8 şəhərdə abidələr ucaldan, Şamaxıda bəy, Moskvada Boyar kimi tanınan Memar Featured

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

“Yeri tərsa qızı mən də səni sayə gəlim. Tutum damənindən kilisayə gəlim. Ya sən islamı qəbul elə, ya mən dini Məsihayə gəlim”.  700 ilə yaxındır dünya türkləri həm də, qüdrətli Azərbaycan şairləri- Seyid İmadəddin Nəsiminin, Cahan şah Həqiqinin, Hüseyn Cavidin, Məhəmmədhüseyn Şəhriyarın bu və buna oxşar, “xristian gözəllərinə” həsr olunan misralarına görə tolerantlığın ünvanı hesab edilir.

 

Amma kimsə əzəməti ilə Kremlin təməlini qoyub qala divarlarını, tarixi tikililərini quran, şamaxılı memar Əli ibn Sübhan Kərimi  Kut Şirvaninin eşqinə Böyük Rus knyazlığının sarayını Penza Monastrına dəyişən, saçını dibdən təraş etdirib rahibəliyi qəbul edən Knyaginya Annanın Böyük sevgisindən danışmayıb. Knyaz Dmitri İvanoviçin bacısının qızı sonralar “Borodino döyüşü” kitabının əsas qəhrəmanlarından biri kimi yaddaşlara yazılan Əli İbn Sübhan oğlu Şirvanini elə-belə sevməmişdi, onu könlünün sarayında sultan etməmişdi. Ondakı Qafqazlı əzəmətini, Azərbaycanlı ürəyini sevmişdi. Sevgisi yarım budaq olsa da, ondan dönməmişdi. Qətlinə fərman verənləri, sevdasına əl uzadanları kəsdiyi hörükləri, bir daha tük gətirməsinə icazə verməyəcəyi kəlləsi ilə cəzalandırmışdı. Əli İbn Sübhan Kərimi Kut Şirvani Moskvadan ayrılanda onun günahsız başını bədənindən ayırmışdılar.

Bu yazı adına ancaq bədii ədəbiyyatda rast gəldiyimiz, təməlini qoyduğu memari incilərdə imzasını qoyan Böyük Memarın sevgisindən, həm də ona olan sonsuz sevgidən bəhs edir. Lütfən oxuyun. Bir yazıda da qeyd etmişəm: Adəm Həvvanı sevib cənnətdən, Züleyxa Yusifi sevib səltənətdən oldu. Məcnun Leylini sevib səhralara düşdü. Knyaginya Anna Şamaxılı memarı, daha doğrusu Böyük Rus Knyazlığının əsas məbədinin- Kremlin memarı Əli İbn Sübhan Kərimi Kut Şirvanini sevib saraydan oldu. Nəsiminin, Həqiqinin, Cavidin, Şəhriyarın sevdiyi “gözəllərin” yerinə onu – o, Böyük Memarı sevdi!

 

Memar Sinan kimi Yaxın və Orta Şərqdə nüfuz sahibi idi

Yaratdığı memari incilərlə Yaxın və Orta Şərqdə, Güney Qafqazda, Səfəvilər imperiyasında, Hindistanda məşhur olan Əli İbn Sübhan Kərimi Kut Şirvani (Əli Sübhan oğlu Kərimli) 1322-ci ildə Şamaxıda dünyaya gəldi. Soyu, soykökü, şəcərə dəftəri ilə Osmanlı Sultanlarına, Dərbəndilərə bağlı olan memar bəşəri dəyərlər xəzinəsini zənginləşdirən incilərin təməlini qoydu. Dəməşqin Bağlar bölgəsindəki qədim məhəlləsində Şərq memarlıq məktəbinə məxsus üç əzəmətli dörd mərtəbəli binanın, Dəclə çayı üzərindəki beş taclı Bağdad körpüsünün, Krım yarımadasında Bağçasaray mülkünün və fəvvarələrin, Gürcü İmeretiya Çarlığının paytaxtı Msxetada Knyaz Dodianın sarayının, Təbrizdə Kərim Ağa torcasının, Şirazda 80 otaqlı karvansaranın, Dəbir şəhərindəki Cümə Məscidinin, Şamaxıda qalıqları bu günədək qalan şəhərə giriş körpüsünün və onlarla tarixi tikilinin müəllifi kimi şöhrət tapan Memar yaratdığı abidələrlə yanaşı ədəbi qəhrəmanına çevrildiyi bədii əsərlərdə yaşayır.

