Təranə Turan Rəhimli,
“Ədəbiyyat və incəsənət”
“Qənirə Paşayeva və Türk Dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” adlı Beynəlxalq Konqres iki gün davam edən zəngin elmi proqramın ardından uğurla başa çatdı. Qənirə Paşayevanın adına və onun düşüncə irsinə həsr olunmuş ilk beynəlxalq elmi konqres xüsusiyyətini daşıyan tədbir 23 ölkədən 200-dən çox alim, akademik, tədqiqatçı, şair, yazıçı və mədəniyyət xadimini bir araya gətirdi.
Türk Akademisyenler Birliyi tərəfindən 27–28 sentyabr 2026-cı il tarixlərində onlayn formatda keçirilən konqresdə Azərbaycanın görkəmli siyasətçisi, jurnalisti, yazıçısı və Türk dünyası könüllüsü Qənirə Paşayevanın həyatı, düşüncələri, ədəbi və mədəni irsi, eləcə də Türk dünyasına yönəlmiş fəaliyyəti müxtəlif elm sahələrinin baxış bucağından araşdırıldı.
Qənirə Paşayeva haqqında keçirilən ilk beynəlxalq elmi konqres olması tədbirə yalnız akademik deyil, eyni zamanda mədəni və tarixi baxımdan da xüsusi əhəmiyyət qazandırdı. Konqres Qənirə Paşayevanın müxtəlif istiqamətlərdəki fəaliyyətinin elmi araşdırmalar vasitəsilə sənədləşdirilməsinə və onun Türk dünyası ilə bağlı düşüncələrinin müxtəlif ölkələrdən olan tədqiqatçılar tərəfindən dəyərləndirilməsinə imkan yaratdı.
Konqresdə Azərbaycan, Türkiyə, Avstraliya, Almaniya, Cezayir, İngiltərə, Hindistan, İran, İraq, İsveç, İtaliya, Şimali Kipr, Hollandiya, Makedoniya, Kosovo, Qırğızıstan, Qazaxıstan, Malayziya, Rusiya, Serbiya, Türkmənistan, Özbəkistan və Yunanıstandan iştirakçılar yer aldı. İki gün ərzində beş ayrı zalda keçirilən yeddi paralel elmi sessiyada ümumilikdə 201 məruzə təqdim edildi.
Konqresin elmi proqramında ədəbiyyat, mədəniyyət, tarix, siyasət, beynəlxalq münasibətlər, təhsil, sosiologiya, iqtisadiyyat, kommunikasiya, qadın araşdırmaları, texnologiya və mədəni irs kimi çoxsaylı sahələr bir araya gətirildi. Bununla da Qənirə Paşayevanın irsi yalnız siyasi şəxsiyyət kimi deyil; şair, yazıçı, jurnalist, qadın lider, mədəniyyət xadimi və Türk dünyasının müdafiəçisi kimlikləri ilə çoxşaxəli şəkildə araşdırıldı.
Konqresin açılış və bağlanış proqramları Dokuz Eylül Universitetinin Bölmə rəhbəri Prof. Dr. Vahap Tekinin aparıcılığı ilə keçirildi. Açılış proqramında Türk Akademisyenler Birliyinin sədri və Konqresin sədri Dos. Dr. İzzettin Özpolat, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Konqresin Təşkilat Komitəsinin sədri və Türk Akademisyenler Birliyinin sədr müavini qismində bəndəniz - Təranə Turan Rəhimli, Kosovonun “Türkçem” dərgisinin redaktoru Zeynel Beksaç, “AjMedia”nın redaktoru Vüqar Ağayev və Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva çıxış etdik.
Açılış proqramının ən duyğulu məqamlarından biri Qənirə Paşayevanın bacısı Kəmalə Paşayevanın çıxışı oldu. Kəmalə Paşayeva çıxışını Qənirə Paşayevanın məzarı başından etdi. Qənirə xanımın həyatına, şəxsiyyətinə və geridə qoyduğu dəyərlərə dair duyğulu fikirlər səsləndirən Kəmalə Paşayevanın çıxışı konqres iştirakçılarının yaddaşında xüsusi iz buraxdı.
İki gün ərzində keçirilən elmi sessiyalarda Qənirə Paşayevanın Türk dünyası ilə bağlı düşüncələri ədəbiyyat, mədəniyyət, siyasət, diplomatiya, qadın araşdırmaları, tarix, təhsil və beynəlxalq münasibətlər prizmasından dəyərləndirildi.
Konqresdə qadın, liderlik və ictimai kimlik məsələləri mühüm yer tutdu. Qənirə Paşayevanın qadın kimliyi, siyasi və ictimai fəaliyyəti, qadınların ictimai həyatda rolu və Türk dünyasında qadın liderliyi müxtəlif elmi istiqamətlər üzrə araşdırıldı.
