Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bir insan haqqında danışmaq istəyirəm. O şəxs ki, onun şərəfinə iki dəfə film çəkilmişdir, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Birinci Qarabağ müharibəsinin iştirakçısı və Azərbaycanın Milli Qəhrəmanıdır. Bəli, söhbət İbad Hüseynovdan gedir.
İbad Mövsüm oğlu Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İbad Hüseynov Rusiyanın Amur vilayətində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynovu və aclıq aksiyasında iştirak edən bir neçə nəfər əsgər yoldaşını 4 ay öncədən təxris edir.
Başlanğıc
İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Ermənilər terror qrupları yaradırlar. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
Ermənilərdə regionda yerləşən sovet ordusundan qalma və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi Xocavənd rayonu əhalisinin də müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, İbad Hüseynov "kəşfiyyat–diversiya dəstəsi" yaradır və ermənilər tərəfə keçərək, onları məhv etməyə başlayır. Ermənilərin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirir.
Yaralanması
26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28 günlük komadan sonra xilasa heç bir ümid qalmamışdı. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir və İbad xilas edilir.
İllərlə qoltuq ağaclarında gəzməli olur və xəstəxanalarda müalicə alır. Sağ ayağı və sağ qolu uzun zaman hərəkətsiz qalır. İbad Hüseynov uşaqlıqdan idmanla məşğul olduğu üçün bədəninin güclü müqaviməti və dözümlülüyü səbəbinə öz sağlamlığına tezliklə qayıdır.
Hospitaldan çıxdıqdan dərhal sonra o, cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır.
Təltif və mükafatları
• 9 oktyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir.
• 2015-ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi tərəfindən təsis edilən "Şərəf" medalı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş Təhsil naziri və uzun illər millət vəkili olmuş Hasan Calal Gözəl tərəfindən İbad Hüseynova təqdim edilir.
• 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən "General Səməd Bəy Mehmandarov" adına medulla təltif edilir.
• 2018-ci il aprel ayında İbad Hüseynov Türkiyənin Adana şəhərində keçirilən "Dünya Avşarlar" qurultayında "Dünya Avşarlar Dərnəyinin" təsis etdiyi "Üstün Cəsarət" medalına layiq görülür. Medal Böyük Şəhər Bələdiyyəsinin rəhbəri tərəfindən qəhrəmana təqdim edilir.
• 2020-ci ildə o, "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilir.
• 2020-ci il dekabr ayının 9-da İbad Hüseynova Prezident İlham Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.
• 2022-ci ildə " qəhrəman Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif olunur.
• 2024-cü ildə ona Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı verilir.
Və sonda onu da qeyd edim ki, 2024-cü ilin 17 oktyabr tarixində Türkiyənin Afyonkarahisar vilayətində bir mərkəzi prospektə "Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov prospekti” adı verilmişdir.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)