 

Ya Əmir! Türküstanda məndən çoxdur, Şirvanşahlığında yoxdur

Memar Sinan kimi Yaxın və Orta Şərqdə tanınan, Şirvanşahlar dövlətində nüfuz sahibi olan, sarayın baş memarı kimi xüsusi hörmətə malik olan Əli İbn Sübhan Kərimi Kut Şirvani Şirvanşah İbrahimin sarayında baş köşədə yer alardı. Bu məşhuri – cahan Memarın yaratdığı abidələrə görə ona xüsusi dəyər verən dünya fatehi Əmir Teymur Azərbaycana yürüşü, Şirvanşah İbrahimlə görüşü zamanı Şirvanın iki incisi – Seyid İmadəddin Nəsimi və Əli İbn Sübhan Kərimi Kut Şirvani ilə maraqlanmışdı. Nəsiminin qolundakı buxovu açıb onun azad ruhunun dalıyca getməsinə şərait yaradan Əmir Teymur, Memar Əli İbn Sübhan Kərimi Kut Şirvanini Səmərqəndə aparmaq istəsə də, Şirvanın sərt qayaları, qalaları kimi məğrur Memarını onun Vətən sevgisinə bağışlamış, yerindən, yurdundan etməmişdi. Onu da, Şeyx İbrahimi də Peyğəmbər əlyehissəlam sevgisinə, etiqadına bağışlamışdı. Memarı Qarabağdakı iqamətgahında qəbul edən Əmir Teymur onun istəyini qəbul etmişdi: “Ya Əmir! Əmrin olar! Sayənizdə Türküstanda məndən çoxdur, məndən isə Şirvanşahlığında yoxdur. Buralar da,Sizin torpaqlardır!” Memari inciləri ilə dünyanı, bu tarixi kəlamı ilə Əmir Teymurun könlünü fəth edən Əli İbn Sübhan Kərimi Kut Şirvani  Əmirdən ənam alaraq öz yurduna, dəfələrlə zəlzələyə uğrayan, vətənə bağlı insanlarının iradəsi ilə yenidən qurulan Şamaxıya qayıtmışdı.

 

Boyar Boratinski Böyük Rus knyazının məktubunu Şirvanşah İbrahimə təqdim etdi

Hələ sağlığında şöhrətin çələngini başına qoyan, əfsanəyə, nağıla dönən, şöhrəti Şamaxının sərhədlərini aşan Böyük Memarın ayağına Böyük Rus Knyazlığından elçilər gəlmişdi. Onun bir memar kimi əzəmətinin aynası olan əsərləri Əmir Teymur kimi Böyük Rus knyazı Dmitri İvanoviçin də, diqqətini cəlb etmişdi. Məşhur memar-mühəndis Moskvaya knyazın dəvəti ilə getmişdi. Bu məqsədlə 1366-cı ilin sonlarında Knyaz Dmitri İvanoviçin elçiləri, Boyar Boratinski və Şirvanşahların Moskvadakı böyük elçisi Qafur bəy Sultan bəy oğlu Şirvani, Böyük Rus Knyazlığının digər rəsmi nümayəndələri və on süvari ilə Moskvadan Şamaxıya, Şirvanşah İbrahimin sarayına gəlmişdi. 1366-cı ilin sonunda – dekabr ayında Moskvadan çıxan nümayəndə heyəti 1367-ci il yanvarın 5-də 21 gün sonra, şaxtalı bir qış səhərində Şirvanşahlar sarayında rəsmi törənlə qarşılanmışdı. Böyük ehtiramla qarşılanan qonaqların şərəfinə süfrələr açılmışdı. Ziyafət başa çatdıqdan sonra Boyar Boratinski Böyük Rus knyazı Dmitri İvanoviçin məktubunu Şirvanşah İbrahimə təqdim etmiş və gəlişin məqsədini onun diqqətinə çatdırmışdı. Knyazın məktubundan bəlli olmuşdu ki, Yaxın və Orta Şərqdə, Güney Qafqazda, Hindistan və Türküstanda, Bağdadda, Dəməşqdə, Təbrizdə məşhur olan memar-mühəndis, Şirvanşahların Baş memarı Böyük Rus Knyazlığının saray kompleksinin qurulması üçün Moskvaya dəvət olunur. Dövlət üçün xüsusi əhəmiyyətli bir kadrın gedişi Şirvanşah İbrahimi açmasa da, dəvət qüdrətli bir dövlətin knyazndan gəlmişdi...

