İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbəttə ki, o çox böyük sənətkardır. Musiqimizin zirvələrindən biridir. Hələ də mahnıları dinlənilir, hələ də sevilir. O da böyük sənətkar olan oğlu onun yolunu fəxarətlə davam etdirir.
Mən Bülbüldən və Polad Bülbüloğlundan danışıram.
Bu 26 sentyabr günü Bülbülün vəfatı günüdür.
SSRİ Xaıq artisti Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb. 1909-cu ildə ailələri Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayır...
1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşğul olub. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb
1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirilib. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış edib.
Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938–1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir. Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. O, həm də parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır.
Oynadığı əsas partiyalar
1. Koroğlu – Üzeyir Hacıbəyov, "Koroğlu",
2. Əsgər – Üzeyir Hacıbəyov, "Arşın mal alan"
3. Qərib – R. M. Qlier, "Şahsənəm"
4. Əlyar – Müslüm Maqomayev, "Nərgiz"
5. Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami"
6. Fərhad – Niyazi, "Xosrov və Şirin"
7. Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən"
8. Mario – Cakomo Puççini, "Toska"
İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər
- "Sənsiz" – Üzeyir Hacıbəyov
- "Sevgili canan" – Üzeyir Hacıbəyov
- "Ölkəm" – Asəf Zeynallı
- "Süsən sünbül" – xalq mahnısı
- "Yaxan düymələ" – xalq mahnısı
- "Qara gözlər" – xalq mahnısı
- "Çal-oyna" – xalq mahnısı
- "Segah təsnifləri"
- "Xumar oldum" – xalq mahnısı Niyazinin işləməsində
Filmoqrafiya
1. Doğma xalqıma
2. Asəf
3. Bülbül və Asəf
Təltif və mükafatları
1. "SSRİ xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Stalin" mükafatı (2-ci dərəcə)
4. 2 dəfə "Lenin" ordeni
5. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni
6. "Şərəf nişanı" ordeni
7. "Moskvanın 800 illik xatirəsinə" medalı
8. "Qafqazın müdafiəsinə görə" medalı
9. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
10. "Qaribaldi" medalı (İtaliya)
11. 2 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib
12. Sumqayıtın fəxri vətəndaşı olub
Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Birinci Fəxri Xiyabandadır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)