Bu gün Bakıda XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə I Türk Dünyası Bəstəkarları Qurultayı açılacaq.
Qurultay Birinci Türkoloji Qurultayının 100 illiyinə, Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi dünyasının tanınmış nümayəndələri iştirak edəcəklər.
Qurultayın zəngin proqramı müxtəlif görüşləri, elmi müzakirələri və musiqi tədbirlərini əhatə edəcək. Üç gün ərzində bir sıra iclaslar, beynəlxalq səviyyəli dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri keçiriləcək.
Qurultayın əsas nəticələrindən biri türk dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirəcək Türk Dünyası Bəstəkarlar Birliyinin – Turkic Union of Composers (TUC) yaradılması olacaq.
19 sentyabr tarixində Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında Türk Dünyası Bəstəkarlar Birliyinin ilk rəsmi iclası keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması, həmçinin yeni beynəlxalq peşəkar platformanın Nizamnamə layihəsinin müzakirəsi nəzərdə tutulur.
Birliyin yaradılması türk dünyası ölkələrinin musiqi quruluşları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq. Ümumi musiqi irsinin qorunması və inkişaf etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi, yaradıcılıq mübadiləsinin təşviqi və türk dünyası musiqisinin beynəlxalq səhnədə təbliği xüsusi diqqət mərkəzində olacaq.
19 sentyabr 2026-cı il tarixində saat 16:00-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında I Türk Dünyası Bəstəkarları Qurultayının yekunlarına, Turkic Union of Composers (TUC) təşkilatının yaradılmasına, Bakı Bəyannaməsinin imzalanmasına və yeni peşəkar birliyin fəaliyyət perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Qurultay sentyabrın 20-dək davam edəcək.
I Türk Dünyası Bəstəkarları Qurultayının ətraflı proqramını təqdim edirik:
18 SENTYABR (cümə)
18.00 TƏNTƏNƏLİ AÇILIŞ — QALA-KONSERT
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Türk dünyasından dəvət olunmuş sənətçilərin iştirakı ilə.
Proqramda: Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və Türk dünyasının müasir bəstəkarlarının əsərləri.
Məkan: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası / İstiqlaliyyət küç. 10
19 SENTYABR (şənbə)
10.00I TÜRK DÜNYASI BƏSTƏKARLARI QURULTAYININ TƏNTƏNƏLİ AÇILIŞI
Məkan: Azərbaycan Bəstəkarlar İttifaqı / Xaqani küç. 27
14.30TURKIC UNION OF COMPOSERS (TUC) TƏSİS İCLASI
Məkan: Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahı / Bakıxanov küç. 73A
16.00 TÜRK DÜNYASI BƏSTƏKARLARININ I QURULTAYININ YEKUNLARINA HƏSR OLUNMUŞMƏTBUAT KONFRANSI
Məkan: Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahı / Bakıxanov küç. 73A
18.00 KAMERA MUSİQİSİ KONSERTİ
“CADENZA” Müasir Musiqi Kamera Orkestrinin iştirakı ilə.
Proqramda: Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin və Türk dünyasının digər klassik və müasir bəstəkarlarının əsərləri.
Məkan: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı / 28 May küç. 41
20 SENTYABR (bazar)
10.00“TÜRK BƏSTƏKARLIQ MƏKTƏBLƏRİNİN FORMALAŞMASI VƏİNKİŞAFI: MƏDƏNİ KİMLİK AXTARIŞINDA” MÖVZUSUNDA DƏYİRMİ MASA
Məkan: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası / Xaqani küç. 57
18.00 ƏNƏNƏVİ MUSİQİ KONSERTİ
Məkan: Beynəlxalq Muğam Mərkəzi / Dənizkənarı Milli Park, M. Hüseynov pr. 30
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)


