Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Ədəbiyyat və İncəsənət" portalı poeziyanın ruhun səsi, ruhun qidası olduğunu nəzərə alaraq əməkdaşları ilə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasını davam etdirir.
Bu dəfə rubrikamızın qonağı ömrünün 49- cu baharını yaşayan, Cənub təmsilçimiz İlqar bəydir.
Gəlin onu öz dilindən tanıyaq və "Sevdiyin şeiri gəl bizə söylə" deyək.
-Salam, İlqar bəy.
- Salam Ülviyyə xanım, xoş gördük.
Mən İlqar İsmayılzadə, 49 yaşım var. Fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, həmçinin, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisiyəm.
İxtisasım fəlsəfə və dinşünaslıq olsa da, incəsənətin təsviri incəsənət sahəsində, həmçinin, jurnalistika, mədəniyyət və tarix sahələrinə ciddi marağım var. Əslində mənim yuxarıda adlarını çəkdiyim sahələrdə təxminən eyni səviyyədə əməyim olmuşdur. Əlbəttə, rəssamlıq sahəsindəki çalışmalar daha çoxdur.
İndiyədək Azərbaycan, ərəb və fars dillərində 145 kitabın, 200-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifiyəm. Ərəb və fars dillərindən Azərbaycan dilinə 30-dan çox kitabın tərcüməçisiyəm. Bütün bunlardan əlavə, bir sıra povest, hekayə və şeirlərin müəllifiyəm...
Mənim müxtəlif mövzularda şeirlərim olsa da doğrusu özümü şair saymıram. Amma bu qədər deyə bilərəm ki, şeir və poeziya həyatımın ayrılmaz, həm də ən gözəl hissələrindən biridir. Çünki mən həm də incəsənət və mədəniyyət sahəsinə aid bir insanam. Belə olan halda yalnız müəyyən bir şair və ya şeirin üzərində dayanmaq mümkünsüzdür. Oxuduğum bir çox şairlər və sevdiyim bir çox şeirlər var. Lakin onların arasında çağdaş Azərbaycan poeziyasında öz insani keyfiyyətləri, şəxsiyyəti, həmçinin, milli-mənəvi dəyərlərə sədaqəti ilə yanaşı, həm də şeir və poeziya sahəsinin peşəkar və görkəmli nümayəndəsi görkəmli Bəxtiyar Vahabzadə (1925-2009) şeirlərinin vurğunuyam.
Həyatımda mənim üçün çırağ olmuş şeirlərindən biri də "Özünü dinlə" adlı qısa şeiridir:
Dinlə bu dünyanı öz ürəyinlə,
Sənət aləmində özünü dinlə.
Özgəni dinləsən kökdən düşərsən,
Sən özün özünə özgələşərsən.
"Özümü kənardan seyr edim" - deyə
Nə olar, hərdənbir çəkil təkliyə.
Üzbəüz, təkbətək qal ürəyinlə,
Sən onu dinlə!
Tək onu dinlə!
Bu şeir insana həyatda müstəqil davranmaq və özü kimi olmağı aşılamaqla yanaşı hər növ şəxsiyyətpərəstlikdən uzaqlaşmağı çox gözəl bir üslubda aşılayır. İnsan həyatda özü kimi olmalı, kimisə yamsılamalı, kiməsə pərəstiş etməməlidir. Pərəstişkarlıq bir çox hallarda sevgi-məhəbbətin şiddətindən yaranır. Sevgi nə qədər gözəl olsa da, mənfi yönləri də var. Bunlardan biri də sevənin kor olması, reallığı görməməsi və ya görmək istəməməsindən ibarətdir.
Biz dini təlimlərə nəzər saldıqda, orada inanclı insanın şəxsiyyətpərəst deyil, Tanrıpərəst olmasına xüsusi tövsiyə edildiyinin şahidi oluruq. Hər halda, görkəmli şairin söylədiyi kimi insanın həyatda şəxsiyyətpərəst olması onun kökdən düşməsi və özgələşməsi ilə nəticələnir. Bu isə insanoğlu üçün çox qorxulu bir haldır...
Sonda sizə belə bir gözəl layihəyə görə təşəkkürümü bildirir, "Ədəbiyyat və incəsənət" ailəsində olmağımdan fəxarət hissi duyaram.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)