GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR: Nəsib bəy Yusifbəylinin doğum günüdür Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin doğum günüdür.

 

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində N.Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutub.

Xalq Maarifi Nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu.

Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edib.

Xalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərib.

N.Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabinəsi 1920-ci ilin martına kimi fəaliyyət göstərib. Bu zaman Parlamentdə çox mühüm məsələlər müzakirə edilib, qanunlar qəbul olunub. Məsələn, Azərbaycanda Avropa tipli ilk Universitetin açılması, Parlamentin xüsusi qərarı ilə 99 nəfər azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə təhsil almaq üçün göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması və s.

Bəli, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəyli Azərbaycanın yetişdirdiyi ən görkəmli şəxsiyyətlərin sırasındadır, onu daim təbliğ etməli, unudulmasına rəvac verməməliyik.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.