MARAQLI SÖHBƏTLƏR - Ağdamda məhbəsdə dünyasını dəyişən Bəhram bəy Fədai kim idi? Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bəhram bəy Əsəd bəy oğlu Vəzirov 23 dekabr 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında doğulub. Sonra ailəsi Şuşa şəhərinə köçüb. Şuşa Realnı Məktəbini bitirdikdən sonra Sankt-Peterburq Dövlət Univerisitetinin Hüquqşünaslıq fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra Qarabağa geri dönüb və hüquq sahəsində çalışıb.

 

O, Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarındandır. AXC Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, "İttihad" Partiyasından Parlamentin üzvü seçilib. Aprel işğalından (1920) sonra müxtəlif müəssisə və idarələrdə çalışıb.

Bəhram bəy sovet dönəmində gizli fəaliyyətə keçib. Lakin, çox çəkmədən yerli adamların yazdığı şikayət ərizələri əsasında orqan işçiləri onu, qardaşını, qardaşı oğlunu izləməyə başlayıblar və hər üçü həbs olunub. Bəhram bəy hələ məhkəməsi olmamış, 1921-ci ildə Ağdam həbsxanasında vəfat edir. Bəhram bəy həm də şair idi. Fədai təxəllüsü ilə şeirlər yazıb.

Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" adlı əsərində yazır:

"Cənab Bəhram bəy Əsəd oğlu Vəzirzadə Qarabağın Şuşa şəhərinin əhalisindədir.Xoşxasiyyət, orta boylu cavandır.Yaşı təqribən 35-ə çatar. Qasım bəy Zakirin nəvəsi, Abdulla bəy Asinin bacısı oğludur. Fars və rus dillərində məharəti var. Etika elmində tayı-bərabəri yoxdur".

Ərəb dilini də bilirdi, erkən yaşlarından fəlsəfə, islam elmləri, tarix kimi sahələr üzrə təhsil alıb. Bəhram bəy Vəzirovlar ailəsinin üzvü olub.Q.B.Zakir onun babası idi və ana xətti ilə Qarabağ xanları ilə qohumluq əlaqəsi var idi.

Atası Əsəd bəy Vəzirov həm şair, həm də həkim kimi fəaliyyət göstərib.

Qardaşları Baxış bəy Səbur və İsfəndiyar bəy Gülçin də şairliklə məşğul olub  və birlikdə "Məclisi-Üns" görüşlərinə qatılırdılar...

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.