İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə məşhur qırğız yazıçısı Qasıməli Bayalinov barədə danışacağıq. Bu gün onun anım günüdür.
Qasıməli Bayalinov köçəri maldarlıqla məşğul olan bir ailədə 1902-ci ilin 15 senyabr günü dünyaya gəlib. Erkən yaşlarında valideynlərini itirmiş və qohumlarının himayəsində böyüyüb. 1916-cı ildə Orta Asiyada baş verən üsyan zamanı çoxsaylı qaçqınlarla birlikdə Çinə keçib, Oktyabr inqilabından sonra isə ölkəsinə geri dönüb.
O, müəyyən müddət muzdlu işçi kimi çalışıb, 1918-ci ildə piyada Tokmak şəhərinə gələrək müxtəlif gündəlik işlərlə məşğul olub. Burada aptekdə kuryer, mehtər və ordu kazarmasında aşpaz köməkçisi vəzifələrini icra edib. 1919-cu ildə komsomol sıralarına daxil olan Qasıməli Daşkənddə altıaylıq diyar sovet-partiya məktəbini bitirib. 1920-ci ildə yenidən Daşkəndə, altıaylıq pedaqoji kurslara göndərilib.
1921–1925-ci illərdə Alma-Atada Qazax Pedaqoji Texnikumunda, 1929–1933-cü illərdə isə Moskvada İ. V. Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. 1920-ci ildə Narın kantonunun komsomol komitəsində çalışıb, 1925-ci ildə isə Moskvada Mərkəzi Nəşriyyatın qırğız bölməsinə redaktor vəzifəsinə göndərilib.
Bayalinov 1926–1928 və 1935–1937-ci illərdə "Qırğızdövlətnəşr"in baş redaktoru, 1933–1935-ci illərdə İssık-Kul vilayətinin Ceti-Öğuz rayon qəzetinin redaktoru, 1940-cı ildən "Sovettik Qırğızstan" jurnalının baş redaktoru, 1941-ci ildən isə "Isıkköl pravdası" vilayət qəzetinin redaktoru vəzifələrində çalışıb. O, 1944–1947 və 1949–1955-ci illərdə Qırğızıstan Yazıçılar İttifaqı idarə heyətinin sədri olub.
1947–1949-cu illərdə isə SSRİ Elmlər Akademiyasının Qırğızıstan filialı nəzdindəki Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun elmi işçisi kimi fəaliyyət göstərib. 1955-ci ildən etibarən isə tamamilə ədəbi yaradıcılığa diqqət yetirib. Qasıməli Bayalinov dördüncü çağırış Qırğızıstan SSR Ali Sovetinin deputatı seçilib.
Qasıməli Bayalinovun əsərləri 1923-cü ildən etibarən çap olunmağa başlayıb. O, Orta Asiya üsyanı dövründə qadınların faciəvi taleyindən bəhs edən "Ajar" (1928) povesti ilə qırğız nəsrində ilk realist əsərin müəllifi kimi tanınıb. 1929–1940-cı illərdə yazıçı Sovet Qırğızıstanının yeni həyatını əks etdirən "Murad" və "Xoşbəxt ilxıçı" kimi hekayələr qələmə alıb.
Müharibə mövzusu isə müəllifin "Atəş içində" hekayələr silsiləsində öz əksini tapıb. Sənətkarın 1948-ci ildə yazdığı "Cənab Poyntona bəzi təkliflər" adlı məqaləsi SSRİ-də milli mədəniyyətlərin çiçəklənməsinin inkar edilməsinə qarşı yönəlmişdir. 1947-ci ildə işıq üzü görmüş "İssık-Kul sahillərində" povestində müharibə illərində kolxoz kəndinin həyatı təsvir edilib.
Müəllifin "Kurman vadisi" (1958) povesti 1916-cı il üsyanının epizodlarından birini canlandırır. Onun genişmiqyaslı romanları, povest və hekayələri, o cümlədən "Qardaşlıq" ("Boordoştor", 1962), "İssık-Kul sahillərində" ("Kel boyunda", 1952), "Murad" (1929-cu il) və digər əsərləri qırğız xalqının mənəvi və mədəni həyatında mühüm yer tutub.
Qasıməli Bayalinovun yaradıcılığı müvafiq xrestomatiyalara daxil edilib. Onun əsərləri respublikanın ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrinin humanitar fakültələrində və elmi müəssisələrində tədqiq olunur. Yazıçının süjetləri əsasında "İssık-Kul sahillərində" operası, habelə müxtəlif janrlarda bir çox musiqi əsərləri bəstələnib.
Sənətkarın əsərləri Azərbaycan, rus, özbək, qazax, tatar, moldav, fransız, ingilis, alman, çex və digər dillərdə nəşr edilib. O həmçinin, dövrünün aktual problemlərini işıqlandıran çoxsaylı publisistik məqalə və oçerklərin müəllifidir.
Qasıməli Bayalinov qırğız oxucusunu A. S. Puşkin, M. Y. Lermontov, L. N. Tolstoy və A. M. Qorki kimi görkəmli yazıçıların yaradıcılığı ilə tanış edən ilk peşəkar tərcüməçilərdən biri olub. Sənətkar 3 sentyabr 1979-cu ildə vəfat edib və Bişkekdə yerləşən "Ala-Arça" qəbiristanlığında dəfn olunub.
Qasıməli Bayalinovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və o, aşağıdakı orden və medallarla təltif olunub:
- "Oktyabr İnqilabı" ordeni (22 sentyabr 1972-ci il)
- İki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni (o cümlədən 1 noyabr 1958-ci il)
- "Şərəf nişanı" ordeni
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
- "Rəşadətli əməyə görə (V. İ. Leninin anadan olmasının 100 illiyi münasibətilə)" medalı
- Qırğızıstan SSR-in Xalq yazıçısı (1968-ci il)
- Qırğızıstan SSR-in Əməkdar incəsənət xadimi fəxri adı
- Qırğızıstan SSR Ali Sovetinin Fəxri fərmanları
“Ədəbiyyat və incəsənət”
(03.09.2026)


