PORTAL AKADEMİYASINDA - Reklamın qüvvəsi düşündüyünüzdən də böyükdür Featured

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Bu dəfə reklamdan danışırıq.Və əgər reklamdan söz açdıqsa, mütləq bu bölmədə ümumən reklam işindən də danışmağımız məqbul olar. Nəzərdən qaçırmayın ki, hər hansı sahədə uğur qazanmaqçün mütləq yaxşı reklam olunmaq lazımdır. İri kompaniyalar hər il imic reklamına milyonları hədər yerə xərcləmirlər ki. İri kompaniyaları bir kənara qoyaq. Hər bir sahədə çalışan sənətkarın, istər dərzi, modelyer olsun, istər aşpaz, qənnadıçı olsun, istər bənna, dülgər olsun, fərqi yoxdur, müştəri qazanmaqçün reklama ehtiyac var. Daha çox pasiyent arzulayan həkim, daha çox öyrənci axtaran repetitor-müəllim, daha çox kitab satmaq istəyən yazıçı, daha çox populyarlıq əldə etməyə can atan müğənni, daha güclü kluba keçmək istəyən futbolçu, seçkilərdə qalib gəlmək istəyən siyasətçi, bir sözlə, hamı-hamı yaxşı reklam olunmaqda maraqlıdır.

Reklam sözü «rechama» latın feilindən yaranıb, qışqırmaq kimi tərcümə olunur. Doğrudan da, sənin reklamın sənin barəndə qışqırmalı, diqqətləri cəlb etməlidir. Reklama ümumiləşdirilmiş bir tərif versək isə belə bir cümlə alarıq: Reklam – informasiyanın yayılmasına xidmət edən bir marketinq – kommunikasiya istiqamətidir.

 

Reklamın ən geniş yayılmış növləri aşağıdakılardır:

- istehlak reklamı;

(məhsulun, brendin istehlakçı üçün dəqiq obrazını yaratmağa xidmət edir)

- ünvan-məlumat reklamı;

(istehlakçı hansısa məhsulu haradan almağı, hansısa xidmətlərin harada göstərildiyini öyrənir)

- imic reklamı;

(ictimaiyyətin daim diqqətində olmaq, cəmiyyət tərəfindən tam tanınmaq)

- ictimai reklam;

(hər hansı aparıcı, pozitiv cəhətin reklamına yönəlmiş mesaj)

- biznes reklam;

(istehlakçıya deyil, distribüterlərə, sənaye alıcılarına, peşəkarlara yönəlmiş, bazarın bütün iştirakçılarının maksimum məlumatlandırılmasına xidmət edən mesaj)

- siyasi reklam;

(bu və ya digər siyasi cərəyana səs vermək üçün elektoratın cəlb edilməsi).

Hər hansı sahədə uğur qazanmaqçün reklama müraciət edən şəxs mütləq reklamın əlifbasını bilməlidir ki, həm az xərci çıxsın, həm də çox fayda qazansın.

Hazırda dünyada ən geniş yayılmış reklam növü kütləvi infonrmasiya vasitələrində reklamdır.

- Televiziya reklamı (bura hər hansı proqram zamanı reklam fasiləsində gedən reklam blokuna daxil edilmiş videoçarx, gəzən sətir reklamı, eləcə də aparıcının şifahi söylədiyi mətn aiddir)

- Radio reklamı (bura həm audioçarxlar, həm də aparıcının şifahi söylədiyi mətn aiddir)

- Çap reklamı (bura mətbuatda gedən reklam materialları, müxtəlif broşürlar, vərəqələr, vizitkalar və s. aiddir)

İnternet-reklam (sayt və bloq reklamları, sosial-şəbəkə reklamları, videoreklamlar, bannerlər, piksel reklamı və s. aiddir).

Digər reklam növləri bayır (autdoor-reklam) və iç (indoor-reklam) reklamlarıdır ki, bunlardan da birinciyə açıq havada yerləşdirilmiş daimi, yaxud stasionar konstruksiyalardakı, binaların, nəqliyyat vasitələrinin üzərindəki reklamlar, ikinciyə isə qapalı yerdə, xüsusən ticarət mərkəzlərində, biznes mərkəzlərdə və vağzallarda, mədəniyyət, idman müəssisələrində yerləşdirilmiş reklam lövhələri aiddir.

Mogna Global kompaniyasının Avropanın reklam bazarının 2016-cı il reytinqinə diqqət etsək, bu sahədə astronomik həddə pulların dolaşdığından xəbər tutarıq.

 

5.      İspaniya              6,03 milyard dollar

4.       İtaliya                  8,74 milyard dollar

3.       Fransa                  11,82 milyard dollar

2.       Almaniya             22,29 milyard dollar

1.      B.Britaniya          23,66 milyarjd dollar

 

Dünya üzrə isə liderlər aşağıdakı ölkələrdir:

 

3.      Yaponiya             37,68 milyard dollar

2.      Çin                       80,24 milyard dollar

1.      ABŞ                     190,83 milyard dollar

 

Ümumən dünya reklam bazarının hazırkı həcmi təqribən 600 milyard dollara bərabərdir. Razılaşın ki, bu, olduqca böyük rəqəmdir.

Əgər siz öz fəaliyyətinizi reklam etdirməyə ehtiyac duyursunuzsa, onda mütləq nəzərdən qaçırmayın ki, dünya İnformasiya Telekommunikasiya Texnologiyalarının inkişafı xəttinə yönəlib, odur ki, brendlə, məhsulla, xidmətlə istehlakçı arasında hazırda əsas innovasiya drayveri rəqəmsal (digital) hesab olunur. Bu sahə, artıq əsas media sahəsi olaraq reklam investisiyasının həcminə görə televiziyanı üstələməkdədir. Saytlar, sosial şəbəkələr, bütün onlayn-video daşıyıcıları – bunlar sizin reklamınız üçün ən ideal vasitələrdir.

Unutmayın, reklama xərclənən hər bir manatınız sizə azı iki manat xeyir gətirməlidir.

 

Növbəti söhbətimizdə Reklamın uğur gətirməsi dərəcəsini müəyyənləşdirən faktorlarla tanış olacaqsınız.

 

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.