Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün
TƏZƏ BAŞMAQ
Əgər dünyada xoşbəxt yaşamaq istəyirsənsə, çalış əlindən gələn qədər yaxşılıq et.
Ümmüxanımın ölümündən bir il keçdi. Anasının ölümü Zeynalabdini çox kədərləndirmişdi. Əslində, o, diribaş, qoçaq və çox ağıllı uşaq idi. Ata oğlunun başını qatmaq üçün onu evdə qoymur, özü ilə pinəçilik etdiyi dukana aparırdı. Zeynalabdin atasının yanında oturub ona baxırdı. Məhəmmədtağı əlində tikdiyi başmaqlara fəxrlə baxıb:- "Oğlum, bax öyrən, bizim çörək ağacımız budur. Çətindir, əziyyətlidir, amma evinə az da olsa çörək pulu aparırsan, başqasına əl açmırsan, kiməsə möhtac olmursan. Alın tərinlə pul qazanıb, halal çörək yeyirsən".
Novruz bayramı yaxınlaşırdı. Məhəmmədtağı bayramda oğlu üçün təzə başmaq tikib onu sevindirmək istəyirdi. Bir gün təzə tikdiyi başmaqları qəlibdən çıxarıb dükanın taxçasına qoyub yerləşdirərkən küçədən keçən bir uşağın həvəslə başmağa baxdığını gördü.
Oğlan qoltuq ağacından istifadə edirdi. Özü də çox çətinlik çəkirdi. Qoltuq ağacı əlavə xırda taxtalarla yamanmışdı. Atasının yanında oturan Zeynalabdin ondan yaşca böyük olan bu oğlana diqqətlə baxdı. Əynindəki şalvarın sol hissəsi dizinin aşağı hissəsindən boş qalmışdı. Külək onu yellədirdi. Bir müddət uşaq başmağa, Zeynalabdin isə ona baxdı. Və birdən ona sual verdi: ayağına nə olub?
Oğlan əncir ağacından yıxılmasından, sonra isə bir sınıqçının ora xəmir yapışdırması ilə sağalmayıb qaralıb çürüməsindən, nəhayət ayağının kəsilməsindən danışdı.
Bu söhbəti edərkən oğlan qarşısında dayanan Zeynalabdinin necə ağladığını görüb cəld dükandan uzaqlaşmaq istədi. Məhəmmədtağı onu saxlayıb dedi:
– Oğlum, dayan, getmə. Başmağı deyəsən çox bəyəndin, hə? Bu başmaq sənə çox yaraşar! Gəl, ayağında yoxlayım.
Oğlan gülümsəyərək dedi:
– Onlar doğrudan da çox gözəldir! Amma, mənim bir ayağım var. O biri tayını kim alacaq?
Məhəmmədtağı sanki uşağın gözlərindəki dərin kədəri gördü və bir anlıq susdu.
– Eh, sən bunu özünə dərd eləmə. Bir tayını da sol ayaqlı birinə sataram.
Atasının bu sözlərini Zeynalabdin də başı ilə təsdiqlədi. Oğlan Zeynalabdinin gözlərinə baxıb razılaşdı. Və birdən məyus halda:
- Amma, mənim başmaq almağa pulum yoxdur…
Məhəmmədtağı:
– Oğlum, biz sənə bunu satmırıq. Zeynalabdin onu sənə bayram hədiyyəsi edir. Ayağındakı köhnə başmağını mənə ver, vəssalam.
– Zarafat edirsiz? –deyə oğlan kəkələdi. Onun altı deşik-deşikdir, heç yamamağa da yaramaz. Atılmaq üzrədir. Köhnə başmaq kimə lazımdır, özü də bir tay?
– Oğlum, sən bunu bilməzsən. Hərdən köhnə də bir işə yarayır. Ondan yamaq kimi istifadə edərəm.
Sevincdən oğlan nə deyəcəyini bilmədi. Sanki özünü yuxudaymış kimi hiss edirdi. Bu gün onun üçün həyatının ən unudulmaz günlərindən biri idi. Təzə başmaq düz ayağına biçilmişdi. O, bir daha gülümsədi, təşəkkür etdi və qarşısında duran bu gözəl qəlbli atanı və sevinclə ona baxan Zeynalabdini möhkəm qucaqladı.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)