Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri və Nigar Həsənzadə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam dəyərli izləyicilərimiz, bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı gənc istedadlı yazar, BDU- nun Jurnalistika fakültəsinin tələbəsi əməkdaşımız Nigar Həsənzadədir.

 

-- Xoş gördük, Nigar xanım, sözü Sizə veririk.

 

-- Salam, əziz Ülviyyə xanım, xoş gördük.Mən, Nigar Həsənzadə, ziyalı ailəsində dünyaya gəlmişəm. Hələ uşaq yaşlarımdan sözə, ədəbiyyata və sənətə dərin marağım olub. Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıram. Qiraət və bədii yaradıcılıqla məşğul olmaq, şeir yazmaq və onları səsləndirmək mənim üçün sadəcə maraq deyil – bu, mənəvi ehtiyacdır, özümü ifadə formamdır. Məktəb illərindən bəri həm məktəbdaxili, həm də məktəbxarici tədbirlərdə fəal iştirak etmişəm. Universitet həyatımda da bu istiqamətdə inkişafımı davam etdirir, yazılarımı müxtəlif qəzet və platformalarda yayımlayıram.

Şeir mənim üçün ruhun qidasıdır. Hər dəfə sıxıldığımda, narahat olduğumda, içimdə sükutun səsi yüksələndə, bir guşəyə çəkilib çox vaxt sevdiyim bir şeiri səsləndirirəm, bəzən də özüm yazıram. Bəzən sözlər içimdən su kimi axır, bəzən də bir misra yetir bütün duyğuları daşımağa... Şeir çox gözəl vasitədir. İtirdiklərini axtarmağa...axtardığlarını da tapmağa...

Mənim üçün ideal anlayış yoxdur. İdeal şair, ideal şeir, ideal musiqi, ideal  müğənni. Bunlar mənim prinsiplərimdən kənardır. Mənə görə bu anın ən yaxşısı var. Bu rubrika üçün yazı yazmaq tapşırılanda ağlıma nədənsə məhz sevdiyim şeirlər içərisindən bu şeir gəldi..."Qara paltarlı qadın"

Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri mənim üçün sadəcə poetik bir nümunə deyil – o, ağır, dərin, sükutla danışan bir hissin təcəssümüdür. Elə bu səbəbdən bu yazımda həmin şeirə ədəbi və emosional yanaşma ilə toxunmaq istəyirəm.

 

 

 

Kişilər bir olmur, atam balası –

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var.

 

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dünyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

 

Göz yaşları yuduqca baş daşını

Qəbrində qurcalanıb deyəcəksən: ilahi,

İllər boyu ağlatdığım bu qadın

Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

 

Bircə kərə nə saçını oxşamışam,

Nə gözünü silmişəm.

Gözlərimə batır indi saçlarının hər dəni,

İllər boyu bu qadına mən axı dərd vermişəm,

İndi görən niyə çəkir dərdimi?

 

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,

Yumruğuyla döysə-döysə yaxşıdı.

Qəbrimin üstündə ağlamaqdansa,

Məni söysə yaxşıdı.

 

Yeri-yeri, qara paltarlı qadın,

Kiri-kiri, qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridir.

Baş daşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri – qəbrim damır – ağlama...

 

Bu şeir – vicdanla üzləşmə, peşmanlıq və gecikmiş dəyər bilmənin poetik tablosudur. Ancaq kişi heç vaxt bir saçını sığallamadığı qadının vəfasını özünə sığışdırmır. Heç vaxt dəyər vermədiyi bu qadının hələ də onun başdaşı üstündə olmasının öz xarakterinə aşağılıq hesab edir. Həm bir növ özü-özünü bağışlamır. Həm də bu qadının vəfasıza vəfalı olmasını bağışlamır nə özünə bəlkə də elə o qadına da. O qadının sevgisi altında əzilir. Bu sevginin yiyəsini bu cür onu əzdiyi üçün yəqin heç onu da bağışlamır. Amma ən böyük hirsi özünədir. Şairin yaratdığı kişi obrazı – sağlığında qadına dəyər verməyən, onu ancaq ağladan bir insandır. Amma öləndən sonra yaradılan obraz sanki qəbri sulayan ən saf göz yaşı bəzən onun ən çox incitdiyi qadının gözündən axır tezisini bildirir.

“Qara paltarlı qadın” obrazı Ramiz Rövşənin yaradıcılığında susqun, amma güclü qadın simvoludur. Bu obraz ağlayan, amma səsini çıxarmayan qadındır. “Qara paltar” – matəm, itki və sədaqət simvoludur.

Misralardakı səmimilik və təbii danışıq tərzi oxucunu dərindən silkələyir: 

“Məni söysə yaxşıdı..

Məni döysə yaxşıdı...”

Bu cümlələrdə peşmanlığın dərəcəsi o qədər dərin ifadə olunub ki, artıq şəfqət yox, cəza belə kişinin içindəki boşluğu doldura bilmir.

Mən bu şeiri oxuyanda sanki kişinin içindəki sükutun səsini eşidirəm. O, qadını sağlığında duymamışdı, indi isə onun göz yaşları içində qərq olur. Hiss edirəm ki, bu şeir təkcə bir kişinin deyil, bütün peşman insanların monoloqudur. Onlar sağlığında dəyər vermədiklərinə yalnız itirdikdən sonra “səs” verirlər.

Ramiz Rövşənin bu şeiri – “Qara paltarlı qadın” – susqun bir sevginin fəryadıdır. Şeir bizə göstərir ki, bəzən susqunluq hayqırışdan güclü, gecikmiş dəyər bilmək isə zamanın bağışlamadığı dərddir. Bu əsəri təhlil etmək sadəcə poetik baxış deyil, daxili bir sükutla üzləşməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.