“Adım taleyimə mayak olub” – ŞƏRƏF LÖVHƏSİNDƏ 80 YAŞLI VETERAN Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıtın ictimai-siyasi həyatında fəallığı ilə seçilən ağsaqqallarımızdan biridir Qalib İman oğlu Əliyev. Onunla bu günlərdə redaksiyamızda görüşüb həmsöhbət olduq, keçdiyi maraqlı ömür yoluna birlikdə qısaca nəzər saldıq:

 

- Qalib müəllim, mayın 9-da 80 yaşınız tamam olur. Özünüzü necə hiss edirsiniz? Əhvalınız, sağlamlıq durumunuz necədir?

- Təşəkkür edirəm. Doğrusu, mən “80 yaş” eşidəndə olduqca təəccüblənirəm və heyrətlənirəm. Yəni, zaman nə tez ötüşüb? Ağsaqqal deyiləndə isə dərin düşüncələrə dalıram. Soruşa bilərsiniz nə üçün? Belə desək, ağsaqqal müdrik bir insan kimi qəbul edilir. Buna görə də bu adı tam mənasıyla doğrultmağa çalışıram. Hazırda Sumqayıt şəhər Ağsaqqallar Şurasının təftiş komissiyasının sədriyəm. Ağsaqqal kimi gənclərə tövsiyələrimi verirəm, Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirlərində yaxından iştirak edirəm. Tez-tez el şənliklərində, bayram tədbirlərində, yığıncaqlarda, xeyir-şər məclislərində oluram. Bir sözlə, ictimai fəaliyyətimlə qürur duyuram, özümü sağlam, gümrah hiss edirəm. 

- İcazə verin oxucularımız adından sizi 80 illik yubileyiniz münasibətilə təbrik edək. Maraqlı, məzmunlu ömür yolunuzda hansı izləriniz olub, nələri xatırlaya bilərsiniz?  

- Mən də öz növbəmdə sizin kollektivə, eləcə də çoxsaylı oxucularınıza dərin təşəkkürümü bildirirəm. Qeyd edim ki, doğulub boya-başa çatdığım Lənkəran şəhərində 4 saylı orta məktəbin səkkizinci sinfini bitirib üz tutmuşam gənclik şəhəri Sumqayıta. Kimya-texnologiya texnikumunu bitirib kimya kombinatında əmək fəaliyyətinə başlamışam. 1970-79-cu illərdə istehsalatdan ayrılmadan təhsilimi Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişəm və “Kimyaçı-texnoloq mühəndisi” ixtisasına yiyələnmişəm. “Üzvi Sintez” zavodunda müxtəlif vəzifələrdə işləmişəm. Texniki-istehsalat şöbəsinin rəisi vəzifəsi ilə bərabər, həmin zavodun baş mühəndisi vəzifəsini icra etmişəm. İşimi hər zaman ürəkdən sevmişəm, ona qəlbən bağlanmışam. 2011-ci ildə təqaüdə çıxmışam. Çalışdığım zavod keçmiş SSRİ məkanında ən qabaqcıl müəssisələrdən biri olubdur. Burada yüksək tonajlı kimyəvi məhsullar istehsal edən bir sıra sexlərin işə buraxılmasında, layihə güclərinin mənimsənilməsində zəhmət çəkmişəm. Xeyli səmərələşdirici təklifim istehsalatda tətbiq edilibdir. Əmək fəaliyyətimə görə bir çox medal və fəxri fərmanla təltif olunmuşam. Dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə göndərilmişəm. Zavodun Fəxri kitabına adım yazılıbdır. 2015-ci il oktyabrın 12-də respublika neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərimə görə Dövlət Neft Şirkəti tərəfindən “Fəxri fərman” və pul mükafatına layiq görülmüşəm. Eyni zamanda, işlədiyim müəssisənin ictimai işlərində fəallıq göstərmiş, yaxından iştirak etmişəm. 45 illik əmək stajım vardır. Zavod idarə aparatı həmkarlar komitəsinin sədri seçilmişəm. Şəhərimizin ictimai-mədəni həyatında da yaxından iştirak edirəm. 2016-cı il noyabrın 21-də Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının “Fəxri fərman”ını almışam.    

 - Maraqlıdır, sadaladıqlarınıza necə nail olmusunuz?

