Xarıbülbülün kölgəsində sözün yurdu Ankaradan Bakıya, Qazaxa, Ağdama və Şuşaya səyahət gündəliyi Featured

Kazım Kazım Arıcan,   

Ankara Sosial Elmlər Universitetininrektoru, professor.

“Ədəbiyyat və incəsənət”

 

ÜÇÜNCÜ HİSSƏ

Şuşanın mədəni möcüzəsi

Şuşanı gəzərkən beynimi məşğul edən suallardan biri bu idi: Əhalisi heç vaxt böyük paytaxtlarla müqayisə olunacaq kəmiyyətə çatmayan bir dağ şəhəri necə bu qədər çox şair, bəstəkar, xanəndə, rəssam və mütəfəkkir yetişdirə bilmişdir?

Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Əhməd bəy Ağaoğlu və daha neçə-neçə görkəmli şəxsiyyət bu şəhərin mədəni iqlimində yetişmişdir. Bu halı təsadüflə izah etmək mümkün deyil. Şuşanın mədəni məhsuldarlığı saray mühitinin sənətə və ədəbiyyata marağı, xalqın zəngin şifahi ənənəsi, muğam məktəbi, ədəbi məclislər, müxtəlif icmaların qarşılaşması və şəhərin ticarət yolları ilə əlaqələrinin vəhdətindən yaranmışdır.

Coğrafiya da bu məhsuldarlığın səssiz tərəfdaşlarından biridir. Cıdır düzünün genişliyi, İsa bulağının sərinliyi, Topxana meşəsinin zəngin bitki örtüyü və dağların yaratdığı təbii səslər aləmi şəhərin estetik yaddaşına öz dili ilə töhfə vermişdir.

Burada sənət yalnız insan iradəsinin deyil, coğrafiyanın da əsəridir.

 

İsa bulağı: Suyun yaddaşı

İsa bulağı Şuşanın ruhunu anlamaq üçün kiçik, lakin son dərəcə mühüm açardır.

Şəhərdən kənarda, meşələrlə örtülü dağlıq ərazidə yerləşən bu bulağın adını, rəvayətə görə, onu tapan İsa adlı kəndlidən aldığı söylənilir. Sərinliyi, saflığı və ətrafında qurulan məclislərlə İsa bulağı zaman keçdikcə sadəcə su mənbəyi deyil, Şuşanın mədəni həyatının əsas görüş yerlərindən birinə çevrilmişdir.

Burada xanəndələr, sazəndələr, şairlər və şəhər sakinləri bir araya gələr, suyun təravəti sözün və musiqinin təravəti ilə qovuşardı.

Bir bulağın ətrafında məclis qurulması təbiətlə mədəniyyətin necə vəhdət təşkil etdiyini göstərir. Su yalnız susuzluğu yatırmır, insanları bir araya gətirərək xatirələr yaradır.

İşğal illərinin dağıntılarından İsa bulağı da öz “pay”ını aldı. Şuşa azad edildikdən sonra bulağın bərpası və suyunun yenidən axıdılması adi abadlıq işi olmaqdan qat-qat böyük məna daşıyır.

Çünki bir xalq üçün su yalnız həyatın deyil, yaddaşın da mənbəyidir.

Vaxtilə dağın qoynunda gizlənən su damarının bu gün yenidən axması Şuşanın yalnız daşlarının deyil, ən incə yaddaş qatlarının da dirçəldildiyinin əlamətlərindən biridir.

Natəvanın şəhərə su gətirmək təşəbbüsü ilə İsa bulağının hekayəsi arasında da səssiz bir qohumluq vardır. Biri xan qızı olaraq şəhərin susuzluğuna çarə olmuş, digəri isə sadə bir insan kimi dağın qoynunda su axtarışına çıxmışdır.

Hər ikisi göstərir ki, Şuşada su yalnız təbiətin neməti deyil, insanların bir-birinə qoyub getdiyi mənəvi əmanətdir.

 

Tarixin dərin qatları

Qarabağın mədəni tarixi Qarabağ xanlığının yaranmasından xeyli əvvələ gedib çıxır. Bölgənin yaylaqları, otlaqları və keçidləri əsrlər boyu müxtəlif siyasi və mədəni hərəkətliliklərin şahidi olmuşdur.