 

Knyaz Dmitri İvanoviç ona işə başlamamışdan öncə Boyar titulu və səlahiyyəti verdi

1367-ci il martın 14-də memar Əli İbn Sübhan Kərimi Kut Şirvani Knyaz Dmitri İvanoviç arasında müqavilə imzalanır. Müqavilənin şərtlərinə əsasən Memara bütün məsələlərdə sərbəstlik verilir. Heç kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə hətta knyaz Dmitri İvanoviç ona işə başlamamışdan öncə Boyar titulu və səlahiyyəti vermişdi. Müqaviləyə əsasən istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmamışdı. İşin həcmi, sürəti və keyfiyyəti üçün gərək olduqda Memar istədiyi vaxt yeni qüvvə tələb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərini dörd il müddətində tam başa çatdrılması idi. Memar bunun qarşılığında “Tikilinin nəinki fərqli gözəlliyə malik olacağına, hamının zövqünü oxşayacağına, min illərlə Moskvanı qoruyacağına, şəhərin əsas qürur və gözəllik məkanına çevriləcəyinə söz verir, buna əmin etmək üçün əlini arxalığının cibindən çıxardığı kiçik həcmli Qurani Kərimin üzərinə qoyaraq and içir.

İşin sürətlə getməsi, tikintinin uğurla başa çatması, ən azı bir il tez yekunlaşması üçün Memar tikintiyə rəhbərliyi də bəri başdan üzərinə alır. Bunun üçün özünün təklifi ilə yalnız götürülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səsvermə yolu ilə ən gözəl iş kimi qəbul edildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutulur. Ödəniş bu şərtə uyğun olaraq tikintiyə sərf olunacaq materialların dəyərinin tam yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdi. Amma iş başa çatana kimi rahat dolanmaq, ailəsinə göndərmək üçün hər ay ona 300 qızıl ayrılmışdı”.

Knyaz Dmitri İvanoviçin xüsusi ehtiramla, həm də ümidlə dəvət etdiyi,müasir dillə desək, dünyaşöhrətli Memarın bütün qayğılarla əhatə edilməsi üçün o, Knyazın bacısının malikanəsində yerləşdirilmişdi. Müqavilənin şərtlərinə daxil edilən bu bənd elə-belə seçilməmişdi. Bu həm də onun təhlükəsizliyi üçün idi. Knyaz belə bir layihəni gerçəkləşdirmək istəsə də, uzun müddət uyğun memar və mühəndisləri Böyük Rus Knyazlığında bulmamışdı. Baxmayaraq ki, hər il Əmir Teymurun dilə ilə desək, “xəzinəsinin yarısını” həm də, onlara xərcləmişdi”.

 

İkiçay arasının möcüzəsi- Kremlin təməli belə qoyuldu

Moskva qalasının tikintisinə əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd bir tərəfdən əhatə etdiyi adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatə edilmiş qala qurulmalı, İçərişəhər yaradılmalı idi. Qala divarlarının hərbi əhəmiyyətli hissələrində isə müxtəlif ölçülü və quruluşlu qüllələr, bürclər ucaldılacaq, darvazalar tikiləcəkdi. Şamaxılı memar-mühəndis öncə beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib Knyaz Dmitri İvanoviçə təqdim edərək təsdiqinə nail olur. Daha sonra isə kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Məsələnin bu tərəfi memarın vəzifəsi olmasa da, Böyük Memar özü şəhərin kasıb məhlələrini gəzib gözəgəlimli, qüvvətli gəncləri seçib tikitiyə cəlb edir. Bu minvalla o, qısa zaman kəsiyində 1500 işçi qüvvəsini, sağlam, qolu zorlu usta və fəhlələri bir araya toplayır. Və onlara bir də vəd verir: “Tikinti uğurla başa çatdıqdan sonra yaşadıqları daxmalar, köşklər içərisindəki əşyalar və ləvazimatlarla birlikdə onlara bağışlanacaq”.

