Bu gün Çingiz Mustafayevin günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Milli Qəhramanı Çingiz Mustafayev – bu ad uşaqdan böyüyə hamıya tanışdır. Birinci Qarabağ müharibəsinin qəhrəmanı, mərdlik təcəssümü.

 

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. Əslən Şəkidəndir. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alıb. O, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olub. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.

Özünü islahatçı-novator görən Ç. Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradıb. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyib. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib.

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Həmin müddət vaxtı Çingiz Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açıb. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanıb. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü olub.

1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub.

 

1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edib.

Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı olub.

 

"Birinci Qarabağ müharibəsində iştirakı"

 

Çingiz Mustafayev səkkiz ay ərzində Birinci Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürüb. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb. Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi "Görüş yerini dəyişmək olmaz" filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:

"Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası – Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi."

 

"Xocalı faciəsi"

 

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb.  Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilib. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırlayıb. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film olub.

1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib. Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralanıb, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələnib və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişib. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edib.

 

2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

 

"Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib."

 

2017-ci ildə Çingiz Mustafayev yoldaşı və bəstəkar Rasim Müzəffərlinin verdiyi müsahibədən:

 

"Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum."

 

Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın sabiq, ehtiyatda olan hərbi həkimi Ali Qurbanlının 2024-cü ildə verdiyi müsahibədən:

 

"Çingiz Mustafayev hospitala gətiriləndə biz bütün hazırlıq işlərini görmüşdük. Ancaq o, bizim yanımıza çatdırılana qədər aldığı güllə yarasından həyatını itirmişdi - şəhid olmuşdu. İlkin baxışdan güllə yarasına oxşayırdı. Ancaq biz onu həm artıq həyatın itirdiyi üçün, həm də yaralılar çox olduğu üçün tam müayinə edə bilmədik. Böyük ehtimalla Çingiz Mustafayev qanaxmadan həyatını itirmişdi. Çünki onun yarası qarnının aşağı ətrafının üçdə bir hissəsində idi. Mənim yaddaşımda qalan bir güllə yarası almışdı."

 

Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın mühafizə taqımının komandiri vəzifəsində xidmət edən İntiqam Əsədovun 2024-cü ildə verdiyi müsahibədən:

 

"Vəziyyət gərgin olsa da biz təxliyə əməliyyatlarını dayandırmırdıq. Çingiz çox ağır şəraitdə - atəş pərdəsi altında götürüldü. Məsafə və yaranın güclü qanaxma yaşama ehtimalını sıfıra endirirdi. Mən sonradan Çingizin gətirildiyi qanlı xərəyi götürüb kənd ərazisində yerləşən Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində eksponat kimi saxladım. Çingiz Mustafayevi tibb xidmət mənsubları Elmidar Vəliyev və Gültəkin Əsgərova təxliyə etmişdilər"

 

Elmidar Vəliyev və Gültəkin Əsgərova isə cəmi bir gün sonra, Naxçıvanlı kəndində qarşı tərəfin atdığı minaatan mərmisinin partlayışı nəticəsində həlak olublar. Gültəkin Əsgərova ölümündən sonra göstərdiyi xüsusi şücaətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına, Elmidar Vəliyev isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunublar.

 

Çingiz Mustafayev 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır. 

 

2010-cu il avqustun 28-də ABŞ-nin CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb.Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilən vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub. 2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olub.

 

"Çingiz zirvəsi"

 

"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var.

 

"Çingiz Mustafayev adına Fond"

 

1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Atası Fuad Mustafayev fondun prezidentidir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond KİV işçilərinin təhsil almasına və "Çingiz Mustafayev" adına düşərgəyə yardım edib.

 

"Musiqidə"

 

1996-cı ildə Dəyirmanın sayca 2-ci olan "Qurd" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub. 2004-cü ildə repçi Hüseyn Dərya "Oyan bəxtim" albomundan olan "Çingiz Mustafayev" mahnısını jurnalistə həsr edib.

 

"Filmoqrafiya"

 

1. Adam cinsi arasında cins adam

2. Azərbaycana namus və sevgiylə

3. Bəd xəbər gətirən qəribə insanlar-2

4. Bəd xəbərlər gətirən qəribə adamlar

5. Özgə ömür

6. Payızın 17 anı

7. Yaramaz

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.