Əmir Teymurun 1399–1400-cü ilin qışını Qarabağda keçirməsi də bölgənin strateji və coğrafi əhəmiyyətini göstərən tarixi nümunələrdən biridir. Bununla belə, həmin tarixi hadisələr və  bugünkü Şuşanın mədəni quruluşu ilə əlaqə qurarkən ehtiyatlı olmaq lazımdır.

Şuşa bu gün tanıdığımız qala-şəhər kimliyini XVIII əsrin ortalarında Pənahəli xanın dövründə qazanmışdır. Lakin onun salındığı coğrafiyanın daha qədim ticarət, köç, hərbi hərəkətlilik və mədəni mübadilə yolları üzərində yerləşdiyi aydındır. Deməli, Şuşa boş bir ərazidə deyil, müxtəlif tarixi qatların toplandığı canlı bir coğrafiyada qurulmuşdur.

Ancaq şəhərin misilsiz mədəni məhsuldarlığını izah edən əsas amil yalnız keçmişdən qalan irs deyil, həm də sonrakı dövrlərdə formalaşmış ədəbi və musiqi məclisləridir.

Məclisi-ÜnsMəclisi-Fəramuşan yalnız şeir oxunan toplantılar deyildi. Bunlar tənqidin, söhbətin, qarşılıqlı öyrənmənin və estetik meyarların formalaşdığı mədəni institutlar idi. Böyük sənətkarlar çox vaxt təkbaşına deyil, güclü mədəni mühit daxilində yetişirlər. İstedad fərdi xüsusiyyətdir, onu inkişaf etdirən iqlim isə cəmiyyətin yaratdığı mühitdir.

Bu gün universitetlərin, mədəniyyət mərkəzlərinin və yazıçı təşkilatlarının həmin məclis ənənəsindən öyrənəcəyi mühüm dərslər vardır. Türk dünyasının yeni şairlərini, mütəfəkkirlərini və sənətkarlarını yetişdirmək istəyiriksə, yalnız müsabiqə və mərasimlərlə kifayətlənə bilmərik.

Gənclərin müntəzəm şəkildə bir araya gələ biləcəyi, bir-birini tənqid edəcəyi, klassik mətnləri oxuyacağı və müasir dünya ilə əlaqə quracağı davamlı mühitlər yaratmalıyıq.

Şuşa keçmişdə məhz bunu bacarmışdı.

Əhməd bəy Ağaoğlunun şəhəri

Şuşanın mədəni irsi yalnız şeir və musiqi ilə məhdudlaşmır. Bu şəhər həm də müasir türk düşüncəsinin görkəmli simalarından olan Əhməd bəy Ağaoğlunu yetişdirmişdir.

Şuşada doğulan Ağaoğlunun həyatı Qafqazdan Parisə, Bakıdan İstanbula və Ankaraya uzanan böyük bir fikir yolçuluğudur. O, türk dünyasının modernləşmə, azadlıq, hüquq, milliyyətçilik, təhsil və qadın hüquqları məsələləri üzərində düşünən ən mühüm ziyalılarından biridir.

Onun həyatı türk dünyasının intellektual inkişafının diqqətəlayiq nümunələrindən biridir. Şuşalı bir mütəfəkkir Türkiyənin siyasi və intellektual həyatına mühüm təsir göstərmiş, ailəsi də hüquq, siyasət və ictimai mübarizə sahələrində mühüm rol oynamışdır.

Bu nümunə göstərir ki, türk dünyasının mədəni əlaqələri yeni yaranmış hadisə deyil. Sərhədlər, siyasi rejimlər və əlifbalar dəyişsə də, fikirlər və insanlar coğrafiyalar arasında hərəkət etməyə davam etmişdir.

Bu gün görülməsi vacib olan iş bu intellektual dövriyyəni daha institusional və davamlı hala gətirməkdir. Universitetlər arasında ortaq proqramların yaradılması, tələbə və alim mübadilələrinin genişləndirilməsi, birgə elmi-tədqiqat mərkəzlərinin qurulması və türk dünyası klassiklərinin qarşılıqlı tərcüməsi ortaq düşüncə məkanının inkişafına mühüm töhfə verəcəkdir.