 

 

Yepiskop İncildən, Şamaxılı memar isə Qurani Kərimdən ayələr oxudu

İndi çoxlarına əzəmətin nümunəsi kimi görünən Kremlin binasının da, mövcud olduğu Qala-Sarayın tikintisinə 1367-ci il martın 25-də rusların “Bloqoveşenie bayramı günü”ndə başlandı. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan nütflənməsi şərəfinə keçirilirdi. Bayram münasibəti ilə keçirilən mərasimdə  müsəlman memar Əli İbn Sübhan Kərimi Kut Şirvani kilsəyə gəlir, Məryəm ananın və İsa Məsihin adına şam yandırır. Dillərə dastan tikintinin təməli qoyulub möhrəsi qazılarkən min illər boyu sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoquna töhfələr verən, tolerantlığın ünvanına çevrilən, İpək Yolu boyunda yerləşən, adı tarixin atası Heredotun əsərlərində “Kamaxiya” deyə keçən, məşhur səyyahların əsərlərində çəkilən Şamaxının nişanəsi, daha doğrusu ata tərəfdən Osmanlı sultanlarının, ana tərəfdən Dərbəndilərə bağlı olan qüdrətli türk və müsəlman memar Əli İbn Sübhan Kərimi Kut Şirvani arxalığının cibindən yenə o məşhur Qurani-Kərimi çıxarır, “ Məryəm surəsi”ni avazla oxuyaraq Tanrının kəlamı ilə görüləcək müqəddəs işə xeyr duasını  verir. Knyazın fərmanına uyğun olaraq kimsənin onun işinə qarışmaq ixtiyarı olmadığından hətta, Metropololit Aleksey də bu məsələdə ona mane ola bilmir. Bununla da, bu gün dünyanın məşhur memari incilərindən sayılan Kreml və ona aid olan əzəmətli tikililərin təməli qoyulur. Bir tərəfdən Yepiskop “İncil”dən, digər tərəfdən Şamaxının əyilməzlik,  İslamın dönməzlik nümunəsi olan Memar Qurani Kərimdən müqəddəs kəlamları yer üzündən göy üzünə ismarlayır,  dinlərin, mədəniyyətlərin dialoquna töhfədə bulunurlar.Göydə mələklərin, Yauza çayında pərilərin xeyir-duası ilə kompleksdə işlər sürətlə davam edir. Gündə bir kərpic deyil, min kərpic hörülən bürclər, qüllələr, qala divarları analitik təfəkkürü, ensiklopedik biliyi ilə Yaxın və Orta Şərqdə, Güney Qafqazda, Türküstanda, Hindistanda, Dəməşqdə, Təbrizdə məşhur olan memar Əli İbn Sübhan Kərimi Kut Şirvaninin ruhunun aynası kimi Yauza çayının qoynundan Böyük Rus Knyazlığının baş kəndi – paytaxtı kimi boy verir.

 

Məşhur əsərlərə Şirvani künyəsi ilə imzasını qoydu

O, bu dünyaya sevməyə, sevilməyə, əbədi sevgisini, ilahi eşqini daşa, yaddaşa köçürməyə gəlmişdi. Odlar Yurdu Azərbaycanın məşhur memarları çox olmuşdur. Manna, Midiya, Atropatena, Albaniya, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi məşhur dövlətlərin, imperiyaların dönəmində var olan qüdrətli memarlar əzəmətli abidələr ucaltmış, qalalar çəkmişlər. Qobustanın Qayaüstü abidələrindən, Gəmiqayadan, Xudavəngdən, Ağoğlan Qəsrindən tutmuş Əcəmi Əbubəkir oğlu Naxçıvani, Şirvani, Naxçıvani, Qarabaği künyəsi ilə tişəni qan edən memarların günümüzə gəlib çatan abidələri bir millət, məmləkət olaraq daşa, yaddaşa  dönən imzamız olmuşdur.

Şirvanşahlar sarayında yetişən məşhur memarların Şamaxıda, Bakıda yaratdıqları abidələr, məbədlər, türbələr, məqbərələr, məscidlər, saraylar, qalalar, ovdan və kəhrizlər, hamamlar, qurduqları kanalizasiya sistemləri, dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən Şirvanşahlar Saray Kompleksi, İçərişəhər, Atəşgah məbədi, Səbail Qəsri və adlarını sadalamadığımız minlərlə abidə komplekslər, müqəddəs yerlər, ziyarətgahlar dediklərimizə əyani sübutdur. Şamaxıda, Dəməşqdə, Təbrizdə, Krımda, Bağdadda, Şirazda, Dəbirdə məşhur əsərlərə Şirvani künyəsi ilə imzasını atan, Kremlin memarı kimi yaddaşlara yazılan,  haqqında az yazılıb çox danışılan Əli İbn Sübhan Kərəmi Kut Şirvani onlardan biridir.

