İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
(Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadəyə ithaf olunur!)
Yaşadığımız bu il (2025) görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə təsadüf edir. Xoşbəxtlikdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 fevral 2025-ci il tarixində mərhum şairimiz Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncamda bildirilib ki, 2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur:
Həmin sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb...
Təbii ki, görkəmli Azərbaycan şairi B.Vahabzadənin 100 illik yubileyini nəzərə alaraq bu ildə onun şəxsiyyəti, dünyagörüşü, keçdiyi həyat yolu, xüsusilə də Azərbaycan ədəbiyyatı və poeziyasına təqdim etdiyi töhfələr araşdırılmalı, adı və yaradıcılığı müasir nəslimizə daha aydın və gözəl tərzdə aşılanmalıdır.
QISA BİOQRAFİK MƏLUMAT:
Vahabzadə Bəxtiyar Mahmud (Zəkəriyyə) oğlu oğlu. 16 avqust 1925 Nuxa - 13 fevral 2009 Bakı). - Azərbaycan şairi, ədəbiyyatşünası, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, (2000), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M. F. Axundov adına ədəbi mükafatın laureatı (1989), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995-2000)...
Həyatı:
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində bir fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra 1942-1947-ci illər ərzində ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Universitetin aspiranturasında saxlanmış, 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur.
Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə isə təqaüdə çıxmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O həmçinin, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991).
Ədəbi-bədii sahədən əlavə, təşkilatçı kimi də özünü sübut etmişdir. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. Hələ 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poemasına görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir.
O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Əsərləri dünyanın bir çox dillərinə tərcümə və nəşr edilmişdir.
Görkəmli Azərbaycan şairi və ədəbiyyatşünası mərhum Bəxtiyar Vahabzadə bir çox təltif və mükafatlara da layiq görülmüşdür. Bununla bağlı "Azərbaycan SSR Xalq şairi" fəxri adı - (26 noyabr 1984), "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (13 sentyabr 1974), SSRİ Dövlət mükafatı - (1 noyabr 1984), Azərbaycan SSR Dövlət mükafatı - (27 aprel 1976), "Əmək veteranı" medalı"; "İstiqlal" ordeni" - (15 aprel 1995), "Ləyaqət" ordeninin komandor dərəcəsi (Rumıniya) - (21 dekabr 2001) və s. göstərmək olar.
Məlumat üçün qeyd etmək lazımdır ki, görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də 83 yaşında ikən uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmiş, Fəxri Xiyabanda torpağa tapşılırmışdır. Ruhu şad, xatirəsi əziz, məkanı Cənnət olsun!
SUBYEKTİV BAXIŞIM:
Bəxtiyar Vahabzadə bir neçə səhifəlik yazı ilə təqdim ediləsi şair və şəxsiyyət sayılmır. Çünki o, malik olduğu bir sıra xüsusiyyətlərə görə sözün həqiqi mənasında bir məktəbdir.
Çağdaş Azərbaycan poeziyasında Bəxtiyar Vahabzadə öz insani keyfiyyətləri, şəxsiyyəti, həmçinin, milli-mənəvi dəyərlərə sədaqəti ilə yanaşı, həm də şeir və poeziya sahəsinin peşəkar və görkəmli nümayəndəsi olduğu üçün xüsusi özəlliyə malikdir.
O, heç də sıradan bir şair deyil, olmamış və bundan sonra da adi bir şair kimi yaddaşlarda qalmayacaqdır.
Bəxtiyar Vahabzadə sözün həqiqi mənasında şeir və şairlik məqamını dərk etmiş, eyni halda qələmi müqəddəs sayaraq ondan insani, milli-mənəvi dəyərlərə layiqincə istifadə etmiş müdrik insan, görkəmli və ziyalı bir şəxsiyyət idi.
Bir insanın həyatda bacarıqlı şair olmaqla yanaşı ziyalı şəxsiyyət, öz milli-mənəvi dəyərlərinə sadiq olması və hər əsən külək nəticəsində mövqe dəyişməməsi ondan əsil dahilik və görkəmli şəxsiyyət timsalını formalaşdırır. Mərhum Bəxtiyar Vahabzadə də heç şübhəsiz belə dəyərli şairlərdən, dahi və müdrik insanlardan biri idi.
Onun şeirlərinə baxdıqda gözə dəyən əsas mövzular sırasında vətən sevgisi və milli-mənəvi dəyərlər olmaqdadır.
Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, milli kimlik, ailə, təbiət, dil və azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.
Öz milli kimliyi, mənliyi və dəyərlərinə bağlı olan bu görkəmli şair bu sahədə təəssübkeşliyi ilə tanınmışdır. Lakin onun təəssübkeşliyi mötədil və məntiq çərçivəsində olmuş, milli təəssübkeşliyinə görə zülm və haqsızlıqlara rəvac verilməsi, insanlar arasında kin-küdurət və nifrətin aşılanması və qanların axıdılmasına yol verilməmişdir.
Mənə görə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadə həm intellekt səviyyəsi yüksək olan bir şəxsiyyət, həm ziyalı və müdrik, həm də sözün həqiqi mənasında əsil şair və ədəbiyyat adamı olaraq bir çox şairlərdən fərqlənmiş və fərqlənəcəkdir.
Ümumi baxımdan, onun aşağıda sadalanan xüsusiyyətləri onu bir məktəbə çevirmiş və insanlara sevdirərək ədəbiləşdirmişdir:
1. Sözün həqiqi mənasında şeir və ədəbiyyat sahəsinin peşəkarı olması;
2. Qələmə müqəddəs gözlə baxıb, məsuliyyətlə yanaşması;
3. Öz milli kimliyi və milli-mənəvi dəyərlərinə sıx, eyni halda mötədil səviyyədə bağlı olması;
4. Həyatda öz ziyalı şəxsiyyəti və yüksək intellekt səviyyəsi ilə mövqe sahibi olması və bu sahədə əzmkarlığı;
5. Qələmi və sözü ilə daim xalqının bu günü və gələcəyini düşünməsi, gördüklərinə qarşı biganə yanaşmaması...
Məhz bütün bunlara görə, Bəxtiyar Vahabzadə adı bir məktəbə çevrilmişdir. Azərbaycan xalqı və onun mənəvi sərvəti sayılan Azərbaycan ədəbiyyatı da var olduqca Bəxtiyar Bahabzadə adı daim var olacaq və hər zaman sayğı və hörmətlə yad ediləcəkdir...
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)