Eyni saatda doğulan eyni saatda da Şəhid olan Milli Qəhrəman Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

"Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı..."

 

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olub. Saat 15.00-da. Saatını boş yerə demirəm, səbirli olun.

 

O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlayıb. 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə gedib.

 

O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti olub. Həbsxananın qapısı açılmasaydı, orada olanlar ermənilər tərəfindən əsir götürüləcəkdi.

Gültəkin xanım 1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur.

 

Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib. O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb.

O, Bakıdakı hərc-mərclikdən cana yığıldığını deyir, rəhbərliyin səriştəsizliyi, hakimiyyət uğrunda mübarizənin fonunda torpaqlarımızın işğalını həzm edə bilmirdi.

Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayıb. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılmışdı. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidib, burada fəaliyyətsiz dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxıb. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.

Bəli, 15.00-da dünyaya gəl və 15.00-da dünyadan get.

 

Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətiriblər. Onun tabutunun üstündə də xarıbülbül var idi. 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi vurulub. Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılıb.  

 

20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirildi, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olundu. Bu gün onu yenidən anırıq, onu heç vaxt qədirbilən xalqımız unutmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.