 

Kremli ucaldan Azərbaycan memarını tarixdən silmək olmadı

Adı daşa, yaddaşa yazılan Böyük Memarın faciəli sonluğu da kədərli bir xatirədir. “1371-ci il iyun ayının 22-də bir kazak atamı arxadan vuraraq Onun başını bədənindən ayırır. Bu hadisə Moskvada Smolenski yolunun 9-cu kilometrliyində - indiki Volokolamski yolunun başlanğıcında, soldakı talada Böyük Memarın Vətənə dönüşü üçün təşkil olunan vida ziyafətindən sonra baş verir”. Araşdırmaçı yazarların qənaətinə istinad edərək deyə bilərik ki, “belə bir qətlin icra olunmasında başlıca məqsəd Böyük Memarın adını yox etmək, Kremli ucaldan sənətkarı tarixdən silmək idi. Qəddarcasına qətlə yetirilən Əli Sübhan oğlu Kərimlini elə oradaca dəfn edirlər. (Burada söhbət Osmanlı və Şiraz mənbələrinin, Krım arxivşünaslarının rəsmi sənədlərə istinad edərək söz açdıqları Əli İbni Sübhan Kərimi Kut Şirvani kimi təqdim etdikləri memardan gedir. Ş.C) Bu ağır itkiyə görə daha çox üzülən Knyaz Dmitri İvanoviçin bacısı qızı Knyaginiya Anna olur. Onun memara məhəbbəti qarşılığını bulmasa da, o, bu ağır itkiyə dözməmiş, saçını kəsmiş, başını dibindən təraş etdirərək Penza Monastrına yollanmış, rahibəliyi qəbul etmiş, ömrünün sonuna qədər Memarın məzarının qulluğunda durmuşdur”.

“Məşhur Sovet yazıçısı Sergey Borodininin 1941-ci ildə qələmə aldığı “Dmitri Donskoy” tarixi romanında əsas obrazlardan biri kimi təqdim olunan Memar Əliş bəy Şirvanlı sonsuz sevgilərlə təsvir edilib. Sergey Borodinin onu romanında XIV yüz ildə Moskva Kremlinin ilk təməlini qoyan, daş divarlarını çəkən, qala və bürclərini hörən, isitmə, su təchizatı və kanalizasiya sistemini quran şamaxılı memar kimi təsvir edib. Ölkəmizdə ilk dəfə bu məşhur Memar haqqında məlumatlar Oqtay Eldəgəz tərəfindən verilib. Yazıçı Hafiz Mirzə isə Moskvada onun haqqında “Moskva Kremlinin memarı Kərimli” adlı povest nəşr etdirib. 2012-ci ildə isə Əli Əhmədoğlu “Kremlin memarının ödülü” adlı kitabını çapdan çıxarıb.”

 

Knyaginya Annanın damarlarında peçeneqlərin, poloveslərin qanı axırdı

Knyaginya Anna Əbədi sevgisi üçün monastra getdi. Böyük Memarın başını bədənindən ayıran Annaya aşiq ataman bir şeydi unutdu. Unutdu ki, bir Şirvan kişisinə aşiq olmaq, eşqin ən gözəlidi. Knyaginyadan sonra Əmir Teymurun oğlu Miranşah Şeyxüslislamın qızı Şəmsin könlünü qazanmaq üçün onun sevgisinin – Dövlət bəyin kəlləsini alıb önünə atanda Şəms: “Dövlət bəyin ölüsü də gözəldir!” nidası ilə onu heyrətləndirdi.

Böyük Rus Knyazlığının təməlində poloveslər, peçeneklər qədim türklər dayanır. Knyaginya Annanın damarlarında isə şübhəsiz ki onların qanından nişanə var. Yoxsa “Kəlləyə kəllə” ilə cavab verməz. Sarayı, səltənəti monastra, guşənişin həyatına dəyişməzdi. Əli İbn Sübhan Kərimi KutŞirvani pirlərin, övliyaların, sufilərin, xəlvətilərin, hürufilərin, Şirvani, Bakuvi imzası ilə qələm çalanların , Mürşid- Mürid ucalığı, müqəddəsliyi yaşayanların diyarından idi.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.