. Kollektivin böyük məharətlə ifa etdiyi əsərlər musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına həkk olunub. Estrada ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan T. Mirzəyev kollektivin bədii rəhbəri kimi eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib.
Kollektivlə birgə gözəl sənətkar milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində — Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə təqdim etməklə, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilib və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib.
O, eyni zamanda təcrübəli bir sənətkar kimi öz qayğısını gənclərdən əsirgəməyib. Klassik estrada, caz ifaçılığı məktəbinin yüksək ənənələri əsasında T. Mirzəyev bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsinə sərf edib. Azərbaycan, rus, Qərbi-Avropa bəstəkarlarının əsərlərini və müxtəlif ölkələrin xalq mahnılarını yeni üslubda ifa etməklə az bir zamanda populyarlıq qazanıb.
Filmoqrafiya
1. Ürək... Ürək...
2. Əlvida, cənub şəhəri
Mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
Teymur Mirzəyev 27 sentyabr 2021-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.09.2025)