Tək elə əfsanəvi “Ozan” qrupunu yaratmaqla o, adını tarixə yazdırıb Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu adam o qədər xarizmatikdir, o qədər yaradıcı, o qədər hərtərəflidir ki, onun ortaya qoyduğu işlərə sadəcə baxmaqla, nitqini dinləməklə həzz alarsan. Naşir, teleaparıcı, bəstəkar, müğənni, filosof, publisist... – Çox sahədə özünü sınayıb və hamısında da adını öncüllər sırasına yazdıra bilib.

 

Azərbaycanlı USTAD Rasim Müzəffərli!

Bu gün onun adını xüsusi sevgi və ehtiramla çəkəcəyik, çünki anadan olmasının 67-ci ildönümüdür. Rasim bəy 1958-ci ilin 21 iyununda Bakı şəhərində anadan olub. 1975-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri namizədidir. Öz dövründə ictimai elmlər sahəsində Azərbaycanda ən gənc dosent olub.

Azərbaycanda ilk qeyri-formal ictimai təşkilatlardan biri olan “CƏNGİ” birliyinin yaradıcısı və rəhbəri, keçən əsrin 80-90-cı illərində Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin,  ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şousunun müəllifi və aparıcısı olub. 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəridir.

 

Ümumi tirajı 5 milyon nüsxədən çox olan 1000-dən çox adda kitabın naşiridir. "Şərq-Qərb" Nəşriyyat Evinin qurucusu və rəhbəri olub. 2017-ci ildən "1001 kitab" və "Quran nəşrləri" nəşriyyatlarının rəhbəridir.

2018-ci ildə Rasim Müzəffərliyə Macarıstan hökumətinin Pro Cultura Hungarica mükafatı təqdim olunub. O, bu yüksək mükafata layiq görülən ilk azərbaycanlıdır. Keçmiş SSRİ məkanında bu mükafatı ondan əvvəl 2010-cu ildə akademik Yefim Pivovarov (Rusiya) və 2005-ci ildə yazıçı Çingiz Aytmatov (Qırğızıstan) almışlar. Pro Cultura Hungarica mükafatı dünyada macar mədəniyyətinin tanınmasında göstərilən xidmətlərə görə xarici elm və mədəniyyət xadimlərinə təqdim olunur.

 

Bəstələri

1. Ey sən, Karvanım, Neçə, Qoşa suallar (ifaçı: Rasim Müzəffərli)

2. İnsan və avtomat, Bayatılar, Dözə bilmirəm, Böl görüm (ifaçı: "OZAN"qrupu)

3. Nigaran suallar, Alatoranlıq, Kimsən, Robot? Bahar gəlsin (ifaçı: "OZAN"qrupu)

4. “Rekviem” - Milli Qəhrəman Çingiz Mustafayevə ithaf (ifaçı: Rasim Müzəffərli, Axmedovski Trio və başqaları)

5. "Neylərəm" (ifaçılar: Rasim Müzəffərli, Ədalət Şükürov, Araz N. İmanov və başqaları)

6. "Səslə" (ifaçılar: Rasim Müzəffərli, Rəfiqə Məmmədova, Nərgiz Müzəffərli)

7. "Yandım" (ifaçı: Rasim Müzəffərli, Araz N. İmanov)

8. "Oyun bitdı” - Anar Məmmədxanova ithaf (ifaçılar: Rasim Müzəffərli, Araz N. İmanov)

9. "Batmış gəminin mahnısı" (ifaçılar: Rasim Müzəffərli, Araz N. İmanov və başqaları)

Mən sizə Rasim Müzəffərli barədə çox qısaca danışdıq. Fitri istedadı olan bu yaradıcı insanın bir məziyyətini isə özüm sona saxladım. O, hər şeydən əvvəl, kübar bir insandır. Çox təəssüf ki, bu gün əksəriyyətdə məhz kübarlıq çatmır.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.