Şuşanın keçmişi bizə yalnız qürur duyacağımız şəxsiyyətləri təqdim etmir. O, eyni zamanda gələcəkdə nələri etməli olduğumuzu da öyrədir.

Şuşa yenidən Türk dünyasının Məclisi ola bilərmi?

Şuşada keçirdiyim günlər ərzində beynimdən çıxmayan düşüncələrdən biri də bu şəhərin yenidən böyük bir türk dünyası məclisinə çevrilə bilməsi ehtimalı idi.

Bir zamanlar Məclisi-Üns və Məclisi-Fəramuşanda şairləri qəbul edən Şuşa bu gün bir tərəfdən Vaqif Poeziya Günlərində gənc qələm sahiblərini bir araya gətirir, digər tərəfdən isə türk dünyasının siyasi və mədəni toplantılarına ev sahibliyi edir.

Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı kimi ön plana çıxması və Türk Dövlətləri Təşkilatının liderlər səviyyəsində keçirilən görüşlərinə ev sahibliyi etməsi göstərir ki, bu şəhər yalnız keçmişin xatirəsi deyil. Şuşa yenidən siyasətin, mədəniyyətin, incəsənətin və düşüncənin qovuşduğu rəmzi mərkəzə çevrilir.

Bu baxımdan şəhər haqqında zaman-zaman işlədilən “Türk dünyasının Davosu” bənzətməsi müəyyən mənada anlaşılandır. Lakin Şuşanın əsl gücü başqa bir şəhərə bənzəməsində deyil, öz tarixi kimliyini yenidən bərpa edə bilməsindədir.

Davosu əhəmiyyətli edən cəhət orada dünyanın gələcəyinin müzakirə edilməsidir. Şuşanı fərqləndirə biləcək xüsusiyyət isə gələcəyin yalnız siyasət və iqtisadiyyat prizmasından deyil, həm də yaddaş, poeziya, mədəniyyət və sivilizasiya baxımından müzakirə olunmasıdır.

Əgər bir tərəfdə dövlət xadimləri siyasi və iqtisadi gələcəyi dəyərləndirir, digər tərəfdə isə gənc şairlər dilin və milli yaddaşın gələcəyini müzakirə edirlərsə, deməli, şəhər yenidən tarixi missiyasına yaxınlaşır.

Lakin bir şəhərin zirvə görüşlərinin keçirildiyi mərkəzə çevrilməsi qədər, burada yaranan ideyaların davamlı institutlara çevrilməsi də mühüm əhəmiyyət daşıyır. Şuşanın əsl qüdrəti yalnız toplantılara ev sahibliyi etməsində deyil, həmin toplantılar başa çatdıqdan sonra da fikir, sənət və mədəniyyət istehsal etməyə davam etməsində özünü göstərəcəkdir.

Şəhər, yaddaş və əxlaq

Şuşada və Ağdamda keçirdiyim günlər ərzində şəhər anlayışı haqqında yenidən düşündüm. Şəhər yalnız insanların yaşadığı məkan deyil. O, insanların özlərini və dünyanı mənalandırdıqları ortaq yaddaş məkanıdır.

Məscidlər, evlər, qəbiristanlıqlar, meydanlar, məktəblər, çeşmələr və teatrlar sadəcə memarlıq nümunələri deyildir. Onlar cəmiyyətin yaddaşını daşıyan nişanələrdir. Buna görə də bir şəhəri dağıtmaq yalnız binaları məhv etmək demək deyil. Bu, xatirələri, mənsubiyyət hissini və keçmişlə gələcək arasındakı əlaqəni zədələmək deməkdir.

Lakin bir şəhəri yenidən qurmaq da yalnız yeni binalar inşa etməkdən ibarət deyil. Şəhərin ruhunu, insan münasibətlərini, mədəni həyatını və ədalət duyğusunu da yenidən bərpa etmək lazımdır.

