Ankarada Fikrət Əmirovun “Nizami” simfoniyası səsləndi

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının birgə layihəsi çərçivəsində Ankarada dahi Azərbaycan şairi və Türk dünası mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Mərkəzindən məlumat verilib.

 

18 noyabr 2026-cı il tarixində Ankara Dövlət Konservatoriyasının Beytepe şəhərciyindəki Böyük Konsert salonunda keçirilən tədbirdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyası Hacettepe Universiteti Simfonik Orkestrinin ifasında təqdim olunub. Orkestrə professor, Ankara Dövlət Konservatoriyasının müdiri Burak Tüzün dirijorluq edib.

Konsert proqramında mədəniyyət sahəsinin, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinin, musiqisevər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən professor Burak Tüzün bu il Azərbaycan xalqının yetişdirdiyi və Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olan Nizami Gəncəvinin anadan olmasının 885 illiyinin qeyd edildiyini vurğulayıb. O, 1141-ci ildə Gəncə şəhərində dünyaya gələn dahi mütəfəkkirin yaradıcılığının yalnız Şərq ədəbiyyatına deyil, dünya mədəniyyəti və fikir tarixinə də əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Burak Tüzün Nizami Gəncəvinin əsərlərində insan sevgisi, ədalət, sülh, humanizm və mənəvi dəyərlərin mühüm yer tutduğunu bildirərək, şairin əsərlərinin dünya ədəbiyyatının ölməz inciləri olduğunu qeyd edib.

Daha sonra Hacettepe Universiteti Simfonik Orkestrinin ifasında səsləndirilən “Nizami” simfoniyası dinləyicilərə təqdim olunub. Milli musiqi ənənələri ilə simfonik sənətin vəhdətini özündə əks etdirən əsər böyük Azərbaycan şairinin poetik və fəlsəfi dünyasını musiqi vasitəsilə yaşadaraq konsert proqramına xüsusi məna və məzmun qatıb.

Qeyd edək ki, 1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə bəstələnmiş “Nizami” simfoniyası Fikrət Əmirovun görkəmli əsərlərindən biri olmaqla Azərbaycan professional musiqi sənətinin dəyərli nümunələrindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.