Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının bu dəfə qonağı əməkdaşımız- Naxçıvan təmsilçimiz, Naxçıvan televiziyasının baş redaktoru Fariz Əhmədovdur.
-- Xoş gördük, Fariz bəy, qələminizin qüvvətini bilirik, elə bu an üçün Sizə
"Sevdiyin şeiri gəl mənə söylə" deyirik.
-- Salam Ülviyyə xanım, xoş gördük.
Biz Füzulini sevgi şairi bilirdik, aşiqanə klassikanın sultanı. Fəqət Şəhriyar… O, sevginin özüdür. Onun hər misrası nəfəsin deyil, elə məhəbbətin öz qoxusudur. Onun gözündən baxanda dünya Behcədabaddan ibarətdir. Batan Günəş, çıxan Ay kimi. Bir az qəmli, bir az ilahi, amma bütövlükdə sevgi... Özü də natamam!
“Behcədabad xatirəsi”ni oxuyanda hiss edirsən ki, bu şeir bir qadın üçün yazılmayıb. Bu şeir, sanki bütün sevənlər üçün yazılıb. İçində sevgini sükutla boğan, arzularını bir baxışa yerləşdirib qəlbinin dibinə gömən, öz tabutuna öz sevgisini sığışdıran adamlar üçün.
Şəhriyar bu şeirlə bizə bir cahan qoyub getdi, sevgi cahanı. İndi o cahanın hər gecəsi bir aşiqin göz yaşını ulduz sayır. İndi Ay belə onun həsrətinə susub. Çünki Şəhriyar bu dünyaya sevgiylə işıq saçırdı, indi isə onun məzarı öz şeirlərindən doğan işıqla işıqlanır. Sevgi ilə nəfəs alıb, sevgi ilə susaraq yaşamış bir şairin ruhu bizi hələ də yaşadır.
Onun karvanı ayrılığın deyil, nakam eşqin karvanıdır. O getdi, amma zaman onunla birlikdə dayandı. Çünki sevgi ilə yaşayan adamlar heç vaxt tam ölmür. Onlar yaddaşlara hopur, damarlarımızda axan eşqə çevrilir. Hər yeni yaranan sevgi, sanki Şəhriyarın “Araz” olub axmasıdır. Axır, axır və heç dayanmaq istəmir.
Şəhriyar bir Musa idi, amma yalnız özü üçün deyil. O, sevdiklərinin qəlbində dağ yandıran Musa idi. Tehran üçün sədaqət, Təbriz üçün qeyrət deyildi. Şəhriyar sadəcə sevgi idi. Onun sevgisi nə çığırtı idi, nə də yazılı fəryad. O sevgi, sükutun içində qaynayan, yazılmadan yaşanan, qələmə çevrilib özü-özünü yazan bir ilham idi.
Şəhriyarın yaşadığı məhlə indi səssiz danışır. Küçələr, divarlar, pəncərələr onun sevgisinin izini saxlayır. Toz basmış əşyalar belə susur, amma bu sükutda belə sevgi danışır.
Bu gün onun şəklinə baxan hər aşiq öz ürəyinin sarı simini onda görür. Onun şeirləri artıq təkcə bir qadını deyil, bütöv bir sevgi nəsli yaşadır. Onun sevgi ilə açıq qalan gözləri hələ də bizi izləyir. Siqaretin tüstüsü, bir qadının adını səssizcə göyə yazmaq idi bəlkə. Əlləri qırışanda belə, sevgisi cığır salırdı, özündən sonra gələnlər üçün bir iz, bir yol.
Şəhriyar sevgi ilə yazdı. Sevgi ilə yaşadı, sevgiylə öldü.
Bu gün onun adı keçəndə yalnız bir şairi deyil, bir sevgini xatırlayırıq. Və bu sevgi içimizdə hələ də yaşayır. Ona görə də Şəhriyar mənim üçün yalnız şair deyil, o mənim idealımdır. Çünki onun şeiri, sevginin sonu yox, başlanğıcıdır.
O “Behcədabad xatirəsi”ndə bir sevgi qoyub getdi, heç zaman bitməyən, heç zaman unudulmayan, heç zaman oxunub bitməyən.
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı
Bir quş: “Ayığam”-söyləyərək gahdan inildər,
Gahdan onu day yel deyə laylay huş aparı
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı
Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,
Bağrım yarılar, sübhüm, açıla tarı!
Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma
O çıxmasa da ulduzumun yoxdur çıxarı
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca, daha baş da ağardı
Eşqin ki, qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?
Sanki xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.
Rişxəndilə qırcandı səhər, söylədi: -Durma,
Can qorxusu var eşqin, ulduzun bu qumarı
Oldum qaragün ayrıları o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.
Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.
Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldü, qızardı.
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)