MARAQLI SÖHBƏTLƏR – ABŞ prezidentini heyran edən bizimkilər Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1919-cu il mayın 28-də Azərbaycan Cümhuriyyəti dövlət müstəqilliyinin birinci ildönümünü təntənə ilə qeyd edir. Həmin gün Parisdə bu təntənələrin apogeyi sayıla biləcək mühüm bir siyasi hadisə baş verir - sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tarixə konfransın memarı və məşhur “Vilson prinsiplərinin” müəllifi kimi daxil olan ABŞ -ın 28-ci prezidenti, Nobel Sülh Mükafatı laureatı, Vudro Vilson tərəfindən qəbul edilir.

 

ABŞ Prezidenti azərbaycanlı diplomatlarla görüşdə onlara o qədər heyran qalır ki, Birləşmiş Ştatlara qayıtdıqdan sonra 1919-cu ilin sentyabr ayında ABŞ-ın qərb və cənub ştatlarına səfəri zamanı etdiyi ictimai çıxışlarda bu görüşü dəfələrlə xatırladır.

1919-cu il sentyabrın 10-da Bismarkda (Şimali Dakota ştatı) və bir neçə gün sonra, sentyabrın 18-də San Fransiskoda seçiciləri ilə görüşən ABŞ prezidenti yenidən Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin timsalında tanıdığı Azərbaycanı və bu uzaq ölkədən gəlmiş insanlarla təmasın öz üzərində buraxdığı pozitiv təəssüratı xatırlayaraq deyir: “ Siz bu vaxta qədər  heç Azərbaycanın adını eşitmişdiniz? Siz Azərbaycanın harada yerləşdiyini bilirsiniz? Deməli, günlərin birində yanıma əslən Azərbaycandan olan bir neçə nəfər çox ləyaqətli və maraqlı centlmen gəlmişdi. Onlardan ölkələrinin harada yerləşdiyini soruşmağa cəsarət etmədim, sonra gizlicə onların harada yerləşdiyinə baxdım və Cənubi Qafqazda yerləşən, çiçəklənən bölgədə yaşadıqlarını, qədim və böyük sivilizasiyaya malik olduqlarını müəyyənləşdirdim. Bu insanların işləri barədə heç nə bilməsəm də, mənə nə dediklərini, onların nə danışdıqlarını bildiklərini anladım. Mən bu adamlarla eyni dildə - fikir və ideyalara hörmət, azadlıq düşüncəsinə, hüquq və ədalətin aliliyinə ehtiram dilində söhbət etdim”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.