26 oktyabr 2026-cı il tarixində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdirdiyi “Birinci Türkoloji Qurultay” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq nəşr olunan kitabın müəllifləri akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblidir. “Türk dünyasının tarixi inciləri” kitab silsiləsi çərçivəsində hazırlanan nəşr Azərbaycan, qazax və rus dillərində işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əməkdaşı, filologiya elmləri doktoru Qətibə Vaqifqızı, eləcə də elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Türk dünyasının ortaq elmi və mədəni irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Fondun fəaliyyətində Türk dünyasının əlamətdar tarixi hadisələrinin araşdırılması, təbliği və gələcək nəsillərə çatdırılması mühüm yer tutur.
Fondun prezidenti qeyd edib ki, Birinci Türkoloji Qurultayın yubileyinə hazırlıq çərçivəsində 2025-ci ildə “BakuTV” telekanalı ilə birgə televiziya layihəsi həyata keçirilib. Layihə çərçivəsində Qurultayın tarixinə həsr olunan verilişlər bir neçə ay ərzində həm televiziya efirində, həm də “YouTube” platformasında yayımlanıb.
Yeni nəşrin əhəmiyyətindən bəhs edən Fondun prezidenti bildirib ki, kitabda Birinci Türkoloji Qurultayın tarixi missiyası hərtərəfli araşdırılıb, Qurultayda müzakirə olunan əlifba, dil, terminologiya və ədəbiyyat məsələləri geniş şəkildə işıqlandırılıb. O, nəşrin Türk dünyasının tarixi, dili və mədəni özünəməxsusluğunun öyrənilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Təqdimat zamanı kitabın həmmüəllifləri və digər çıxışçılar Birinci Bakı Türkoloji Qurultayının elmi əhəmiyyətinə, türkologiyanın inkişafındakı tarixi roluna və onun ideyalarının müasir dövrdə qorunub saxlanılmasının vacibliyinə toxunublar.
Tədbirin sonunda qonaqların və iştirakçıların maraq doğuran sualları cavablandırılıb, “Birinci Türkoloji Qurultay” kitabı tədbir iştirakçılarına təqdim olunub və xatirə fotoları çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)