Şuşanın tarixi abidələrinin bərpası və mədəni tədbirlərin yenidən canlandırılması olduqca mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, şəhər keçmişdə malik olduğu çoxqatlı mədəni məhsuldarlığa layiq şəkildə yaşayan elm, incəsənət və fikir mərkəzinə çevrilməlidir.

Şuşa yalnız keçmişin muzeyi olmamalıdır. O, yeni şeirlərin, bəstələrin, ideyaların və elmi araşdırmaların doğulduğu canlı bir şəhər olmalıdır. Çünki şəhər yalnız keçmişi xatırladığı üçün deyil, yeni xatirələr yarada bildiyi üçün yaşayır.

Türk dünyası bir xatirə deyil, məsuliyyətdir

Bu səfər mənə türk dünyası anlayışı haqqında da yenidən düşünmək imkanı verdi. Türk dünyasından danışmaq yalnız ortaq mənşədən, dildən və ya tarixdə qurulmuş dövlətlərdən bəhs etmək demək deyil. Ortaqlıq məsuliyyət yaradır.

Eyni dil ailəsinə mənsub olmaq bir-birimizi avtomatik olaraq tanıdığımız anlamına gəlmir. Bir-birimizi tanımaq üçün oxumaq, dinləmək, tərcümə etmək, səyahət etmək və birlikdə yaratmaq lazımdır.

Ortaq tarix vurğusu mühümdür. Lakin ortaq gələcək təsəvvürü olmadan bu, natamam qalır. Türk dünyasının gələcəyi yalnız iqtisadi və siyasi əməkdaşlıqlar üzərində qurula bilməz. Dil, mədəniyyət, təhsil, elm, ədəbiyyat və incəsənət sahəsindəki əlaqələr bu quruluşun ruhunu təşkil edəcəkdir.

Poeziya festivalları, yazıçı görüşləri və mədəniyyət paytaxtı layihələri mühüm başlanğıclardır. Lakin bunların davamlı institutlara, ortaq nəşrlərə və uzunmüddətli gənclik proqramlarına çevrilməsi vacibdir. Oşdan Şuşaya gətirilən festival məşəli bu istiqamətdə atılmış konkret addımlardan biridir. Əsas məsələ bu addımın üçüncü, dördüncü və onuncu illərdə də eyni qətiyyətlə davam etdirilməsidir.

Gənc şairlərin bir-birinin ölkələrində qonaq edilməsi, ortaq poeziya antologiyalarının hazırlanması, türk dillərinin ləhcələri arasında tərcümə emalatxanalarının yaradılması və universitetlərdə türk dünyası ədəbiyyatlarının qarşılıqlı şəkildə tədris olunması həyata keçirilə biləcək konkret addımlardır. Çünki qardaşlıq yalnız deyilən bir söz deyil. O, zəhmət və davamlı əmək tələb edən münasibət formasıdır.

Bu dövrdə gənc olmaq, söz sahibi olmaqdırŞuşada gənc şairləri dinləyərkən təkcə türk dünyasının deyil, yaşadığımız dövrün gəncliyi haqqında da düşünməyə bilmədim. Bugünün gənci tarixdə heç vaxt yaşanmamış bir təcrübə ilə böyüyür: hər an hər yerdən axan məlumatlar, saniyələr içində yaranıb yoxa çıxan görüntülər, bir ekrandan digərinə sıçrayan diqqət... Bəlkə də dövrümüzün ən qiymətli və eyni zamanda ən çox təhlükə altında olan sərvəti artıq təkcə neft və ya kapital deyil, diqqətdir. Bir misranı əzbərləmək üçün lazım olan sükut çox vaxt növbəti bildirişin səs-küyü içində itib gedir.

Süni intellektin sürətlə həyatımıza daxil olduğu, maşınların bir neçə saniyə ərzində mətn və misralar yarada bildiyi bir dövrdə gənclərə verilməli olan sual da dəyişmişdir: Şeir hələ də nəyə lazımdır?

