Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Xoş gördük, "Ədəbiyyat və İncəsənət" portalının sevimli izləyiciləri. Belə bir deyim var ki: "Hər söz bir damladır, şeir isə o damlalardan yaranan dəniz."
Biz də bu rubrikamızda o dənizi yaradanların anlıq ovqata uyğun şeir payını alıb Sizlərə təqdim edirik.
Beləliklə, " Sevdiyin şeiri gəl mənə söylə" rubrikamızın budəfəki qonağı AYB-nin üzvü, şair, yazıçı, publisist Nazilə Gültacdır.
-Xoş gördük əziz Nazilə xanım.Rubrikamızın şərtlərini bilirsiniz, elə isə elə bu an üçün " Sevdiyin şeiri gəl mənə söylə" deyirik, Nazilə xanım.
-Sevdiyim şeirlər çoxdur. Bütövlükdə bir şairin şeirlərinin hamısını sevmək olmur. Sevdiyim şeirlər silsiləsində ilk ağlıma gələn şair Qulu Ağsəsin "Nağıl üçün nəğmə" şeiridir. Bu şeirdə şair həyat və ölüm haqqında nəğmə oxuyaq deyir. Şair deyir ki, iki möcüzə var:Yaşamaq, ölmək!
Həqiqətən də, bütün möcüzələr bu iki məfhumdan doğur.
Düşündürücü, fəlsəfi şeirləri sevirəm.
NAĞIL ÜÇÜN NƏĞMƏ
Gəl bir nəğmə oxuyaq
mən dəli, sən ağıllı.
Nağıl var ki, həyatdı,
Həyat var ki, nağıldı...
Bu dünya divarına
biz niyə baş qoymayaq?
Yıxılanın altını
heç vədə boş qoymayaq.
Silək göyün üzünü
ovcumuzun içiylə.
Xeyri şərlə dost edək,
Gündüzləri gecəylə...
Bir işimiz getməksə,
bir işimiz gəlməkdi.
İkicə möcüzə var:
yaşamaqdı!
ölməkdi!..
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)