Vaqif Səmədoğlunun “Yaman ölməli gecədir...” şeiri və Varis Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Ədəbiyyat və incəsənət" portalının  dəyərli izləyiciləri, hər birinizə salam olsun. "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının budəfəki qonağı çağdaş ədəbiyyatımızın sevilən roman ustadı, ən çox oxunan, sevilən müəlliflər siyahısında yer alan Varis bəydir.

 

-- Xoş gördük, dəyərli Ustadımız, romanlarınızı oxuyarkən şeir parçalarından məharətlə istifadə etdiyinizi bilirik. Bu şeir parçaları obrazın daxilindəki təlatümü bildirərək tematik bağlılığı ilə oxucunu daha da təsirləndirir.

Əziz Ustadımız, hal- hazırda bilmirik, bəlkə də, hansısa romanınız doğulmağa hazırlaşır, ya hekayəniz tamamlanır. Elə bu anın ovqatına uyğun olaraq Sizə də " Sevdiyin şeiri gəl mənə söylə" deyirik.

 

-- Xoş gördük.

“Sevdiyin şeir” anlayışı həqiqətən də özündə bir müvəqqətiliyi, aniliyi ehtiva edir. Səndən sevdiyin şeiri söyləməyini istədikləri anın ovqatına bələnmiş olur.

Bax indi, yayın bu qızmarında, iyulun bu sonuncu günündə, avqustun ərəfəsində içimdə hisslər burulğanı çövlan etməkdədir. Dünyamızın ağrı-acıları, dörd yandan üstümüzə şığıyan bəd xəbərlər, yaşadığımız zəmanənin insani münasibətlərə qılınc çəkməsi, mənəvi deqradasiya xofu – hamısı birləşib müdhiş bir kədərə sürükləyib məni.

Şeir məgər musiqi ilə eyniyyət təşkil etmirmi? Xoş günündə, toy-düyündə diringi musiqilərə alüdə olub da ağrılı-acılı anlarında, qüssəyə, kədərə batanda insan həzin, ağır, ləngərli musiqi axtarmırmı?

Şeir də elədir.

İyulun 30-dan 31-nə keçən bu zil qaranlıq gecədə cismən olmasa da ruhən təkəm, lap yalquzaq təkliyi kimi bir təklik duyuram. Yazmaqla, kədər yükümü kağızlara daşımaqla təsəlli tapmaq istəyim də nəticəsiz qalmaqdadır.

Biz ömür karvanına qoşulub gedincə nə sarvan, nə dəvələr yorğunluğumuzu nəzərə almazlar, eyni ahənglə irəliləyərlər. Belədə, geri qalmamaq üçün daha inadla, zor gücünə hərəkət etməyə məcbur olarıq. Nəfəsimiz təntiyər, gözlərimiz qaralar, ayaqlarımız təpərdən düşər.

Və belə anda ən böyük arzumuz bir dayanacağa yetişmək olar.

Hətta, bu – son dayanacaq olsa belə.

Bu da 2025-ci ilin 30 iyulundan 31 iyuluna keçən gecədə sizə söyləmək istədiyim sevdiyim şeir.

Onun müəllifi Vaqif Səmədoğludur.

“Yaman ölməli gecədir...”

 

Kağızın üstünə düşüb,

İki əlimin kölgəsi.

Yenə də lap zilə qalxıb

Təkliyin yalquzaq səsi...

 

Vaxtdan yaxa qurtarmışam,

Bilmirəm saat neçədir.

Ay yarımçıq, ulduzlar yox,

Yaman ölməli gecədir...

 

Nə varım var, nə barxanam

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa...

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.