Mənim qənaətimcə, bu sualın cavabı heç bir dövrdə bugünkü qədər aydın olmamışdır. Hər şeyin sürətlə istehsal edilib eyni sürətlə istehlak olunduğu bir zamanda insanın dayanıb bir misra üzərində uzun-uzadı düşünməsi, sözü ölçüb-biçməsi, hissi ən doğru ifadə edəcək sözü səbir və diqqətlə axtarması dövrümüzün ən mühüm müqavimət formalarından birinə çevrilmişdir.

Texnika sözləri bir araya gətirə bilər. Lakin sözün arxasındakı yaşanmış həyatı, ödənilən bədəli, həsrəti, vicdanı və çəkilmiş ağrını yalnız insan daşıyır. Məhz buna görə də şeir bu dövrdə əvvəlkindən daha az deyil, daha çox zəruridir.

Gənclərin vəzifəsi təkcə keçmişin keşiyində durmaq və ya yalnız gələcəyin memarı olmaq deyil. Onlar keçmişlə gələcək arasında körpü salmalıdırlar. Vaqifin, Natəvanın, Şəhriyarın və Aşıq Ələsgərin qoyub getdiyi mənəvi əmanəti öz dövrlərinin dili, öz zamanlarının imkanları ilə, lakin eyni sədaqət və məsuliyyət hissi ilə yaşatmalıdırlar.

Bu gün gəncin əlində təkcə qələm yoxdur; ekran, rəqəmsal arxiv, sosial media və süni intellekt də var. Əsas məsələ bu vasitələri rədd etmək deyil, onları sözün və poeziyanın xidmətinə yönəldə bilməkdir.

Necə ki, Aşıq Ələsgərin sazı bir yaddaş daşıyıcısına çevrilmişdi, sabahın gənc şairi də səs yazısı, rəqəmsal arxiv və ya qısa video vasitəsilə həmin yaddaşı yaşada bilər. Vasitə dəyişə bilər, lakin əmanətin mahiyyəti dəyişməməlidir.

Şuşada gördüyüm gənclərin baxışlarında bu şüurun cücərdiyini hiss etdim. Onlar anlayırdılar ki, bu dövrdə gənc olmaq sürətin və diqqətsizliyin axınına qapılmaq deyil. Həmin axının içində dayanmağı, dərinləşməyi və söz söyləməyi bacarmaqdır.

Gələcək nəsillərə buraxılacaq ən böyük miras bəlkə də məhz budur:

Sürətin içində ləngiməyi bacarmaq.Səs-küyün içində dinləyə bilmək. Unutqanlığın hökm sürdüyü bir dövrdə xatırlaya bilmək.

Dönüş yolunda

İyulun 19-da Bakıdan Ankaraya qayıtmağa hazırlaşarkən bir neçə gün əvvəl başlayan bu səfərin artıq eyni insan tərəfindən başa çatdırılmadığını hiss edirdim.

Səyahət insana yalnız yeni məkanlar göstərmir. O, insanın bildiyini düşündüyü anlayışların mənasını yenidən doldurur.

Şuşada "vətən" sözü mənim üçün başqa bir ağırlıq qazandı. Ağdamda şəhərin yalnız binalardan ibarət olmadığını gördüm. Qazaxda şifahi mədəniyyətin və aşıq sənətinin nə qədər canlı olduğunu hiss etdim. Vaqifin məzarı önündə isə şeirin hakimiyyətdən daha uzunömürlü olduğunu düşündüm.

Gənc şairləri dinləyərkən gördüm ki, türk dünyasının gələcəyi yalnız siyasətçilərin qərarlarında deyil, qələm tutan gənclərin xəyallarında da formalaşır. Xarıbülbülə baxarkən isə zərifliklə müqavimətin bir-birindən ayrı olmadığını anladım.

Dönüş yolunda insanın yaddaşında bəzi mənzərələr qalır: Şuşa qalasının gecə işıqları, küləkdə dalğalanan Azərbaycan bayrağı, Vaqifin məqbərəsi, Natəvanın evinin önü, Ağdamda yüksələn şeir səsləri, Qazaxdakı aşıqların sazı və Vaqifin hüzurunda medallarını alan gənc şairlərin qürurlu baxışları...