Türk dünyasında siyasi birlik, diplomatiya, təhlükəsizlik və ortaq kimlik məsələləri də konqresin əsas mövzuları sırasında yer aldı. Parlament diplomatiyası, mədəni diplomatiya, regional təhlükəsizlik, kollektiv kimlik və beynəlxalq əməkdaşlıqla yanaşı, Şuşa, Qarabağ, Cənubi Qafqaz, Avropada yaşayan türklər və Türk dövlətləri arasındakı münasibətlərə dair məruzələr təqdim edildi.
Ədəbiyyat və mədəniyyət araşdırmaları da konqresin əsas istiqamətlərindən birini təşkil etdi. Qənirə Paşayevanın şeirlərində və əsərlərində vətən, ana, qadın, tarix, kimlik və Türk dünyası düşüncəsi araşdırılarkən, “Dədə Qorqud”dan Ahıska nağıllarına, atalar sözlərindən deyimlərə, Azərbaycan və Özbəkistan ədəbiyyatından Qazax və Türkmən mədəni irsinə qədər geniş bir sahə əhatə olundu.
Konqresin diqqətçəkən xüsusiyyətlərindən biri klassik türkoloji və mədəniyyət araşdırmaları ilə müasir texnoloji və ictimai məsələlərin eyni elmi proqram çərçivəsində bir araya gətirilməsi oldu. Təhsildə süni intellekt, türk dilinin xarici dil kimi tədrisi, rəqəmsal materialların hazırlanması, onlayn təhsil, sosial media, rəqəmsal diplomatiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və texnoloji suverenlik kimi aktual mövzular da alimlər tərəfindən araşdırıldı.
İkinci gün keçirilən sessiyalarda türk dilləri və ləhcələri, folklor, tarix, memarlıq və muzeyşünaslıqla yanaşı, Mərkəzi Asiyanın müasir geosiyasəti, Orta Dəhliz, su təhlükəsizliyi, iqlim dəyişiklikləri, böyük güclər arasında rəqabət və akademik əməkdaşlıq kimi məsələlər də müzakirə edildi. Beləliklə, konqres Türk dünyasını yalnız tarix və mədəniyyət kontekstində deyil, müasir elmi, texnoloji və beynəlxalq məsələlər çərçivəsində də araşdıran genişmiqyaslı akademik platforma yaratdı.
Konqresə göstərilən beynəlxalq maraq da diqqət çəkdi. Konqreslə bağlı xəbər və müsahibələr müxtəlif ölkələrin mətbuatında, televiziya kanallarında, internet xəbər saytlarında və müxtəlif media platformalarında yayımlandı. Azərbaycan, Türkiyə, Şimali Makedoniya, İtaliya, Pakistan, Albaniya, Almaniya, Belçika, Hollandiya, Yaponiya, Keniya və bir çox digər ölkələrdə konqres haqqında xəbərlər dərc olundu.
İki gün davam edən zəngin elmi proqramın ardından keçirilən bağlanış mərasimində Konqresin sədri Dos. Dr. İzzettin Özpolat, , Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Kuzəçi, eləcə də Təşkilat Komitəsinin üzvləri Prof. Dr. Zehra Gencel Efe, Dos. Dr. Minara Əliyeva, Dr. Bedri Şahin, Dr. Alsu Şamsutova, eləcə də mən çıxış etdik.
Bağlanış proqramında mənim Qənirə Paşayevanın xatirəsinə həsr etdiyim “İşıq Qadın” adlı şeirimin səsləndirilməsi konqresin yekununa xüsusi duyğusal məna qatdı.
Bağlanış çıxışlarında Qənirə Paşayeva haqqında keçirilən bu ilk beynəlxalq elmi konqresin onun düşüncə, ədəbiyyat və mədəniyyət irsinin araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm başlanğıc olduğu vurğulandı.
22 ölkədən 200-dən çox məruzəçinı eyni elmi çətir altında birləşdirən konqres, Qənirə Paşayevanın adına həsr olunmuş ilk beynəlxalq elmi konqres kimi onun çoxşaxəli irsinin müxtəlif akademik istiqamətlər üzrə araşdırılmasına imkan yaratdı.
Konqres Qənirə Paşayevanın Türk dünyası ilə bağlı düşüncələrinin yalnız keçmişə aid bir irs deyil, eyni zamanda təhsil, elm, mədəniyyət, ədəbiyyat, texnologiya, akademik əməkdaşlıq və beynəlxalq münasibətlər kimi müxtəlif sahələrdə araşdırılmağa davam etdirilə biləcək çoxşaxəli bir mövzu olduğunu ortaya qoyaraq başa çatdı.
“Ədəbiyyat və incəsənət”
(30.09.2026)


