Sabirin “Dindirir əsr bizi...” satirası və Qoşqar İsmayılzadə Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam dəyərli izləyicilərimiz, " Sevdiyin şeiri gəl mənə söylə" rubrikamızın qonağı öz cığırı- üslubu olan gənc əməkdaşımız Qoşqar İsmayılzadədir.

 

-- Salam Qoşqar bəy, buyurun, söz Sizindir.

 

--Salam. Mən – Qoşqar İsmayılzadə. 25 yaşım var, Tərtər rayonunun Qaynaq kəndində doğulmuşam. Uşaq vaxtlarından fəal şagird olduğumdan, müxtəlif tədbirlərdə iştirak edib, şeirlər səsləndirmişəm. Yadımdadır ki, məktəb vaxtı bizi ədəbiyyatla bağlı yarışmaya göndərmişdilər. Bu yarışmada ədəbiyyatla bağlı maraqlı suallara rast gəlinirdi. Sualların birində yazılan şeiri tamamlamaq tələb olunurdu. Bu barədə heç bir təsəvvürüm belə yox idi. Şeiri xatırlamaq üçün bir neçə dəfə təkrarlamağa çalışdım ki, bəlkə yadıma nəsə düşər. Amma təəssüf ki, bu alınmadı. Yarışdan sonra şeirin məlum olan hissəsi axıcılığı, ritmikliyi ilə yaddaşıma həkk olunmuşdu. Sözlərinin fərqinə varmadan beynim özü üçün çoxsaylı təkrarlar edirdi.

Zaman keçirdi... Bu misralarsa hələ də beynimdə dolaşırdı. Şeirin müəllifi gözəl Şamaxıda doğulmuş, dahi M.Ə.Sabir (1862–1911) idi. Bu satira M.Ə.Sabirin ölümündən sonra çap olunan “Hophopnamə”sindən bir hissə idi. 1912-ci ilin payızında Abbas Səhhət və Mahmud bəy Mahmudbəyovun səyi ilə hazırlanmış 104 səhifəlik kitab “Hophopnamə” adı ilə çap olunmuşdu. Naşirlər kitabı Sabirin daha məşhur olan “Hophop” təxəllüsü ilə bağlayaraq “Hophopnamə” adlandırmışdılar. Böyüdükcə sözlərinin fərqinə vardım. Fərqinə vardıqca isə cəmiyyətdə bunun əksini gördüm. Digər şeirlərini, satiralarını da nəzərdən keçirdim. Gördüm ki, cənab Mirzə cəmiyyətdəki eybəcərlikləri xüsusi bir üslubla sətirlərə, misralara həkk edib.

Bu məni çox ruhlandırdı. Qeyd olunan sətirlərdə M.Ə.Sabir cəmiyyətin müasir mühitdən geriliyini dilə gətirməyə çalışır. Bu isə təbii ki, öz növbəsində cəhalətdən, avamlıqdan irəli gəlirdi. Əsr bizi dindirib müasirliyə səsləsə də, biz ona heç bir cavab vermirik. Elmi tərəqqi ilə uzlaşmayıb, cəhalət dünyasında addımlayıb, öz yerimizdə saymağa davam edirik. Beləliklə, dünyayi inkişafdan geri qalmış oluruq. Əcnəbi dünyanı seyr etmək üçün balonlardan istifadə etdiyi halda, biz hələ avtomobildən belə istifadə etmirik. Bütün bunlara səbəb isə həmin dövr üçün xarakterik olan avamlıq və cəhalətin mövcudluğu idi.

Şairin dövründən bu yana bir əsrdən artıq bir müddət keçməsinə baxmayaraq, hələ də söylənən sətirlər öz aktuallığını qoruyub saxlamaqdadır. Hələ də cəmiyyətdə şairin həm bu, həm də digər satiralarının məzmununa rast gəlmək mümkündür. Haqqında bəhs etdiyim satiranı sizlərə böyük məmnuniyyətlə təqdim edirəm:

 

Dindirir əsr bizi, – dinməyiriz,

Açılan toplara diksinməyiriz;

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz;

Quş kimi göydə uçar yerdəkilər,

Bizi gömmüş yerə minbərdəkilər!

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.