Sözdən yaranan incilər – NİZAMİ GƏNCƏVİ Featured

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

 NİZAMİ  GƏNCƏVİ    (1141-1209-cu illər), şair və filosof

 

-  Ürəkdən gələn söz ürəyə yeriyir.

-  Sevənin gözləri kor olur.

-  Elə olur ki, sevgi hiss olunmadan keçib gedir.

-  Dostsuz günlər – acı fəlakətdir.

-  Bəlanın böyüyü dostsuzluqdur.

-  Sevincdənmi, kədərdənmi nəmlənib,

Gözlər o gözlərdir, yaş o yaş deyil.

Cəm gözəllik camalında cəmlənib,

Baxış o baxışdır, qaş o qaş deyil.

-Göydə ol, yerdə ol, fərqi yox bunun,

Torpaqsan, yenə də torpaqdır sonun.

-Kim tikan əkərsə, tikan dərəcək,

Kim nicat verərsə, nicat görəcək.

-Alimlə xoş rəftar etsən əgər sən,

Özün öz elmini aşkar edərsən.

-Səninlə biri xoş danışsa əgər,

Könüldən dinlə ki, bir xeyri dəyər.

-Bir cizgi naxışdan çıxırsa kənar,

Başqa cizgilər də bütün pozular.

-İnsan etsə əgər bir işə vərdiş,

Çətin olsa belə, görülər bu iş.

-İnsana arxadır onun  kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

-Taxtın payəsini o qədər yüksəlt,

 Yıxıldığın zaman çəkmə əziyyət.

-Ömür keçib gedəndi, dünya qalandı sənə,

Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.

-Öz halal zəhmətinlə namuslu insan sayıl,

Hər yetənə alçalma, əl açıb olma sail.

-Ağıl-kamal bəsləməz igidliyə ədavət,

Hümər də, igidlik də ədavətdir, ədavət.

-Xidmət etmək sayılır kişilikdən insana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

-Ömrümüzün günü sayılır bir-bir,

Eşqsiz keçən gün ölü deməkdir.

-Poladdan dağ olsa, yenə də inan,

Vurub parça-parça dağıdar insan.

-Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana.

-Bir olsa yoldaşın, dostun əməli,

Daşdan su çıxardar onların əli.

-Dünya gedərgidir, dalınca getmə!

Qalmayacaq şeyə sitayiş etmə!

-Bir inci saflığı varsa da suda,

Çox içiləndə dərd verir o da.

 

    Sülh, müharibə, ədalət və zülm haqqında

 

Atəşi üfürsən alışıb yanar,

Onu suya bassan, sönər aşikar.

- Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

- Haqq sözü eşitmək istəməyənlər,

Ağlını itirib hədər ölərlər.

- Künc-bucaqda qalana sən bu qədər atma ox,

Yoxsulların ahından, qarğışından çəkin, qorx. 

-Dünyanın işini yaxşı düşün  sən,

Nə əksən, onu da sən biçəcəksən.

-Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran.

 

 Hünər, cəsarət və mərdlik haqqında

 

- Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən məmnun qalırsan?

 -Sən də süsən kimi ipəkdən olsan,

Səni saf  torpaq da yaralar, inan!

-Zəlillik ürəyə ağrılar salar,

Zülmə dözənlərin sonu xar olar.

-İnsanı sarsıdar göz yaşı, nalə,

Ah çəkib, of edən yetməz kəmalə!

-İradəsiz olma, iradəsizlər,

Ayaqsız qurd kimi yerdə sürünər.

-Fil keçsin üstündən tapdalayaraq,

Xəsis adamlara əl açma ancaq.

 -Mərd olmaq gərəkdir həyatda hər an,

Mərdliklərlə çatar arzuya insan.

-Evdə tək arpası olmayan bir kəs,

Yarım arpa qədər minnət götürməz.

 -Heç qorxma acizə zülm edən kəsdən,

Yoxsa qul olarsan sən ona hökmən.

 -Yüksəklərə ucaldar hünər, cəsarət səni,

Hünərsiz alçalarsan, tapar rəzalət səni. 

-Böyüklə vuruşda insan ad alar,

Alçaqla vuruşda özü alçalar.

-Aman istəyincə qurbağalardan,

Balıq tək  sulara tez qərq olarsan.

-Qanı çörəyinə yavanlıq etsən,

Papağı dik saxla, baş getsə əldən.

- Mərdə təmiz adı candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir.

-Ovcumun içində olsa da belə,

Dikmərəm gözümü özgə mülkünə.

 

 Dostluq və düşmənlik haqqında

 

-Ehtiyatsız bir quş düşərsə tora,

Başqa quşları da sürüklər ora.

-Dost qəlbi torpaqdır, ona toxunsan,

Əlin paklaşacaq bu toxunuşdan.

-Heç kimsəylə yola getmirsə bir kəs,

Ona bel bağlanıb bir iş görülməz.

 -Ağıllılar bilir, tək yesə hər kəs,

Təklikdə də ölər, dost-aşna görməz.

 -İstəyirsən evin salamat qala,

Evə  yad adamı  buraxma əsla.

  

Xalqa xidmət və xeyirxahlıq haqqında

 

-Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

-Yaxşılığı əzəldən adət etsən özünə,

O yaxşılıq hər yanda qapı açar üzünə.

- Belə misal çəkmiş aqil bir insan:

“Qurd girməz sürüyə yatmasa çoban”.

-Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zər-xara.

- Hünər ardınca qoş, xalqa xeyir saç,

Qapılar bağlama, ər ol, qapı  aç.

 -Səadət kamalla yetişər başa,

Xalqa xidmət elə, ədəblə yaşa.

 -Bulud tək damcıyla su al dənizdən,

Verəndə bol-bol ver, əsirgəmədən.

 -Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?

-Bir elm öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.