Bu gün böyük şair, istedadlı dramaturq, tanınmış ictimai xadim Xalq şairi Rəsul Rzanın 115 illik yubileyi idi. Bu münasibətlə Rəsul Rza ən müxtəlif tədbirlərlə anıldı. Biz isə belə tədbirlərdən biri barədə danışmaq istəyirirk.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası İ.İbrahimov adına 167 №-li tam orta məktəbdə 115 illiklə əlaqədar “Rəsul Rza poeziyasına səyahət” adlı tədbir keçirdi.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Rəsul Rzanın yaradıcılığı haqqında məlumat verdi. O qeyd etdi ki, novator düşüncəli şairin yaradıcılığında incə ruhlu lirika, hadisələrə aydın münasibət, kəskin mühakimələr özünü qabarıq göstərir.
Uşaq şöbəsinin müdiri Sevil Namazova çıxışında qeyd etdi ki, ötən əsrin 30-cu illərində ədəbiyyata gələn R.Rzanın bu dövrdə, habelə Böyük Vətən müharibəsi illərində bir çox gözəl əsərlər yaratmasına baxmayaraq, onun yaradıcılığının ən məhsuldar dövrü 50-ci illərin ikinci yarısında başlayıb.
Məktəbin müəllimləri Məlahət Rəvanova və Samirə Məmmədova şairin həyat və yaradıcılıq yoluna nəzər salaraq, onun Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxardığını vurğuladılar, şairin Azərbaycan poeziyasına misilsiz sənət inciləri qoyduğunu bildirdilər.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynova şairin “Vətən” və “Krım” şeirlərini söylədi.
Məktəbin 9-cu sinif şagirdləri – Fidan Mirzəyeva, Aylin İsmayılova, Məryəm Paşazadə, Nəcəf Cəfərov və 5-ci sinif şagirdləri Zeybə Miriyeva, Dəniz Səmədova, Əli Davud Rəsul Rzanın şeirlərini söylədilər.
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)