Lakin görüntülərdən daha qalıcı olan səfərin insana bəxş etdiyi düşüncələrdir. Bu səfər mənə bir daha göstərdi ki, millətlərin həqiqi sərhədləri xəritələrdə deyil, yaddaşlarında başlayır. Yaddaşını qoruyan millət məkanını itirsə belə, geri dönüş yolunu tapa bilər. Dilini və sözünü itirən millət isə öz torpağında yaşasa belə, evinə yadlaşır.

Sözün hekayəsi davam edir

Molla Pənah Vaqifin doğulduğu Qazaxdan onun şair və dövlət xadimi kimi yetişdiyi Şuşaya, oradan isə dağıntılar içindən yenidən səsini ucaldan Ağdama uzanan bu səfər əslində sözün yolçuluğu idi. Bir mənada isə ötən il Qırğızıstanın Oş şəhərində alışdırılan məşəlin Qarabağa gətirilməsinin hekayəsi idi.

Bu söz bəzən aşığın sazında, bəzən gənc şairin həyəcanında, bəzən məqbərənin sükutunda, bəzən də müharibə görmüş qalanın daşlarında qarşımıza çıxdı.

Vaqifin şeiri xalqın dilinə qarışdığı üçün əsrləri aşdı. Natəvanın sözü ağrını gözəlliyə və məsuliyyətə çevirdiyi üçün yaşadı. Şəhriyarın "Heydərbabaya Salam"ı şəxsi həsrəti bütün insanlığın ortaq hissinə çevirdiyi üçün sərhədləri keçdi. Aşıq Ələsgərin sazı dağların və yaylaqların səsini insan qəlbinə daşıdığı üçün unudulmadı. Səməd Vurğunun vətən poeziyası isə bir xalqın özünü tanıdığı aynalardan birinə çevrildi.

Bu gün növbə gənc şairlərindir. Onların vəzifəsi keçmişi təkrarlamaq deyil, keçmişin ruhunu anlayaraq yeni zamanın sözünü yaratmaqdır. Ənənə külü qorumaq deyil, odu gələcəyə daşımaqdır.

Türk dünyası ədəbiyyatının gələcəyi də bu odu daşıyacaq gənc qələmlərin cəsarətindən, biliyindən, dil şüurundan və səmimiyyətindən asılıdır. Şuşadan ayrılarkən beynimdə belə bir fikir vardı: Bir şəhər yalnız geri qaytarıldığı zaman xilas olmuş sayılmaz. O, şeiri yenidən səslənəndə, musiqisi yenidən ucalanda, uşaqları küçələrində yenidən güldükdə və insanları keçmişin ağrılarını gələcəyin ədalətinə çevirə bildikdə həqiqətən dirçəlir.

Bu gün Şuşa təkcə daşlarını deyil, sözünü də yenidən qurur. Ağdam yalnız binalarını deyil, öz səsini də yenidən tapır. Qazax Vaqifin doğulduğu torpaq kimi sözün qaynağını xatırladır. Bakı isə Xəzərin sahilində bütün bu yaddaşı gələcəyə daşıyır.

Ankaraya qayıdarkən artıq bilirdim ki, bu yolçuluq başa çatmamışdı. Çünki sözün hekayəsi onu eşidən hər bir insanın daxilində yenidən başlayır. Bəlkə də üçüncü dayanacaq kimi türk dünyasının başqa bir şəhərində bu məşəl yenidən alovlanacaq. Lakin harada yanmasından asılı olmayaraq, onun alovunun qaynağı eyni mədəniyyət ocağı olacaq.

Biz Şuşadan ayrıldıq, amma Şuşa içimizdə qaldı.

Qalanın daşlarında tarix, xarıbülbülün ləçəklərində zəriflik, gənc şairlərin səsində gələcək, Vaqifin məzarı başında isə zamanın fövqünə yüksələn bir həqiqət vardı:

Saraylar dağılar.Sərhədlər dəyişər.Zaman hökmdarları unudar. Lakin xalqın dilinə qarışmış həqiqi söz əsrlərin içindən keçərək yaşamağa davam edər. İnsan bəzən bir səfərdən gördüyü şəhərlərlə deyil, qəlbində yaşamağa davam edən bir misra ilə qayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2026)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.