Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün
Bakının İçərişəhər məhləsində yoxsul bir ailədə ana laylası, ata nəvazişi ilə böyüyən Zeynalabdin adlı bir uşaq vardı. Onun yaşadığı ev iki balaca otaqdan ibarət idi. Kiçik otaq, yəni mətbəx olan hissədə təndir, ocaq və "suaxan" yerləşirdi. "Suaxan"da ata Məhəmmədtağı namaz qılmamışdan əvvəl dəstəmaz alardı. Evlərin pəncərəsi yox id. Otaqların qızdırılması üçün kürsüdən istifadə edərdilər. Soyuq havalarda otağın tən ortasında kürsü üçün olan yerdə manqal qoyular, içərisinə qızmar kömür töküb otaqları qızdırardılar. Kürsü qızan zaman yaranan tüstü damdakı baca ilə uzaqlaşdırılardı. Ümmüxanım bayram günlərində döşəməni, divarları şirələyərdi. Divarlarda müxtəlif ölçülərdə taxçalar vardı. "Cumaxatan" deyilən yerdə sandıq və üstündə yorğan-döşək qoyulardı. Taxçanın ən hündür yerində müqəddəs kitab "Quran" və yanında çıraq qoyulardı.
Zeynalabdin beş yaşın içində olmasına baxmayaraq hər axşam yatanda anası ona layla deyər, sonra nağıl danışardı:
Laylay deyim ucadan
Boyun çıxsın bacadan
Səni Tanrı saxlasın
Çiçəkdən, qızılcadan
Laylanı dinlədikcə Zeynalabdinin gözü istəməsə də bacaya baxardı. O, bacadan çox qorxurdu. Amma anasına demirdi. Qorxurdu ki, indicə bacadan iki qara əl uzanıb anasını ondan alar. Bu fikirləri başından atmaq istəsə də alınmırdı. Tərslikdən hər gecə anası cumaxatandan yorğan- döşək götürüb yer salanda onun yeri düz bacanın altına düşərdü. Anasından soruşardı:
- Anacan, baca nəyə lazımdır?
- Oğlum, baca olmasa ocağın, təndirin tüstüsündə boğularıq.Evi havalandırmaq üçün baca mütləq lazımdır. Heç bacasız da ev olar?
Zeynalabdin laylada anasının “boyun bacadan çıxsın” sözlərini isə heç eşitmək istəməzdi. Anasının əlini balaca əlləri ilə qoynunda saxlayıb ona nağıl danışmasını istəyərdi. Ana nağıl danışdıqca balaca anasına qısılıb daha bacaya tərəf baxmazdı. Anasının isti əli qoynunda şirin yuxuya gedərdi.
Atası Məhəmmədtağı başmaqçı idi. Həftələr olurdu ki, başmaq yamatmağa heç kəs gəlmirdi. Elə günlərdə ana qonşuluqda imkanlı ailələrin pal-paltarını yumaqla pul qazanardı. Zeynalabdin balaca olmasına baxmayaraq satılla anası üçün su daşıyar, gücü yetən qədər anasına kömək edirdi.
Soyuq havaların birində ana bərk xəstələndi. Ciyərlərinə möhkəm soyuq oldu. Güclə nəfəs alır, sinəsi qalxıb-düşürdü. Məhəmmədtağının dərman almağa pulu yox idi. Həmin gün Ümmüxanım xəstə olmasına baxmayaraq bir qarın çörəkdən ötrü canını dişinə tutub varlı adamların gətirdiyi paltarları yudu. Axşama yaxın qızdırması qalxdı, vəziyyəti pisləşdi. Zeynalabdin anasının köməksiz vəziyyətdə görüb ağlamağa başladı. Ata oğlunu sakitləşdirib heç nə olmamış kimi, yatırtdı. Ümmüxanıma isə heç nə ilə kömək edə bilmədi. “Kasıbçılığın evi yıxılsın” - dedi.- Pulum yoxdur ki, ona kömək edim”
Zeynalabdin səhər oyananda anasını yanında görmədi. “Ana, anacan hardasan?”- qışqırıb ağlamağa başladı. Ata oğlunu qucaqlayıb: - “ Oğlum anan mələk olub göylərə uçdu. Indi sənə ordan baxır”- göz yaşları içində pıçıldadı. Az sonra arvadların ah- fəğanından Zeynalabdin başa düşdü ki, anası artıq yoxdur. Qorxduğu bacadan uzanan qara əllər anasını həmişəlik ondan alıb aparmışdı.
“Ədəbiyyat və incəsənət”
(01.05.20250