- Sağlamlıq, möhkəm iradə, zəhmət, mübarizə sayəsində, işimə, torpağıma, vətənimə sevgimlə və eyni zamanda, böyüklərin, dostlarımın, yaxınlarımın, əhatəmdə olan insanların təcrübəsi ilə başa gəlib. Hazırda isə bağ təsərrüfatı və yaşıllıq işləri ilə də məşğul oluram.

- Bu yaşa çatmanızın sirrini nədə görürsünüz? 

- Əvvəla, bu, gendən irəli gəlir. Doğmalarım uzun ömür sürüblər. Dayım Kərim Rəhim oğlu Axundov 99 il yaşayıb. Sumqayıtın təməlini qoyanlardan, qurub-yaradanlarından olub. On üç il Sumqayıt şəhər İcraiyyə Komitəsinin birinci müavini vəzifəsində işləyib. 1973-cü ildən 2 saylı tikinti trestində çalışıb. On beş il şəhər Sovetinin deputatı olub. Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif edilib. Sumqayıtın Baş Planının hazırlanmasına görə SSRİ Nazirlər Sovetinin laureatı olub. Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb və Prezident təqaüdü alıb. Böyük hörmət, nüfuz sahibi idi. Onunla hər zaman fəxr etmişəm. Bütün arxivi məndədir.

Əlavə edim ki, uzunömürlü yaşamaq üçün insanın qəlbi təmiz olmalıdır. Faydalı işlə məşğul omalıdır. 

Mən hər zaman nikbin əhval-ruhiyyədəyəm. Həyatdan çox şey ummamışam, hər şeyə qane olmuşam. Həmişə şükr etmişəm. Hər kəsin də mehriban yaşamasını istəmişəm.

- Bəs, xoşbəxtliyin açarı nədədir?

- İlk növbədə sağlamlıqdır. Sağlam canda sağlam ruh olur. Çox təəssüf ki, bəzi gənclərimiz bunu yaxşı anlamırlar. Mən internet və yaxud müasirlik əleyhinə deyiləm. Əksinə, müasirliyi çox sevirəm. Amma bu, tərəqqi deyil. Bu gün cəmiyyətdə telefon bəlası hökm sürür. Gənclərimiz, insanlarımız vaxtlarını sağlamlığa, elmə-biliyə deyil, telefona, internetə sərf edirlər, bununla özlərini uçuruma yuvarlandırırlar. Xoşbəxtliyin açarı həmçinin möhkəm iradə, zəhmətkeşlik, düzgün mövqe, ədalətlilik, təmizlik və yaxşı bilikdir. Əgər insan bu keyfiyyətlərə malikdirsə, demək, xoşbəxtliyin açarı artıq onun öz əlindədir. 

- Özünüzü xoşbəxt sanırsınızmı?

- Əlbəttə, xoşbəxtəm. Günü-gündən güclənən, qüdrəti artan, çiçəklənən, tanınan, sayılan qalib Azərbaycanımla necə xoşbəxt olmaya bilərəm?! Ölkə başçımız İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyirəm. Son illər respublikamızda və şəhərimizdə aparılan abadlıq və quruculuq işlərindən böyük fərəh hissi keçirirəm. 

Həmçinin qeyd edim ki, doğum tarixim 9 May - Qələbə gününə təsadüf edib. Ailəm üçün iki qat bayram olduğundan valideynlərim adımı Qalib qoyublar. Deyirlər, ad insan taleyində böyük rol oynayır. Yəni, adım taleyimə mayak olub.

Oxuduğum ali məktəbin birinci kursundan tanış olduğum Nəzakət xanımla ailə həyatı qurmuşam. Hazırda həyat yoldaşım Polimer Materialları İnstitutunda elmi işçidir. İki gözəl qız övladımız pedaqoqdur, dörd nəvəmiz var. 

- Qalib müəllim, həyatsevər insansınız. Həyat sevgisinin qaynağı sizin üçün nədir?

- Həyat sevgisinə münasibətimi böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misraları ilə bildirmək istərdim:

Səndən doymaq olarmı?

Həyat, sən nə şirinsən?!

Ancaq hamının deyil,

Sən həyatın qədrini

Yalnız bilənlərinsən!…

- Qalib müəllim, yubileyiniz münasibəti ilə sizi bir daha təbrik edir, can sağlığı arzulayırıq.

- Mən də sizə təşəkkür edirəm. 

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.