“Rəqəmlər baxımından fiziki qəzet kağızının öz mövqeyini itirdiyi açıq şəkildə görünür” - MÜSAHİBƏ Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanın mətbuat tarixini çoxumuz yaxşı tanıyırıq. Bəs bizə dil, tarix və mədəniyyət baxımından yaxın olan Türkiyənin, daha dəqiq desək, Osmanlı imperiyasının mətbuat tarixi haqqında nə bilirik? İlk mətbəə necə yarandı, qəzetçilik hansı mərhələlərdən keçdi və bu tarixi təcrübə müasir Türkiyə mediasına necə təsir göstərdi?

 

Bu və digər suallarla bağlı türk jurnalist və siyasi ekspert Güngör Yavuzaslan “Ədəbiyyat və İncəsənət” portalına müsahibə verib.

 

 -Osmanlı dövründə mətbəənin və jurnalistikanın inkişafı sizcə müasir Türkiyə mediasının formalaşmasına necə təsir göstərib?

 

-Osmanlıda 1727-ci ildə İbrahim Mütəfərrikanın mətbəəsi ilə başlayan, 1831-ci ildə “Takvim-i Vekayi” qəzetinin nəşri ilə rəsmiləşən və 1860-cı ildə Şinasi ilə Agah Əfəndinin nəşr etdirdiyi “Tercüman-ı Ahval” qəzeti ilə müstəqil mətbuat kimliyi qazanan ənənə bugünkü Türkiyə mediasının həm əsasını, həm də ruhunu formalaşdırıb. Türkiyədə jurnalistika Qərbdə olduğu kimi yalnız kommersiya məqsədli xəbər ötürmə vasitəsi kimi yaranmayıb. O, birbaşa intellektual mübarizənin, maarifçiliyin və dövlətlə xalq arasında dialoqun daşıyıcısı kimi inkişaf edib. Buna görə də Türkiyə mediasında bu gün də “Babıali ənənəsi” adlandırdığımız, köşə yazarlığına üstünlük verən, fikir və təhlil mərkəzli nəşriyyat mədəniyyəti üstünlük təşkil edir.Digər tərəfdən, bu mətbuat yaddaşı yalnız Türkiyənin deyil, 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə Bakıda yandırdığı məşəllə birləşən ortaq türk dünyası maarifçiliyinin də mirasıdır. Bu gün Türkiyədə milli və yerli medianın ictimai rəy formalaşdırmaq xüsusiyyəti, siyasətlə sıx əlaqəsi, böhran dövrlərində dövlət və xalq həssaslığını ön planda saxlaması birbaşa XIX əsr Osmanlı mətbuatının ənənələrindən qaynaqlanır.

 

 -Sizcə, Türkiyədə çap qəzetlərinin tarixi rolu müasir rəqəmsal jurnalistikada hələ də hiss olunurmu?

 

-Rəqəmlər baxımından fiziki qəzet kağızının öz mövqeyini itirdiyi açıq şəkildə görünür. Türkiyə Statistika Qurumunun 2026-cı ilin iyulunda açıqladığı son dövri nəşrlər statistikasına əsasən, Türkiyədə rəsmi elan dərc edən çap qəzetlərinin sayı 659-a, illik ümumi tiraj isə 15 faizdən çox azalma ilə 392 milyon səviyyəsinə düşüb. Rəsmi elanların yayımlandığı internet xəbər saytlarında isə səhifə baxışlarının sayı 45 milyardı ötüb və rəqəmsal mediada çalışanların sayı, demək olar ki, yazılı mətbuatdakı göstəricilərə çatıb. Lakin informasiya vasitəsi dəyişsə də, çap jurnalistikasının tarixi çəkisi və institusional nüfuzu rəqəmsal mediada hələ də həlledici rol oynayır. Türkiyədə rəqəmsal jurnalistikanın sürət və klik uğrunda mübarizə nəticəsində yaşadığı etibar itkisinə qarşı bu gün ən çox istinad edilən rəqəmsal platformalar yenə də köklü qəzet brendlərinin institusional yaddaşını, redaksiya süzgəcini və başlıq üslubunu qoruyub saxlayan media qurumlarıdır. Mətbuat Elan Qurumunun internet xəbər saytlarını da rəsmi elan və mətbuat etikası qaydaları çərçivəsinə daxil etməsi, əslində, 200 illik ənənəvi mətbuat intizamının rəqəmsal dövrə daşınmasıdır. Qısacası, kağız ekranın gerisində qalsa da, Türkiyənin rəqəmsal jurnalistikası hələ də çap mediasının formalaşdırdığı dil, başlıq mədəniyyəti və institusional etibar mirası üzərində inkişaf edir.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.