İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi Lütfi Zadəyə məxsusdur və nə yaxşı ki, bu şəxs azərbaycanlıdır. Bu gün onun anım günüdür. Böyükdən kiçiyə hət bir kəs qürurla onun adını çəkməlidir, ən azı.
Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.
Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayıb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
Onun 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi 6 sentyabr 2017-ci ildə ABŞ-nin Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 96 yaşında dünyasını dəyişib. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət edib. Bir sıra səbəblərdən alimin nəşinin doğma vətəninə gətirilməsi yubanıb. Nəhayət, 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınıb və 29 sentyabr saat 03 radələrində Bakıya çatdırılıb. Həmin gün alimlə AMEA-da vida mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edib. Onun yaxın qohumu, xalq artisti Cənnət Səlimova nümayəndə qismində çıxış edib. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilən yeganə şəxs olan Lütfi Zadə Eringen,IEEE Hamming, Rufus Oldenburger medalları, IEEE Şərəf Medalı, 2012 BBVA Foundation Frontiers of Knowledge Award Tehran Universitetinin Fəxri Doktoru, IEEE Təqaüdçüsü, AAAS Təqaüdçüsü, AAAI Təqaüdçüsü, Milli Mühəndislik Akademiyasının üzvü, Avrasiya Akademiyasının təsisçi üzvü mükafatlarına layiq görülüb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.09.2025)