MARAQLI SÖHBƏTLƏR – Necə olur ki, kolbasa, sosiska və vetçinaları Karl Benzə sırıyırlar Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu dəfə yolumuz Almaniyayadır.

Bir dəfə heç kimə məlum olmayan alman mühəndisi və dünyanın ilk daxili yanma mühərrikli avtomobilinin ixtiraçısı Karl Benz  üç velosiped təkəri olan "Motorwagen" adlı benzin mühərrikli ilk özüyeriyən maşını ehtiyatla işə salır və Manheym şəhərinin böyük meydanına sürür. Meydana  göz gəzdirən Benz burada nəqliyyatın hərəkətinə heç bir maneə görməyir...

 

Amma təəssüf ki, meydanın o tayında bir evin kölgəsində dayanmış arabalı atı görməyir. Arabanın üstündə isə kolbasa, sosiska və vetçina yığılmışdı. Bu bir  yerli kolbasa istehsalçısı idi və mallarını müştərilərə çatdırırdı. At qəribə və qorxulu, yüksək səslə cingildəyən və dəhşətli dərəcədə tüstülənən arabanın düz ona doğru irəlilədiyini görən kimi hürküb qaçmağa başlayır. Bu zaman arabada olan vetçina və ət məhsulları  yerə tökülərək səki boyu səpələnir. Böyük qalmaqal baş verir. Kolbasa ustası dərhal “şeytan maşını”nın sürücüsündən dəymiş ziyanı ödəməyi tələb edir. Əlacsız qalan Karl Benz yolda toz üstünə tökülmüş  bütün ət məhsullarını almalı olur. Baxmayaraq ki, o vaxtlar onun pula çox ehtiyacı var idi.

Bu hadisə Benzə çox təsir edir. Bu haqda  dostlarına deyir: "Kolbasa satıcısı  mənə açıq-aşkar istehza ilə deyir ki, ötən bazar günü necə yaxşı alver edib... O, bölgənin ən varlı adamıdır. Amma mənə də Benz deyərlər, ilk avtomobilimi ona satacağam. Bu mənim revanşım olacaq!"

Qeyd etmək lazımdır ki, Karl Benz əvvəllər üç təkərli “Motorwagen”ini heç cür sata bilmirdi. Benzin mühərrikli bu araba insanlarda inam yaratmırdı: ətrafdakılara təhlükəli, çox səs-küylü və əlverişsiz görünürdü. İxtiraçı Manheym şəhəri ətrafında gəzərkən həm atları və piyadaları qorxudur, həm də maşının benzin bakının həcmi kiçik olduğundan, onu tez-tez doldurmalı olurdular. Benzin isə həmin vaxtlarda ancaq apteklərdə satılırdı.

 1887-ci ildə "Motorwagen" Parisdəki Ümumdünya Sərgisində iştirak edir. Və bundan bir il sonra, 1888-ci ildə Karl Benz nəhayət Almaniyada ilk avtomobilini satır. Təəssüf ki, Karl Benzin ilk avtomobilinin məhz Manheymdəki həmin kolbasa ustasına və ya başqa bir qəssaba satdığı haqda dəqiq fakt yoxdur. Bu məlum deyil və tarix bu haqda susur.  Bununla belə, əminliklə söyləmək olar ki, vəd edilmiş revanş alınır – illər sonra nəinki Almaniyanın, eləcə də dünyanın bütün kolbasa istehsalçıları artıq öz məhsullarını arabalarla deyil, daha rahat olan mühəndis Benzin avtomobilləri ilə daşıyırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.