İnci Məmmədzadə, “Ədəbiyyatvə incəsənət”
Azərbaycanın çox görkəmli alimini 2023-cü ilin 16 dekabrtarixində itirdik. Belələri haqqında deyirlər - o, xalqının kisəsindən getdi.
Yaşasaydı, bu gün 79 yaşını qeyd edərdi...
Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olub. 1965-ci ildə burada orta təhsilini başa çatdırıb. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılıb. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi alıb, 1988–1998-ci illər arasında Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub.
1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olub, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərib. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvüdür.
1991–1992-ci illərdə Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Ağdəniz Universitetində professor vəzifəsində çalışmış və dərs deyib. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq universitetinin fəxri professorudur. Azərbaycan Yazıçılar Birliyinin məclis, Ali Attestasiya Komissiyasının ekspertlər şurasının üzvü olub. Dünyanın 20-dən artıq ölkəsində elmi konfranslarda çıxış edib.
Həmçinin çoxcildli Türk Dünyası ədəbiyyatı kitabının redaksiya şurasının üzvü, Türkiyədə çap olunan "Bilgi", "Yol", "Milli folklor", "Türkologiya" (Qazaxıstan) dərgilərinin redaksiya heyətinin üzvü olub.
Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, dövri mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə "Ey Füzuli" esse-romanı "Azərbaycan" jurnalının 6–7 nömrələrində çıxıb. Məhəmməd Füzulinin "Türk divanının dibaçəsi"ni, Əlişir Nəvainin "İki dilin mübahisəsi" Yusif Balasaqunlunun "Qutatqu bilik" əsərini ön sözlə kütləvi tirajla nəşr etdirib. İndiyədək 40 elmi monoqrafik əsərin, 500-dən çox məqalənin müəllifidir.
Əsərləri
1. Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy
2. Elimizdən, obamızdan
3. Azərbaycan dilinin poetik sintaksisi
4. Azərbaycan dil tarixi
5. Dastan poetikası
6. Sözün sehri
7. Elin yaddaşı, dilin yaddaşı
8. Bizim sözler, gözəl sözlər
9. Mənim Füzulim
10. Azərbaycan dövlət dili siyasəti
Mükafatları
1. Türkiyə Respublikası prezidentinin fərmanı ilə Türkiyə Cümhuriyyəti "Şərəf və Ləyaqət nişanı"
2. Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatları
3. Çingiz Aytmatov Akademiyasının fəxri üzvü
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.08.2025)