MARAQLI SÖHBƏTLƏR – Bir şillənin bədəli Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Növbəti maraqlı söhbətimizdə bu dəfə Hindistana güzar edəcəyik. Bu hadisə Hindistanın ingilislər tərəfindən işğal edildiyi illərdə baş verib. Həmin dövrlərdə ingilis zabitləri ölkədə "at oynadırdı". Onlara qarşı çıxmaq, söz qaytarmaq belə müdhiş cinayət sayılırdı.

 

Bu mühit zabitlərin əksəriyyətini azğınlaşdırmışdı. Amma ingilislərin özbaşınalığı ilə bağlı narazılıq getdikcə artırdı.

Belə bir dövrdə bir ingilis zabiti heç bir səbəb olmadan bir hindliyə sərt bir sillə vurmuşdu. Hindli kişi dərhal bir yumruqla zabiti yerə sərmişdi. Bu cavabı gözləməyən zabit həm qorxmuş, həm də çox əsəbləşmişdi.

Təkbaşına bir şey edə bilməyəcəyini bildiyindən kömək almaq üçün qərargaha getmişdi.

Necə ola bilərdi ki, adi bir hindli İngiltərə Krallığının zabitinə əl qaldırsın?! Zabit generalın yanına gedib hadisəni danışmış və ondan kömək üçün əsgər istəmişdi. General onu dinlədikdən sonra bir otağa aparmış və aralarında belə bir dialoq olmuşdu:

Bir seyfdən 50.000 rupi çıxarıb zabitə verən general:

— Bu pulu bu gün sənə sillə vuran hindliyə ver və ondan üzr istə!

Bunu eşidən zabit hiddətlənmişdi:

— Zavallı bir hindli Böyük Britaniya Krallığının zabitinə əl qaldıracaq və mən ondan üzr istəyəcəyəm?

General sərt şəkildə cavab vermişdi:

— Bu əmrdir! Sual vermədən yerinə yetirəcəksən!

Zabit çarəsiz şəkildə pulu götürmüş, hindli kişiyə verərək ondan üzr istəmişdi. Hindli kişi o dövrün pulları ilə demək olar ki, bir sərvət sayılan bu pula çox sevinmişdi. Bu pulla ev, maşın və s. almış, bir müddət sonra tanınmış tacirlərdən biri olmuşdu.

 

Sonrası daha da maraqlıdır. Ərz edim, qulaq asın.

 

Bu hadisənin üstündən aylar keçir. Bir gün general sillə yeyən zabiti yanına çağırır:

— Vaxtilə sənə sillə vuran hindlini xatırlayırsan?

Zabit:

— Onu unutmağım mümkün deyil, cənab.

General:

— İndi intiqam vaxtıdır. Get, çoxlu adamın içində onun üzünə sillə vur! Hər kəs görsün!

Zabit etiraz edir:

— O vaxt kimsəsiz idi, ona vurmağa icazə vermədiniz. İndi şəhərin tanınan adamlarından biridir. Ona vursam, ətrafındakılar mənə hücum edə bilər, cənab!

General özünə arxayın şəkildə deyir:

— Narahat olma! Dediyimi et! Get ona vur və qayıt!

İngilis zabit hindli kişinin mağazasına gedir. Orada onun işçiləri və çoxlu müştəri olur. Zabit heç nə demədən içəri daxil olur və ona elə bir sillə vurur ki, hindli kişi yerə yıxılır. Amma nə qarşılıq verir, nə də yerindən qalxır. Hətta zabitin üzünə baxmağa belə cürət etmir. Qarşılıq görməyən zabit təəccüblənir. İntiqam hissi ilə sevinərək generalın yanına qayıdır.

General:

— Səni həm sevincli, həm də heyrət içində görürəm.

Zabit:

— Bəli, cənab. O hindli, ilk dəfə kimsəsiz olanda ona vurduğumda susmadı, mənə yumruqla qarşılıq verdi. Amma bu gün mal-dövlət sahibi olduğu halda ona vurduğumda nə cavab verdi, nə də bir söz dedi.

General:

— Çünki ilk dəfə izzəti-nəfsi vardı. Onu özünün ən böyük sərvəti bilirdi və qorumaq üçün sənə qarşılıq verdi. Amma indi o, izzəti-nəfsini pula satıb. Çünki bilir ki, sənə cavab versə, maraqları təhlükəyə düşə bilər. Ona görə də özünü müdafiə etməyə belə cəsarət etmədi.

 

Gördüyünüz kimi izzəti-nəfsini satanlarda şərəf olmur və belələri heç vaxt xoşbəxt olmurlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.